Böyük Britaniya ilə Aİ arasında təhlükəsizlik danışıqları BAŞLADI
Böyük Britaniya Avropa İttifaqının təhlükəsizlik və böhranların idarə olunması missiyalarına yenidən qoşulmaq üçün danışıqlar aparır.
Crossmedia.az xəbər verir ki, bu barədə Britaniya mediası məlumat yayıb.
Danışıqlar nəticəsində Britaniya rəsmiləri və ekspertlərinin “Brexit”dən sonra ilk dəfə Aİ-nin mülki böhranların idarə olunması əməliyyatlarında iştirak etməsi mümkün ola bilər.
Hazırda Aİ Brüsseldə yerləşən daimi qərargah vasitəsilə ümumi xarici və təhlükəsizlik siyasəti çərçivəsində 13 böhran idarəetmə missiyası həyata keçirir. Bu missiyalar Somali sahil mühafizəçilərinin piratçılıqla mübarizə üzrə təlimindən, Malidə sərhəd polisinin fəaliyyətinə məsləhət verilməsinə və Ukraynada hərbi cinayət iddialarının araşdırılmasında prokurorlara dəstəyə qədər müxtəlif istiqamətləri əhatə edir.
Son illərdə kibertəhlükəsizlik də Aİ missiyalarının əsas istiqamətlərindən birinə çevrilib. Moldova və Ermənistanda ölkələrin haker hücumlarından qorunmasına dəstək göstərən xüsusi əməliyyatlar həyata keçirilir.
Məlumata görə, Böyük Britaniya ilə Aİ arasında rəsmi danışıqlar son həftələrdə başlayıb. Buna Aİ səfirlərinin iyulun sonunda Aİ diplomatik xidməti üçün danışıqlar üzrə təlimatları təsdiqləməsi şərait yaradıb.
Tərəflər hazırda ərzaq standartları, elektrik enerjisi ticarəti və gənclər üçün viza razılaşması ilə bağlı da danışıqlar aparırlar. Bu məsələlərin ilin sonlarına doğru keçirilməsi gözlənilən, lakin təxirə salınmış sammitdə müzakirə olunması planlaşdırılır.
Təklif edilən çərçivə razılaşması Böyük Britaniyanın Aİ-nin təhlükəsizlik missiyalarında gələcək iştirakının ümumi şərtlərini müəyyən edəcək. Bundan sonra Britaniyanın konkret missiyalara qoşulması üçün ayrıca əməliyyat razılaşmalarının imzalanması tələb olunacaq.
17:05 08.09.2026
Oxunuş sayı: 52