Ben Simmons NBA-yə qayıdır
Üçqat NBA All-Star seçilmiş Ben Simmons “Sacramento Kings”lə birillik müqavilə imzalayıb.
Crossmedia.az xəbər verir ki, ESPN bu barədə məlumat yayıb.
Müqavilənin dəyəri 3,5 milyon dollar təşkil edir. 30 yaşlı avstraliyalı basketbolçu 2025–2026 mövsümünü tamamilə buraxdıqdan sonra NBA-ya qayıdır.
Simmons uzun müddətdir davam edən bel və ayaq problemlərindən sonra reabilitasiya keçib. ESPN-in məlumatına görə, basketbolçu bazar ertəsi Sakramentoya gedərək geniş tibbi müayinədən və meydançada məşqdən keçib. Daha sonra baş məşqçi Doug Christie və “Kings”in digər məşqçilər heyəti ilə görüşüb.
“Sacramento Kings” Simmonsun əsasən yeni seçilmiş Darius Acuff Jr.-ın ehtiyat oyunçusu kimi çıxış etməsini və bir neçə mövqedə komandaya töhfə verməsini gözləyir.
Simmons 2016-cı il NBA draftında “Philadelphia 76ers” tərəfindən ilk sıradan seçilib. Louisiana State University məzunu olan basketbolçu ayaq zədəsi səbəbindən NBA-da ilk mövsümünü buraxıb.
O, 2018-ci ildə NBA-nın İlin ən yaxşı yeni oyunçusu seçilib və 2019–2021-ci illərdə ardıcıl üç dəfə All-Star heyətinə düşüb. Simmons karyerası ərzində bir dəfə All-NBA komandasına, iki dəfə isə NBA All-Defensive First Team heyətinə seçilib.
Basketbolçunun son illərdəki karyerası zədələr və digər sağlamlıq problemləri səbəbindən ciddi şəkildə məhdudlaşıb. O, 2024–2025 mövsümündə “Brooklyn Nets” və “Los Angeles Clippers”də çıxış edib və 51 oyunda orta hesabla 5 xal, 5,6 məhsuldar ötürmə və 4,7 ribaund toplayıb.
Simmons NBA karyerasında keçirdiyi 383 müntəzəm mövsüm oyununda orta hesabla 13,1 xal, 7,4 ribaund, 7,2 məhsuldar ötürmə və 1,5 topalma ilə yadda qalıb.
06:30 07.09.2026
Oxunuş sayı: 26