Almaniya yeni texnoloji asılılıqdan qorxur
Almaniya ABŞ-dən texnoloji asılılığını Fransa ilə əvəzləməkdən ehtiyat edir.
Crossmedia.az xəbər verir ki, “Politico” bu barədə məlumat yayıb.
Məlumata görə, Berlin döyüş meydanında istifadə üçün hazırlanmış Fransanın süni intellekt sistemi “Arcadia”nın Almaniyanın ABŞ texnologiyalarından asılılığını Fransanın texnologiyalarından asılılıqla əvəzləyə biləcəyindən narahatdır.
Almaniyanın daxili sənədlərində “Arcadia” ilə əməkdaşlığın ölkənin suveren məlumat inteqrasiyası platformasının yaradılması istiqamətindəki milli səylərə xələl gətirməməli olduğu qeyd edilir.
Almaniya və Fransa NATO-nun 2025-ci ildə aldığı “Palantir” şirkətinin “Maven” sisteminə alternativ yaratmaq istəyirlər. Lakin tərəflər layihəyə kimin rəhbərlik edəcəyi barədə razılığa gələ bilmirlər.
“Arcadia” tamamilə Fransanın müdafiə texnologiyalarına əsaslanır. Sistem “Mistral AI”, “Safran”, “Thales” və “Airbus” şirkətlərinin texnologiyalarından istifadə edir.
Avropa Komissiyası isə Fransanın layihənin maliyyələşdirilməsi ilə bağlı müraciətlərini rədd edib. Komissiya “Arcadia”nın ümumi Avropa maraqlarına xidmət edən layihə meyarlarına uyğun olmadığını bildirib.
Bu arada Almaniyanın öz məlumat inteqrasiyası platformasını qeyri-rəsmi şəkildə hazırladığı bildirilir.
23:12 08.09.2026
Oxunuş sayı: 56