Bir həftədə 412 yanğın - əsas səbəb nədir?
Son bir həftə ərzində Azərbaycanda 412 yanğın hadisəsi baş verib. Yanğınlar nəticəsində 3 nəfərin meyiti aidiyyəti üzrə təhvil verilib. Yanğınların sayının bu qədər çox olması diqqət çəkir. Yanğınların bu qədər çox olmasının səbəbləri maraq doğurur. Yanğın ən çox hansı səbəbdən yaranır?
Bu barədə Crossmedia.az-ın sorğusuna cavab olaraq Fövqəladə Hallar Nazirliyindən bildirilib.
Qeyd olunub ki, cari ilin ötən ayı ərzində respublika ərazisində rəsmi statistik uçota 150 yanğın faktı qeydə alınıb. Sözügedən yanğın hadisələri nəticəsində 2 ölüm, 12 xəsarət faktı qeydə alınıb.
Yanğın hadisələrinin sonradan təhlili zamanı müəyyən olunub ki, ötən ay ərzində qeydə alınan yanğınların 61 faizi elektrik avadanlıqlarının quraşdırılması və istismarı zamanı, 16 faizi nəqliyyat vasitələrinin istismarı zamanı, 10 faizi odla davranış zamanı, yəni ehtiyatsızlıq səbəbindən baş verib. Yanğınların 3 faizi isə məişətdə qaz, kerosin, benzin və sair ilə işləyən qurğuların istismarı zamanı yanğın təhlükəsizliyi qaydalarının pozulması səbəbindən qeydə alınıb.
Təəssüf hissi ilə bildirilib ki, ötən ay ərzində statistika üzrə qeydə alınan yanğınların 11 faizini qəsdən yandırma halları təşkil edib.
Baş vermiş yanğın hadisələri bina, obyekt, qurğu və sahələr üzrə qruplaşdırıldıqda isə ötən ay ərzində yanğınların 59 faizinin çoxmənzilli yaşayış binalarında və fərdi yaşayış evlərində, 15 faizinin nəqliyyat vasitələrində, 9 faizinin sosial-məişət və mədəniyyət təyinatlı binalarda, 6 faizinin ticarət obyektlərində, 3 faizinin isə açıq sahələrdə baş verdiyi müəyyən olunub.
17:30 17.09.2026
Oxunuş sayı: 44