Süni intellektlə bağlı narahatlıq artır - təhlükə ilə üz-üzəyik
Süni intellektin sürətli inkişafı onun imkanları ilə yanaşı, yaratdığı risklərlə bağlı müzakirələri də kəskinləşdirib. Microsoft-un həmtəsisçisi Bill Geyts yeni açıqlamasında texnologiya şirkətlərinin süni intellektin potensial təhlükələrini ictimaiyyət qarşısında kifayət qədər ciddi qiymətləndirmədiyini bildirib. O, AI-nin artıq insan idrakını əvəz edə və bəzi sahələrdə onu üstələyə biləcək səviyyəyə çatdığını vurğulayır. Geyts xüsusilə iş yerlərinin itirilməsi, kibertəhlükəsizlik, bioloji təhdidlər və insan nəzarətinin zəifləməsi risklərinə diqqət çəkir.
Fəlsəfə üzrə fəlsəfə doktoru Məhəmməd Cəbrayılov Crossmedia.az-a açıqlamasında post-insan dövrünün yaratdığı əsas çağırışlardan və süni intellektin insan həyatına mümkün təsirlərindən danışıb: “Post-insan dövrü bəşəriyyəti üç dərin həyəcanla üz-üzə qoyur. Birincisi, idrak həyəcanıdır. İnsan ilk dəfə öz düşüncəsinin yanında onunla rəqabət aparan, onu tamamlayan və bir çox məsələlərdə geridə qoyan süni intellekt modellərinin meydana çıxmasının şahidi olur. İkinci məsələ insanın bioloji varlığı, bədəni və orqanları ilə bağlıdır. Biotexnologiya, gen məlumatları və neyrotexnologiya insanın bioloji imkanlarını oxuyan, saxlayan və emal edən yeni texnologiyalar yaradır. Üçüncü məsələ isə siyasi həyəcanla bağlıdır. Dövlətlər və qlobal rəqəmsal korporasiyalar insan davranışını daha dərindən öyrənmək, proqnozlaşdırmaq və yönləndirmək imkanları əldə edirlər”.
M.Cəbrayılovun sözlərinə görə, bu proseslər insanın öz ağlı, bədəni və azadlığı haqqında ənənəvi təsəvvürlərini dəyişir:
“Post-insan dövrü insanın yox olması və ya mövcudluğunun sıradan çıxması demək deyil. Əsas məsələ ənənəvi sosial, iqtisadi və siyasi münasibətlərin yeni formaya keçməsidir. Süni intellekt bəşəriyyətə böyük imkanlar qazandırmaqla yanaşı, bizi ciddi təhlükələrlə də üz-üzə qoyur. Ən böyük risklərdən biri insanın düşünmək, qərar vermək və hətta mənəvi münasibətlər qurmaq imkanlarını tədricən süni intellektə həvalə etməsidir. Bu proses insanın öz düşüncəsi və məsuliyyəti baxımından böhran yarada bilər”.

M.Cəbrayılov hesab edir ki, süni intellektlə bağlı təhlükələr əvvəlki texnoloji dəyişikliklərdən fərqli xüsusiyyət daşıyır: “Bütün sənaye və texnoloji inqilablar zamanı insanlar gələcəklə bağlı narahatlıq keçiriblər. Lakin biz ilk dəfə bizim yerimizə düşünən, qərarlar verən, işləyən və müəyyən funksiyalarımızı üzərimizdən alan texnologiya ilə qarşılaşırıq. Bu, bəşəriyyətin min illər ərzində formalaşdırdığı münasibətlərin başqa formaya keçməsi deməkdir. Ona görə də Bill Qeytsin süni intellekt təhlükələrinin texnologiya şirkətləri tərəfindən kiçildildiyi fikrini qəbul etmirəm. Əksinə, düşünürəm ki, bu problemlər daha da dərinləşir. Qlobal şirkətlərin bu prosesləri mərhələli şəkildə idarə etməsi cəmiyyətlərin yaranan böhranlara tədricən uyğunlaşmasına səbəb ola bilər. Lakin proseslərin getdikcə dərinləşdiyini və süni intellektlə bağlı təhlükələrin artdığını görürük”.
Nigar Xəlilli
17:00 27.08.2026
Oxunuş sayı: 56