Regionun yeni iqtisadi layihəsi - Azərbaycan-Özbəkistan nəqliyyat dəhlizi
Özbəkistanın Xəzər üzərindən Azərbaycanla ayrıca nəqliyyat dəhlizi yaratmaq təşəbbüsü Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında nəqliyyat-logistika əlaqələrinin genişləndirilməsi baxımından diqqət çəkir. Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycan və Özbəkistan Ali Dövlətlərarası Şuranın 3-cü iclasında vahid operatora malik Özbəkistan-Azərbaycan nəqliyyat dəhlizinin yaradılmasında maraqlı olduqlarını bildirib. Belə bir mexanizmin yaradılması yükdaşımaların koordinasiyasını gücləndirməklə yanaşı, Xəzər üzərindən tranzit imkanlarının artırılmasına və iki ölkə arasında ticarət dövriyyəsinin genişlənməsinə xidmət edə bilər.
İqtisadçı Xalid Kərimli Crossmedia.az-a açıqlamasında layihənin Orta dəhliz üçün əhəmiyyətindən və xüsusilə Özbəkistanın bu marşrutdan əldə edə biləcəyi üstünlüklərdən danışıb: “Zəngəzur dəhlizi təkcə Azərbaycan üçün deyil, həm də Mərkəzi Asiya üçün xüsusi vacib layihələrdən biridir və strateji əhəmiyyət daşıyır. Bu, təkcə Azərbaycanın Naxçıvanla birbaşa əlaqə kanalının formalaşması deyil, həm də Orta dəhlizin Qərb-Şərq ticarət əlaqələri üçün mühüm tamamlayıcı elementidir. Bu baxımdan, layihənin Mərkəzi Asiya ölkələri, o cümlədən Özbəkistan və Qazaxıstan üçün xüsusi əhəmiyyəti var. Okeana çıxışı olmayan Özbəkistan üçün alternativ nəqliyyat marşrutlarının yaradılması iqtisadi təhlükəsizlik baxımından mühüm amildir. Özbəkistan son illər Orta dəhlizdən daha aktiv istifadə etməyə başlayıb. Ölkənin dünya bazarlarına çıxışı üçün alternativ istiqamətlərin olması olduqca vacibdir. Azərbaycanın da marağındadır ki, Mərkəzi Asiyadan gələn yüklərin Azərbaycan üzərindən dünya bazarına ötürülməsi həyata keçirilsin. Bu, ölkəmiz üçün iqtisadi gəlirlər, yeni iş yerləri və strateji əhəmiyyətin daha da artması deməkdir”.

X.Kərimli hesab edir ki, Zəngəzur dəhlizinin fəaliyyətə başlaması həm Azərbaycanın tranzit imkanlarını genişləndirə, həm də Mərkəzi Asiya ölkələrinin Avropa bazarlarına çıxışını asanlaşdıra bilər: “Zəngəzur dəhlizi bu baxımdan xüsusi əhəmiyyətli həlqədir. Dəhlizin fəaliyyətə düşməsi ilə Azərbaycandan keçən yüklərin ən azı 20 milyon ton artması gözlənilir. Təkcə Bakı-Tbilisi-Qars marşrutu Azərbaycanın tranzit ölkə kimi strateji əhəmiyyətini daha da artırmağa kifayət etmir. Zəngəzur dəhlizi vasitəsilə Türkiyə üzərindən Avropaya çıxışın ikinci kanalının formalaşması mühüm əhəmiyyət daşıyır. Bu, həm Azərbaycanın tranzit rolunu gücləndirəcək, həm Mərkəzi Asiya ölkələrinin dünya və Avropa bazarlarına daha əlverişli şərtlərlə çıxışına imkan yaradacaq, həm də logistika xərclərinin azalması hesabına Orta dəhlizə marağı artıracaq”.
Nigar Xəlilli
18:00 27.08.2026
Oxunuş sayı: 65