Xankəndi, Xocalı, Xocavənd və Ağdərə: Qələbədən quruculuğa
20 sentyabr həm Azərbaycanın dövlət suverenliyinin tam bərpa edilməsi, həm də Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərlərinin günlərinin qeyd olunması baxımından xüsusi tarixdir. 2023-cü il sentyabrın 19-da başlayan və 23 saat davam edən lokal xarakterli antiterror tədbirləri sentyabrın 20-də başa çatıb və rəsmi məlumata görə, bununla Azərbaycanın bütün ərazisində dövlət suverenliyi bərpa olunub. Bu tarix 2024-cü il Prezident Sərəncamı ilə Dövlət Suverenliyi Günü elan edilib. Eyni zamanda, sentyabrın 20-si Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü kimi təsis olunub. Bu baxımdan 20 sentyabr yalnız tarixi hadisənin ildönümü deyil, həmin ərazilərdə bərpa-quruculuq, məskunlaşma və həyatın yenidən canlandırılması prosesinin də simvolik tarixlərindən biridir.
Milli Məclisin deputatı Rövşən Muradov qeyd edib ki, Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri gününün sentyabrın 20-də qeyd olunması Azərbaycanın qazandığı Qələbənin insan talelərində davam edən quruculuq mərhələsini əks etdirir. Onun sözlərinə görə, uzun illər davam edən işğal həmin ərazilərin demoqrafik quruluşuna, iqtisadi həyatına və mədəni mühitinə ciddi təsir göstərib:
“Azərbaycan Ordusunun rəşadəti ilə torpaqların azad edilməsi, 2023-cü ilin sentyabrında dövlət suverenliyinin tam təmin olunması həmin şəhərlərə qayıdış üçün təhlükəsiz siyasi və hüquqi zəmin yaratdı. Prezident İlham Əliyevin müəyyənləşdirdiyi Böyük Qayıdış strategiyası isə azad edilmiş torpaqları yaşayan, istehsal edən və inkişaf edən vahid iqtisadi məkana çevirir”, - deyə deputat bildirib.
Rövşən Muradov 2026-cı ilin göstəricilərinin məskunlaşma prosesinin miqyasını əks etdirdiyini vurğulayıb: “Xankəndi şəhəri və Kərkicahan qəsəbəsində 119 ailə olmaqla 506 nəfər, Xocalı rayonu üzrə 1 167 ailə olmaqla 4 841 nəfər, Xocavənd rayonu üzrə 988 ailə olmaqla 4 070 nəfər, Ağdərə rayonu üzrə 917 ailə olmaqla 3 587 nəfər məskunlaşıb. Ümumi göstərici 3 191 ailə və 13 004 sakindir. Bu rəqəmlər statistik artımdan daha böyük məna daşıyır. Onların hər birinin arxasında bərpa olunmuş ev, açılmış məktəb, yaradılmış iş yeri, qurulmuş yol və uzun ayrılıqdan sonra doğma yurda qovuşmuş insan taleyi dayanır”.
Deputat dörd ərazinin hər birinin ümumi inkişaf siyasəti çərçivəsində özünəməxsus iqtisadi və sosial istiqamət qazandığını qeyd edib. Onun sözlərinə görə, Xankəndidə Qarabağ Universiteti, onun klinikası və yeni fakültələri şəhərin təhsil mərkəzinə çevrilməsinə, digər mədəniyyət, istehsal və biznes obyektləri isə iqtisadi fəaliyyətin genişlənməsinə imkan yaradır. Xocalıda Xocalı Soyqırımı Memorialının açılması tarixi yaddaş baxımından əhəmiyyət daşıyır, tekstil və tikinti materialları müəssisələrinin fəaliyyəti isə məşğulluq imkanlarını genişləndirir. Xocavənddə yaşayış məntəqələrinin bərpası yol, turizm, kənd təsərrüfatı və xidmət sahələrinin inkişafına, Ağdərədə isə enerji və sənaye potensialının yenidən iqtisadi dövriyyəyə qaytarılmasına şərait yaradır.
“20 Sentyabrın tarixi mahiyyəti bu həyat mənzərəsində açılır. Şəhidlərimizin qanı ilə azad olunan torpaqlarda ailələrin məskunlaşması, uşaqların təhsil alması və iqtisadi fəaliyyətin canlanması Qələbənin ən ali ictimai məzmunudur. Xankəndi, Xocalı, Xocavənd və Ağdərənin gələcəyi öz evinə qayıdan insanların iradəsi, dövlətin quruculuq qüdrəti və həmin torpaqlarda yetişəcək Azərbaycan nəsilləri ilə müəyyən olunur”, - deyə Rövşən Muradov vurğulayıb.
Nigar Xəlilli
15:00 19.09.2026
Oxunuş sayı: 58