Ovuc içi ilə ödəniş: Rahat texnologiyanın görünməyən təhlükəsi
Nağd pul, bank kartları və mobil ödənişlərdən sonra biometrik texnologiyalar da gündəlik ödəniş sistemlərinə daxil olmağa başlayır. Ovuc ilə ödəniş texnologiyası istifadəçiyə kart və ya telefon olmadan alış-veriş etməyə imkan verir. Lakin bu rahatlığın arxasında şəxsi biometrik məlumatların qorunması ilə bağlı mühüm suallar dayanır.
İKT üzrə ekspert Eyvaz Kərimov Crossmedia.az-a açıqlamasında bildirib ki, ovuc ilə ödəniş texnologiyasının iş prinsipi biometrik tanınmaya əsaslanır:
“Ümumi olaraq biometrik tanınma üzərində qurulur. İstifadəçinin ovucunun müəyyən xüsusiyyətləri, məsələn, damar strukturu və ya ovucun digər unikal biometrik göstəriciləri sistem tərəfindən əvvəlcədən qeydiyyata alınır. Daha sonra ödəniş zamanı terminal həmin biometrik məlumatı oxuyaraq şəxsin sistemdəki məlumatı ilə uyğunlaşdırır və ödənişi həyata keçirir. Yəni burada əsas məsələ sadəcə “ovucu görmək” deyil, hər insanda fərqli olan biometrik xüsusiyyətlərdən istifadə etməklə şəxsi tanımaqdır. Təhlükəsizlik məsələsinə gəldikdə isə, biometrik ödənişlərin həm üstün, həm də müəyyən riskli tərəfləri var. Üstünlüyü odur ki, istifadəçinin kartını və ya telefonunu yanında daşımasına ehtiyac qalmır və biometrik göstəricini başqa bir şəxsə ötürmək adi PIN kod və ya parolu paylaşmaq qədər asan deyil. Amma biometrik məlumat məsələsinə daha ciddi yanaşmaq lazımdır. Çünki parol oğurlandıqda onu dəyişmək mümkündür, biometrik məlumatı isə dəyişmək mümkün deyil. Buna görə də belə sistemlərdə məlumatların harada saxlanılması, necə şifrələnməsi, kimlərin həmin məlumatlara çıxışının olması və biometrik məlumatın özünün, yoxsa yalnız onun şifrələnmiş rəqəmsal nümunəsinin saxlanılması çox vacibdir".
Ekspert qeyd edib ki, bu texnologiyanın Azərbaycanda tətbiqi texnoloji baxımdan maraqlı addımdır. Lakin istifadəçinin rahatlığı ilə yanaşı, şəxsi məlumatların qorunması məsələsi də eyni səviyyədə diqqətdə saxlanılmalıdır. Sistem düzgün qurulubsa, məlumatlar təhlükəsiz saxlanılırsa və istifadəçiyə öz biometrik məlumatlarının necə istifadə olunduğu aydın şəkildə izah edilirsə, ovuc ilə ödəniş gələcəkdə kifayət qədər rahat və təhlükəsiz ödəniş üsullarından birinə çevrilə bilər”.
Zeynəb Həsən
17:10 27.08.2026
Oxunuş sayı: 48