Mingəçevirdə veteranların böyük görüşü baş tutdu
Veteranlar Mingəçevir su anbarının sahilində bir araya gəldilər.
Crossmedia.az xəbər verir ki, Mingəçevirdə veteranların istirahət və idman festivalı keçirilib. Tədbirdə Ağdaş, Yevlax, Bakı, Mingəçevir və Samuxdan gələn veteran təşkilatlarının nümayəndələri iştirak ediblər.
Görüş iştirakçıları əvvəlcə Şəhidlər xiyabanını ziyarət edib, şəhidlərin əziz xatirəsini ehtiramla yad etdikdən sonra Mingəçevir su anbarının sahilinə yollanıblar.
Burada festivalın açılış mərasimi və püşkatmadan sonra nərd, şahmat və domino yarışları keçirilib. Veteranların bir qismi yarışlarda iştirak edib, digərləri dənizdə istirahət edib, voleybol oynayıb. Samovar çayı ətrafında keçirilən səmimi söhbətlər isə tədbirə xüsusi ab-hava qatıb.
Festivalın əsas məqsədi veteranların asudə vaxtının səmərəli təşkili, onların bir-biri ilə ünsiyyətinin və həmrəyliyinin gücləndirilməsi, sağlam həyat tərzinin təbliği və müxtəlif bölgələrdən olan veteranlar arasında dostluq əlaqələrinin inkişaf etdirilməsi olub.
Görüş zamanı müxtəlif rayonlardan gələn veteranlar bir-biri ilə tanış olub, həyat və xidmət yolları barədə söhbətlər aparıb, xatirələrini bölüşüblər. Belə tədbirlərin veteranların ictimai həyata fəal inteqrasiyası baxımından mühüm əhəmiyyət daşıdığı vurğulanıb.
Tədbir iştirakçılarına Türk dünyası təşkilatının rəhbərinin adından göndərilmiş kitablar da təqdim olunub. Kitablardan biri iştirakçı sayı baxımından ən geniş nümayəndə heyətinə malik olan Ağdaş veteran təşkilatına hədiyyə edilib.
Bu addım tədbirin yalnız idman və istirahət xarakteri daşımadığını, eyni zamanda veteranlar arasında mədəni və mənəvi əlaqələrin inkişafına xidmət etdiyini göstərib.
Festival veteranların şəxsi təşəbbüsü və vəsaiti hesabına keçirilib
Qeyd etmək lazımdır ki, bu festivalın keçirilməsində əsas yük veteranların və təşkilatçıların şəxsi təşəbbüsü, təşkilati səyləri və maliyyə imkanları hesabına həyata keçirilib.
Təşkilatçılar hesab edirlər ki, veteranlar, müharibə iştirakçıları, şəhid ailələri və Qarabağ qazilərinin sosial və ictimai həyatının dəstəklənməsi istiqamətində belə layihələrin davamlı xarakter alması olduqca vacibdir.
Bu baxımdan gələcəkdə Mingəçevir və digər şəhər və rayon bələdiyyələrinin, yerli icra hakimiyyəti orqanlarının, aidiyyəti dövlət qurumlarının və digər təşkilatların veteranların yanında olması, bu cür sosial-idman layihələrinə imkanları daxilində dəstək göstərməsi böyük əhəmiyyət daşıyır.
Təşkilatçılar ümid edirlər ki, növbəti illərdə belə festivallar daha geniş miqyasda keçiriləcək, müxtəlif bölgələrdən daha çox veteran tədbirlərə cəlb olunacaq və bu layihələr aidiyyəti Gənclər və İdman qurumlarının tədbirlər planına daxil edilərək mütəmadi və planlı şəkildə təşkil olunacaq.
Tədbirin keçirilməsinə dəstək göstərən dövlət qurumlarına, Gənclər və İdman İdarəsinin rəhbərliyinə və əməkdaşlarına, Nəqliyyat Departamentinin əməkdaşlarına xüsusi təşəkkür bildirilib. Veteranların tədbirə gəlişi üçün pulsuz avtobus nəqliyyatının təşkil olunması iştirakçılar tərəfindən minnətdarlıqla qarşılanıb.
Festivalın təşkilinə göstərdiyi dəstəyə görə Eyyub Həsənova, eləcə də Əfqanıstan veteranları cəmiyyətlərinə, Qarabağ Əlilləri Təşkilatına və tədbirin hazırlanmasında əməyi olan bütün şəxslərə təşəkkür ifadə olunub.
Təşkilatçılar bildiriblər ki, keçirilən tədbir gələcək daha böyük layihələr üçün mühüm başlanğıcdır. Məqsəd veteranları yalnız bir gün üçün deyil, mütəmadi olaraq idman, istirahət, mədəni və sosial tədbirlər ətrafında bir araya gətirməkdir.
“Veteranların Birlik və İstirahət Günü” bir daha göstərdi ki, veteranları bir araya gətirən belə tədbirlər yalnız istirahət və idman deyil, həm də dostluğun, həmrəyliyin, qarşılıqlı hörmətin və veteranlar arasında birlik ruhunun möhkəmləndirilməsi vasitəsidir.
Layihənin ideya müəllifi və təşəbbüskarı Ağa Qalib Şəmsəddin oğlu I Qarabağ müharibəsinin iştirakçısı, Mingəçevir şəhərində ilk könüllü batalyonun yaradıcısı və komandiri, SSRİ İdman Ustası, Siyasi elmlər namizədidir. Təşkilatçılar Mingəçevir Boks Federasiyası Mingəçevir Veteranlar Şurası və Festivalın Təşkilat Komitəsinin fərdi üzvləridir.
08:28 06.09.2026
Oxunuş sayı: 55