Məktəblər yeni təhsil modelinə keçir
Təmayül tədris modelinin tətbiq olunduğu məktəblərin əhatə dairəsi genişləndirilir. Artıq daha 90 məktəbin layihəyə qoşulması qərara alınıb. Bu qərar modelin tətbiq olunduğu məktəblərdə müşahidə edilən nəticələr və müsbət göstəricilər əsasında qəbul edilib. Yeni mərhələdə təmayül təhsilinə cəlb olunan məktəblərin sayının artırılması şagirdlərin maraq və bacarıqlarına uyğun istiqamətlər üzrə daha məqsədyönlü təhsil almasına imkan yaradacaq. Layihəyə qoşulmaq üçün isə 16 minə yaxın valideyn müraciəti qeydə alınıb.
Crossmedia.az-a açıqlamasında “Ingla School”un direktoru, təhsil üzrə mütəxəssis Əzizə Fətullayeva təmayül tədris modelinin əhatə dairəsinin genişləndirilməsinin şagirdlərin fərdi maraq və bacarıqlarının daha erkən mərhələdə nəzərə alınmasına imkan yaratdığını bildirib:
“Təmayül tədris modeli şagirdin güclü olduğu və gələcəkdə inkişaf etmək istədiyi istiqamət üzrə daha dərin bilik əldə etməsinə şərait yaradır. Bu zaman həm dərsə motivasiya, həm də akademik nəticələr yüksələ bilər”, - deyə o qeyd edib.
Onun sözlərinə görə, model gələcək ixtisas seçiminin daha şüurlu aparılmasına da kömək edə bilər: “Təmayül istiqamətlərinin düzgün qurulması şagirdə məktəb illərindən öz potensialını görmək, seçdiyi sahəni daha yaxından tanımaq və gələcək təhsil planını məqsədyönlü şəkildə qurmaq imkanı verir”.
Təhsil üzrə mütəxəssis vurğulayıb ki, modelin uğuru yalnız daha çox məktəbdə tətbiq olunması ilə ölçülməməlidir: “Burada müəllimlərin peşəkarlığı, düzgün istiqamətləndirmə, şagirdlərin maraq və bacarıqlarının obyektiv qiymətləndirilməsi və keyfiyyətli tədris proqramı əsas rol oynayır. Təmayül seçimi şagirdin imkanlarını məhdudlaşdıran deyil, əksinə onun potensialını üzə çıxaran bir mexanizm kimi tətbiq edilməlidir”.
Nigar Xəlilli
16:15 21.09.2026
Oxunuş sayı: 48