Yaşıl enerji Azərbaycanın enerji sektorunda yeni mərhələ yaradır
Azərbaycanda enerji sektorunun şaxələndirilməsi və bərpa olunan mənbələrin payının artırılması istiqamətində yeni layihələr həyata keçirilir. Günəş və külək elektrik stansiyalarının istifadəyə verilməsi ilə ölkənin enerji istehsalında yaşıl mənbələrin çəkisi tədricən artır. Son illərdə xüsusilə Qarabağ və Şərqi Zəngəzurda günəş, külək və hidroenerji potensialından istifadəyə yönələn layihələr diqqət çəkir.
Enerji keçidinin əsas istiqamətlərindən biri isə bərpa olunan enerjinin ümumi elektrik enerjisi istehsalında payının artırılmasıdır. Bu məqsədlə yeni generasiya güclərinin yaradılması ilə yanaşı, enerji saxlanc sistemlərinin və yaşıl enerji dəhlizlərinin inkişafı da gündəmdədir. Proses Azərbaycanın ənənəvi enerji istehsalından daha çoxşaxəli və aşağıkarbonlu enerji sisteminə keçidi baxımından mühüm mərhələ hesab olunur.
Crossmedia.az-a açıqlamasında iqtisadçı Akif Nəsirli Azərbaycanda yaşıl enerjiyə keçidin sürətləndiyini və bunun enerji sektorunda yeni iqtisadi imkanlar yarada biləcəyini bildirib:
“Azərbaycanda yaşıl enerjiyə keçid son illərdə əvvəlki dövrlə müqayisədə nəzərəçarpacaq dərəcədə sürətlənib. Xüsusilə günəş və külək elektrik stansiyalarının tikintisi, yeni layihələrin həyata keçirilməsi və xarici investorların bu sahəyə marağının artması enerji sektorunda yeni mərhələnin formalaşdığını göstərir. Lakin bərpa olunan enerjinin ümumi enerji balansında payı hələ ölkənin potensialı ilə müqayisədə kifayət qədər yüksək deyil. Buna görə hazırkı mərhələni daha çox keçid və sürətli genişlənmə mərhələsi kimi qiymətləndirmək olar”, - deyə iqtisadçı qeyd edib.

Onun sözlərinə görə, yaşıl enerjinin inkişafı enerji istehsalının şaxələndirilməsi və təbii qazdan daxili elektrik istehsalında asılılığın müəyyən qədər azalmasına imkan yarada bilər: “Günəş və külək stansiyalarının gücü artdıqca elektrik enerjisinin istehsalında qazın payı azala bilər. Bu isə həm qazın ixrac üçün daha çox həcminin ayrılmasına, həm də uzunmüddətli perspektivdə enerji istehsalının maya dəyərinin optimallaşdırılmasına imkan yarada bilər”.
İqtisadçı Azərbaycanın gələcəkdə yaşıl enerji ixracatçısına çevrilmək imkanlarının da olduğunu bildirib: “Xüsusilə Xəzər dənizinin külək potensialından istifadə etməklə böyük həcmdə elektrik enerjisi istehsal etmək və gələcəkdə bu enerjini Avropa bazarlarına ötürmək Azərbaycanın enerji gəlirlərinin mənbələrini genişləndirə bilər. Bu baxımdan yaşıl enerji yalnız ekoloji layihə deyil, həm də yeni ixrac istiqaməti və investisiya sahəsidir”.
Akif Nəsirli qeyd edib ki, keçidin səmərəli olması üçün enerji infrastrukturu da paralel şəkildə inkişaf etdirilməlidir: “Enerji şəbəkəsinin modernləşdirilməsi, elektrik enerjisinin saxlanması imkanlarının yaradılması, ötürücü xətlərin genişləndirilməsi və istehsalın qeyri-sabitliyinin idarə edilməsi də vacibdir. Günəş və külək enerjisinin payı artdıqca sistemin çevikliyi və enerji saxlama imkanlarına tələbat da yüksələcək”.
İqtisadçının fikrincə, yaşıl enerjinin inkişafı gələcəkdə daha şaxələndirilmiş enerji sistemi yaratmaq, təbii qazdan daxili istehlakda asılılığı azaltmaq, yeni investisiyalar cəlb etmək və enerji ixracının strukturunu genişləndirmək baxımından imkanlar yarada bilər. O bildirib ki, Azərbaycanın günəş və külək potensialının real iqtisadi üstünlüyə çevrilməsi üçün enerji infrastrukturu və şəbəkənin paralel inkişafı mühüm əhəmiyyət daşıyır.
Nigar Xəlilli
19:15 21.09.2026
Oxunuş sayı: 48