Britaniya ordusu bəzi təlimləri dayandırır
Böyük Britaniya ordusuna maliyyəyə qənaət etmək məqsədilə “zəruri olmayan” təlimlərin dayandırılması barədə göstəriş verilib.
Crossmedia.az xəbər verir ki, BBC-nin məlumatına görə, konkret əməliyyatlara hazırlıq görən və ya xaricdə yerləşdirilən hərbi bölmələrin təlimləri davam etdiriləcək. Estoniya, Folklend adaları və Kiprdə xidmətə göndərilən hərbçilərin hazırlığı bu məhdudiyyətlərdən təsirlənməyəcək.
Lakin Böyük Britaniyada yerləşən və konkret xarici missiyaya hazırlıq görməyən bölmələrə maliyyə təzyiqləri səbəbindən kollektiv təlimləri azaltmaq tapşırılıb.
Məlumata görə, ləğv edilən təlimlər arasında Kral Tank Alayının Uelsdə canlı atəş təlimləri, həmçinin tanklar və “Apache” helikopterlərinin iştirakı ilə keçirilməsi nəzərdə tutulan ayrıca bir təlim də var.
Bununla yanaşı, ordunun müasirləşdirilməsi üçün vacib hesab olunan pilotsuz uçuş aparatları və PUA-lara qarşı mübarizə ilə bağlı təlimlərin davam etdirilməsi planlaşdırılır.
Britaniya ordusu bildirib ki, Ukraynadakı müharibədən əldə olunan təcrübələr əsasında döyüş hazırlığı, qüvvələrin yerləşdirilmə qabiliyyəti və əməliyyat effektivliyinə birbaşa təsir edən təlimlərə üstünlük veriləcək.
17:32 06.09.2026
Oxunuş sayı: 51