Ukrayna kəşfiyyatı ilə əlaqədə şübhəli bilinən şəxs saxlanıldı
Xabarovsk diyarında mobil rabitə stansiyasını yandırmaqda şübhəli bilinən 1989-cu il təvəllüdlü Rusiya vətəndaşı saxlanılıb. Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) onun Ukrayna kəşfiyyatının tapşırığı ilə hərəkət etdiyini iddia edir.
Crossmedia.az xəbər verir ki, “TASS” bu barədə Rusiya FTX-nin İctimaiyyətlə Əlaqələr Mərkəzinə istinadən məlumat yayıb.
Məlumata görə, saxlanılan şəxs internet vasitəsilə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin nümayəndəsi ilə əlaqə yaradıb və ondan aldığı tapşırığı yerinə yetirməyə razılaşıb.
FTX-nin məlumatına əsasən, həmin şəxs hərbi hissələrin, eləcə də dövlət və bələdiyyə əhəmiyyətli obyektlərin rabitə əhatəsinə daxil olduğu mobil operatorun baza stansiyalarından birini yandırıb.
İstintaq nəticəsində şübhəli barəsində diversiya və dövlətə xəyanət maddələri ilə cinayət işi açılıb. FTX onun tapşırığı yerinə yetirdikdən sonra kriptovalyuta ilə mükafat aldığını bildirib.
Məhkəmə şübhəli barəsində həbs qətimkan tədbiri seçərək onu istintaq təcridxanasına göndərib. Rusiya qanunvericiliyinə əsasən, ona 25 ilədək həbs cəzası verilə bilər.
11:56 07.09.2026
Oxunuş sayı: 69