Özbəkistan yükləri Azərbaycana yönəlir – Orta Dəhliz GÜCLƏNİR
Azərbaycan və Özbəkistan arasında son illərdə iqtisadi, ticarət və nəqliyyat sahələrində əməkdaşlıq getdikcə genişlənir. Xüsusilə nəqliyyat dəhlizlərinin inkişafı və yükdaşımaların şaxələndirilməsi baxımından iki ölkə arasında tərəfdaşlıq mühüm əhəmiyyət daşıyır. Bu əməkdaşlıq Avropanı Asiya ilə birləşdirən Orta Dəhlizin imkanlarının genişləndirilməsi baxımından da diqqət çəkir. Özbəkistanın Mərkəzi Asiyada mühüm mövqeyə malik olması, Azərbaycanın isə Xəzər dənizi üzərindən Qafqaz, Türkiyə və Avropa istiqamətinə çıxış imkanları iki ölkəni mühüm tranzit tərəfdaşlara çevirir. Eyni zamanda, bu əməkdaşlığın genişlənməsi yeni yük axınlarının formalaşmasına, logistika infrastrukturundan daha səmərəli istifadəyə və region ölkələri arasında iqtisadi əlaqələrin güclənməsinə şərait yarada bilər. Bəs Azərbaycan-Özbəkistan əməkdaşlığının genişlənməsi Orta Dəhlizin əhəmiyyətini və regionun tranzit imkanlarını necə artırır?
Mövzu ilə bağlı Liberal İqtisadçılar Birliyinin sədri Akif Nəsirli Crossmedia.az-a açıqlamasında bildirib ki, Azərbaycan-Özbəkistan əməkdaşlığının genişlənməsi Orta Dəhlizin yük bazasının böyüməsinə və marşrutun daha səmərəli işləməsinə imkan yaradır:

“Özbəkistan Mərkəzi Asiyanın digər ölkələri ilə əlaqələrin mühüm mərkəzidir, Azərbaycan isə Xəzər üzərindən bu yüklərin Gürcüstan, Türkiyə və Avropa bazarlarına çıxarılmasında əsas halqalardan biridir. Bu baxımdan iki ölkə arasında nəqliyyat əlaqələrinin güclənməsi Orta Dəhlizə əlavə yük axını gətirə bilər. Əsas üstünlük ondan ibarətdir ki, Özbəkistan üçün Avropa istiqamətində alternativ marşrutların sayı artır. Azərbaycanla əməkdaşlıq Xəzər dənizi üzərindən daşımaların genişlənməsinə, Ələt Limanı, dəmir yolları və digər logistika infrastrukturlarından daha intensiv istifadəyə şərait yaradır. Eyni zamanda, Azərbaycan da Mərkəzi Asiyadan gələn əlavə yüklər hesabına tranzit ölkə kimi mövqeyini möhkəmləndirir”.
A.Nəsirli qeyd edib ki, bu əməkdaşlıq yalnız yük həcminin artması demək deyil: “Marşrutların şaxələndirilməsi, daşınma müddətinin qısaldılması, logistika xidmətlərinin inkişafı və gömrük prosedurlarının sadələşdirilməsi Orta Dəhlizin rəqabət qabiliyyətini yüksəldə bilər. Xüsusilə Çin–Mərkəzi Asiya–Xəzər–Azərbaycan–Türkiyə–Avropa xəttində Özbəkistanın daha fəal iştirakı dəhlizin coğrafi əhatəsini genişləndirir. Digər tərəfdən, Azərbaycan və Özbəkistan arasında əməkdaşlığın dərinləşməsi Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında iqtisadi əlaqələrin artmasına da səbəb ola bilər. Bu, təkcə tranzit gəlirlərinin deyil, ticarət, logistika, anbarçılıq və digər xidmət sahələrinin inkişafına imkan yaradır. Nəticədə Orta Dəhliz sadəcə alternativ nəqliyyat marşrutu deyil, Asiya ilə Avropa arasında daha geniş regional iqtisadi bağlantının bir hissəsinə çevrilə bilər”.
Zərnigar Hüseynli
17:50 27.08.2026
Oxunuş sayı: 61