Fermerlərə vergi güzəşti azaldılır: Məhsullar bahalaşa bilər?
Kənd təsərrüfatı Azərbaycanda ərzaq təhlükəsizliyinin təmin olunması, məşğulluğun artırılması və regionların iqtisadi inkişafı baxımından strateji sahələrdən biridir. Bu sektorun inkişafı üçün illərdir fermerlərə müxtəlif güzəştlər və dövlət dəstəyi mexanizmləri tətbiq olunur. Xüsusilə vergi azadolmaları aqrar istehsalçıların maliyyə yükünün azaldılması və onların fəaliyyətinin stimullaşdırılması məqsədi daşıyıb. İndi isə bu sahədə uzun müddətdir qüvvədə olan vergi güzəştlərinə yenidən baxılması təklif olunur.
Vergi Məcəlləsinə təklif edilən dəyişikliyə əsasən, 2027-ci il yanvarın 1-dən kənd təsərrüfatı istehsalçılarının gəlir və mənfəət vergisi üzrə mövcud 100 faizlik azadolması beş il müddətinə 90 faizə endiriləcək. Başqa sözlə, istehsalçıların gəlir və ya mənfəətinin 90 faizi vergidən azad qalacaq, qalan 10 faizi isə müvafiq vergi dərəcələri ilə vergiyə cəlb olunacaq. Beləliklə, aqrar sektorda tam vergi azadolmasından mərhələli vergitutma modelinə keçid nəzərdə tutulur. Bununla yanaşı, digər bir sıra vergi güzəştlərinin də əlavə beş il müddətinə saxlanılması təklif edilir.
Dəyişikliyin iqtisadi tərəfi ilə yanaşı, fermerlərə və ərzaq bazarına mümkün təsirləri də müzakirə mövzusudur. Kənd təsərrüfatı sabit gəlir gətirən sahə deyil. Burada məhsuldarlıq hava şəraitindən, su təminatından, xəstəliklərdən, yanacaq, gübrə, toxum və digər istehsal xərclərindən birbaşa asılıdır. Bəzi illərdə fermer yaxşı gəlir əldə etdiyi halda, növbəti mövsümdə eyni nəticəni əldə edə bilməyə bilər. Belə şəraitdə vergi öhdəliklərinin yaranması kiçik təsərrüfatların maliyyə imkanlarına necə təsir göstərəcək?
Digər tərəfdən, dövlətin bu addımı aqrar sahədə maliyyə uçotunun şəffaflaşdırılması, gəlirlərin bəyan edilməsi və vergitutma sisteminin təkmilləşdirilməsi baxımından əsaslandırıla bilər. Lakin burada əsas məsələ vergi intizamını gücləndirməklə fermerlərin istehsal imkanlarını zəiflətməməkdir. Çünki istehsalçının üzərinə düşən əlavə maliyyə yükü artarsa, bunun məhsulun maya dəyərinə və nəticə etibarilə bazar qiymətlərinə təsiri də gündəmə gələ bilər.
Bəs uzun illər tətbiq olunan tam vergi güzəştinin mərhələli şəkildə azaldılması aqrar sektorun inkişafına necə təsir edəcək?

Məsələ ilə bağlı Crossmedia.az-a açıqlamasında iqtisadçı Akif Nəsirli bildirib ki, kənd təsərrüfatı istehsalçıları üçün gəlir və mənfəət vergisi güzəştinin 100 faizdən 90 faizə endirilməsi dövlətin aqrar sektorda vergi uçotunu və maliyyə şəffaflığını gücləndirmək cəhdi kimi qiymətləndirilə bilər:
“Lakin bu dəyişiklik fermerlərin üzərinə müəyyən əlavə maliyyə yükü qoyacaq. Xüsusilə kiçik və orta təsərrüfatlar üçün bu yük daha çox hiss oluna bilər. Çünki onların gəlirləri böyük müəssisələrlə müqayisədə məhduddur, istehsal xərcləri isə kifayət qədər yüksəkdir. Fermer əldə etdiyi gəlirin bir hissəsini vergi öhdəliyinə yönəltməli olarsa, texnika yeniləmək, toxum, gübrə almaq və istehsalı genişləndirmək üçün daha az vəsaiti qalacaq. Bu isə müəyyən hallarda investisiya fəallığının və istehsal artımının zəifləməsinə səbəb ola bilər.
Digər tərəfdən, güzəştin 10 faiz azaldılması avtomatik olaraq kənd təsərrüfatı məhsullarının qiymətlərinin 10 faiz artacağı demək deyil. Vergi yükünün maya dəyərinə təsiri təsərrüfatın gəlirliliyindən və istehsal strukturundan asılı olacaq. Lakin fermerlərin əlavə xərcləri artarsa, xüsusilə aşağı gəlirliliklə çalışan təsərrüfatlar bunu məhsulun satış qiymətinə daxil etməyə çalışa bilərlər. Belə olan halda istehlak bazarında da müəyyən qiymət təzyiqi yarana bilər.
Dövlətin əsas məqsədi vergi intizamını gücləndirməklə yanaşı, yerli istehsalın inkişafına mane olmamaq olmalıdır. Bunun üçün kiçik fermer təsərrüfatlarına keçid dövrü və diferensial yanaşma tətbiq edilə, güzəştin azaldılmasının təsiri kompensasiya mexanizmləri ilə yumşaldıla bilər. Eyni zamanda, subsidiyaların daha səmərəli verilməsi, güzəştli kreditlərin genişləndirilməsi və vergi uçotunun sadələşdirilməsi vacibdir. Əsas məsələ odur ki, vergi şəffaflığının artırılması fermerlərin istehsal imkanlarının zəifləməsi hesabına baş verməsin”.
Məhəbbət Tərlanoğlu
11:00 11.11.2026
Oxunuş sayı: 27