Kaliforniyada “New York Times”ın 40 yaşlı rəhbəri öldürülüb
ABŞ-nin Kaliforniya ştatında “New York Times” qəzetinin oyun xidmətlərinin mühəndislik istiqamətinə rəhbərlik edən 40 yaşlı Conatan MakKinsi güllələnərək öldürülüb.
Crossmedia.az xəbər verir ki, “Fox News” bu barədə məlumat yayıb.
Məlumata görə, hadisə idman kompleksinin avtomobil dayanacağında baş verib. MakKinsinin qətli ilə bağlı onun keçmiş həyat yoldaşının 77 yaşlı valideynləri saxlanılıb.
Şübhəlilər hazırda polis nəzarətindədir və onlara qarşı ittihamların irəli sürülməsi gözlənilir.
MakKinsi və həyat yoldaşı Kendiss Cang boşanma prosesində olub. Cütlük övladlarının qəyyumluğu ilə bağlı da mübahisə edib.
Bundan əvvəl məhkəmə məişət zorakılığı ilə bağlı iş çərçivəsində MakKinsiyə qarşı müvəqqəti qoruyucu qərar çıxarıb.
Hazırda qətlin motivi müəyyən edilməyib. Hadisə ilə bağlı araşdırma davam edir.
17:19 29.09.2026
Oxunuş sayı: 38