Enerji ixracında yeni səhifə: Azərbaycan “yaşıl enerji” bazarına çıxır
Azərbaycanın enerji sektorunda neft və qazla yanaşı, elektrik enerjisi və bərpaolunan enerji istiqamətləri də inkişaf etdirilir. Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının VIII Qurultayında çıxışı zamanı bildirib ki, Azərbaycan dünya miqyasında bütün növ enerji resurslarını istehsal, hasil və ixrac edən nadir ölkələrdəndir. Dövlət başçısı xam neft, neft məhsulları, təbii qaz, elektrik enerjisi, neft-kimya məhsulları və gübrələri bu sırada qeyd edib. Hazırda Azərbaycanın enerji ixracının əsas istiqamətlərindən biri təbii qazdır. Prezidentin daha əvvəl açıqladığı məlumata görə, Azərbaycan 16 ölkəyə boru kəməri ilə qaz ixrac edir və onların 10-u Avropa İttifaqının üzvüdür. 2026-cı ilin yanvar-avqust aylarında ölkədə 33,4 milyard kubmetr təbii qaz hasil edilib, həmin dövrdə qaz ixracının həcmi isə 16,38 milyard kubmetr təşkil edib. Bununla yanaşı, ölkədə bərpaolunan enerji layihələrinin genişləndirilməsi enerji ixracının gələcək istiqamətləri sırasında yer alır.
Mövzu ilə bağlı Crossmedia.az-a açıqlama verən Milli Məclisin deputatı Vüqar Bayramov bildirib ki, Azərbaycanın enerji sektorunda ənənəvi resurslarla yanaşı, yaşıl enerji istiqamətində də yeni imkanlar formalaşır.
Deputat qeyd edib ki, Azərbaycan Prezidentinin Yeni Azərbaycan Partiyasının qurultayında qeyd etdiyi mühüm məqamlardan biri enerji, bütün enerji resurslarının istehsalı və ixracatı ilə bağlıdır: "Azərbaycan həm ənənəvi enerji resurslarını istehsal və ixrac edir, həm də artıq “yaşıl enerji”nin istehsalını həyata keçirir. Beləliklə də, artıq qonşu ölkələrə də elektrik enerjisi ixracını reallaşdırır. Hazırda Azərbaycan 16 ölkəyə təbii qaz nəql edir. Onlardan 10-u məhz Avropa İttifaqının üzvü olan ölkələrdir. Eyni zamanda, Qərbi Avropa ölkələri də məhz Azərbaycan qazını artıq idxal edirlər. Bu da ondan xəbər verir ki, Azərbaycan yalnız Mərkəzi və Şərqi Avropanın, yaxud Cənubi Avropanın deyil, həm də bütövlükdə Qərbi Avropanın da enerji təhlükəsizliyinə xüsusi töhfə verir".
Deputat qeyd edib ki, 2026-cı ilin ilk səkkiz ayında Azərbaycanda 33,4 milyard kubmetr təbii qaz hasil olunub: "Nəzərə alsaq ki, bu həm də özünü ixracatda göstərir və Azərbaycanın təbii qaz ixracatında da artımlar müşahidə olunmaqdadır, bu müddətdə 25 milyard kubmetrdən çox təbii qaz dünya bazarına çıxarılıb. Eyni zamanda nəzərə almaq lazımdır ki, həmin müddətdə elektrik enerjisi istehsalı da artmaqdadır. Enerji istehsalının artması həm də ixrac imkanlarının genişləndirilməsinə gətirib çıxarıb. Ona görə də Azərbaycan artıq növbəti mərhələdə praktiki olaraq dünya bazarına innovativ məhsullarla — “yaşıl enerji” ilə çıxacaq. Avropa İttifaqı ilə imzalanmış anlaşma da imkan verəcək ki, Azərbaycan region və dünya bazarına öz “yaşıl enerji” məhsullarını çıxara bilsin".
Zeynəb Həsən
16:30 02.10.2026
Oxunuş sayı: 47