Səsi və avazı olmayan insan peşəkar oxuya bilməz – Xalq artistindən ETİRAZ
Müasir Azərbaycan musiqisində mahnı və ifaçıların sayı artsa da, keyfiyyət məsələsi müzakirə mövzusu olaraq qalır. Bəzi mahnılarda sözlərin məzmunu, musiqi və ifa səviyyəsi dinləyicilərdə suallar yaradır. Bu səbəbdən musiqidə əsas məqsəd yalnız populyarlaşmaq deyil, keyfiyyətli və dəyərli əsərlər ortaya qoymaqdır. Bu baxımdan müasir Azərbaycan musiqisinin hansı istiqamətdə inkişaf etməli olduğu və keyfiyyətin yüksəldilməsi üçün hansı addımların vacib olduğu diqqət çəkir.
Mövzu ilə bağlı Xalq artisti Şeyx Əbdül Mahmudov Crossmedia.az-a açıqlamasında bildirib ki, musiqinin keyfiyyətini artırmaq üçün ilk növbədə nəzarət mexanizmləri yaradılmalıdır:
“Bu gün kimin əli iş tutursa, kiminsə ailə vəziyyətində dəyişiklik baş veribsə, musiqi sahəsinə gəlir, özünü aranjimançı və ya dırnaqarası bəstəkar kimi təqdim edən şəxslərlə işləyir. Nəticədə mahnılar müxtəlif texnoloji üsullarla dəyişdirilir və demək olar ki, hər kəs müğənniyə çevrilir. Səsi olan da oxuyur, olmayan da, ritm duyğusu olan da, olmayan da. Artıq hər şey bir-birinə qarışıb. Oxumaq qabiliyyətinin əsas şərti səsdir. Səsi və avazı olmayan insan peşəkar şəkildə oxuya bilməz. Elə buna görə də Azərbaycan musiqisində böyük sənətkarlar çox az sayda olublar və onlar musiqi tariximizdə böyük iz qoyublar. Xan Şuşinski, Seyid Şuşinski, Alim Qasımov, Arif Babayev, Hacıbaba Hüseynov və digər sənətkarların yaradıcılığı buna nümunədir. Bu gün isə səsi olmayanların əksəriyyəti müxtəlif ritmlər və texnoloji effektlər hesabına ifaçı kimi təqdim olunur. Ekvalayzer, exo, sintetizator və digər texniki vasitələrdən istifadə etməklə səs imkanları olmayan insanların da oxuması mümkün hala gətirilib. Bəzi hallarda isə musiqidən daha çox xarici görünüş ön plana çıxarılır. İnsanlar da buna pul ödəyir, həmin şəxsləri toylara dəvət edir və onları məşhurlaşdırırlar”.

Xalq artisti qeyd edib ki, ciddi şəkildə oxumağın üç əsas şərti var: birincisi səs, ikincisi ritm duyğusu, üçüncüsü isə musiqi eşitmə qabiliyyətidir: “Bu gün Azərbaycanda özünü müğənni kimi təqdim edənlərin böyük hissəsində bu keyfiyyətlərin kifayət qədər olmadığını görürük. Bir çoxu natamam və qeyri-peşəkar şəkildə oxuyur. Onların təqdim etdiyi isə əslində oxumaqdan daha çox şou xarakteri daşıyır. Bu cür yanaşmanın Azərbaycan musiqisinin və ifaçılıq mədəniyyətinin inkişafına ciddi töhfə verdiyini düşünmürəm. Ona görə də nəzarət olmalıdır. Efirə çıxarılan və toylarda çıxış edən ifaçıların müəyyən meyarlar əsasında qiymətləndirilməsi vacibdir. Musiqi elə bir mədəniyyət sahəsidir ki, sərhəd tanımır. Musiqi, kino və teatr ən mühüm ideoloji və təbliğat vasitələrindəndir. Buna görə də bu sahələrlə çox ciddi və məsuliyyətli şəkildə davranmaq lazımdır. Bu gün bir çox hallarda musiqidən daha çox xarici görünüş ön plana çəkilir. Qadın ifaçılar xarici görünüşlərini nümayiş etdirməklə, kişi ifaçılar isə fərqli imiclə diqqət çəkməyə çalışırlar. Nəticədə musiqinin özünün keyfiyyəti arxa plana keçir”.
Ə. Mahmudov vurğulayıb ki, dinlədiyi musiqini özü seçir: “Mənə lazım olan əsərləri yazılı mənbələrdən, şəxsi əlaqələrim vasitəsilə əldə edirəm və ya sənətkarların özlərinin təqdim etdiyi disklərə qulaq asıram. Yəni dinləməyə dəyər hesab etdiyim musiqilərə üstünlük verirəm. Azərbaycan xalqına müraciət edirəm: Ay Azərbaycan xalqı, ay millət, sən böyük bir mədəniyyətin yaradıcısısan. Nə üçün xarici görünüşünü ön plana çıxaran və yalnız toy məclislərində məşhurlaşan şəxslərə bu qədər maraq göstərirsən? Nə üçün pulunu verib onları dəvət edir, onların daha da məşhurlaşmasına şərait yaradırsan? Nə üçün keyfiyyətsiz və zərərli hesab etdiyin şeylərə dəstək verirsən? Mən bir müddət əvvəl də demişdim ki, müəyyən sahələrdə qaydalar və cərimələr tətbiq olunur. Lakin Azərbaycan mədəniyyətinə və musiqisinə mənfi təsir göstərən hallarla bağlı eyni ciddiyyəti görmürük. Azərbaycan musiqisini, mədəniyyətini, əxlaqını və milli-mənəvi dəyərlərini gözdən salan hallara qarşı da müəyyən məsuliyyət mexanizmləri olmalıdır. Bu məsələni ciddi şəkildə gündəmə gətirmək lazımdır. Artıq mədəniyyət, ideologiya, təbliğat və kütləvi informasiya ilə bağlı sahələrdə müəyyən nəzarət mexanizmlərinin olması vacibdir. Əks halda, bu sahələrdəki nəzarətsizlik Azərbaycan musiqisinin, ifaçılıq mədəniyyətinin və milli musiqi dəyərlərinin daha da zəifləməsinə səbəb ola bilər”.
Nuray Mehtiyeva
16:55 27.08.2026
Oxunuş sayı: 59