Təyyarə qorxusunu 5 dəqiqəyə azaltmağın yolları açıqlanıb
Yetkin insanların təxminən 25-30 faizi təyyarə ilə uçuşdan əvvəl narahatlıq keçirir.
Crossmedia.az xəbər verir ki, bu barədə “Daily Mail” nəşrinə stüardessalar, psixoloqlar və təcrübəli səyahətçilər təyyarə qorxusunu azaltmaq üçün bir sıra üsullar açıqlayıblar.
Aviasiya statistik baxımdan ən təhlükəsiz nəqliyyat növlərindən biri olsa da, uçuş qorxusu bir çox insan üçün ciddi problem olaraq qalır.
Havanı jele kimi təsəvvür edin
3,3 milyon izləyicisi olan stüardessa Sierra Mitt uçuş zamanı havanı jeleyə bənzədir. O, bunu təcrübə ilə nümayiş etdirib: su ilə dolu stəkana qoyulan oyuncaq təyyarə dərhal dibə çökür, jele içərisində isə səthdə qalır.
Onun sözlərinə görə, yüksək hündürlükdə hava təzyiqi daha güclüdür və təyyarəni hərəkət etdirmək üçün kifayət qədər böyük qüvvə tələb olunur. Buna görə uçuş zamanı özünüzü jele içində uçan kimi təsəvvür etmək narahatlığı azaltmağa kömək edə bilər.
Uçuş zamanı ayaqlarınızı yerdən qaldırın
Səyahət edən Sara və Rayan cütlüyü uçuş zamanı ayaqları yerdən bir qədər qaldırmağın titrəmə hissini azaltdığını bildirir.
Onların sözlərinə görə, bu üsul bədənin hiss etdiyi vibrasiyanı zəiflədir. Sara bu üsulu ilk dəfə sınayanda vibrasiyanı demək olar ki, tamamilə hiss etmədiyini deyib.
Təyyarədə baş verənləri anlayın
˝BBC Science Focus˝-un məlumatına görə, təyyarənin səslərinin və hərəkətlərinin səbəbini bilmək onların yaratdığı qorxunu əhəmiyyətli dərəcədə azalda bilər.
Mütəxəssislər uçuş marşrutu ilə əvvəlcədən tanış olmağı tövsiyə edirlər. Məsələn, təyyarənin qalxdıqdan sonra əyilməsi texniki nasazlıq kimi deyil, marşrut üzrə planlaşdırılmış dönüş kimi qəbul edilə bilər.
Aviasiya psixologiyası üzrə professor Robert Borun sözlərinə görə, təyyarədə baş verən prosesləri texniki baxımdan anlamaq stress səviyyəsini əhəmiyyətli dərəcədə azaldır.
Nəfəsinizi idarə edin
Professor Bor nəfəs məşqlərini özünü sakitləşdirməyin ən effektiv üsullarından biri hesab edir.
Onun tövsiyəsinə görə, yavaş nəfəs almaq və 5-7 saniyə ərzində asta şəkildə nəfəsi vermək lazımdır. Bu, ürək döyüntüsünün azalmasına və insanın özünü daha sakit hiss etməsinə kömək edə bilər.
Bundan başqa, o, bud əzələlərini 5 saniyə ərzində mümkün qədər sıxmağı, daha sonra 5 saniyə boşaltmağı təklif edir.
Diqqəti barmaqlara yönəltmək də narahat düşüncələrdən yayınmağa kömək edə bilər. Bunun üçün orta barmaqla sürətli şəkildə masaya və ya digər səthə toxunmaq məsləhət görülür.
Düzgün oturacaq seçin
Virgin Australia əməkdaşı Sara Qudvin təyyarənin ön hissəsinə yaxın yerləri seçməyi məsləhət görür. Onun sözlərinə görə, həmin hissədə turbulentlik daha az hiss olunur.
Qanadlara yaxın oturacaqlar da daha sabit hesab olunur. Çünki qanadlar təyyarənin tarazlığının qorunmasında mühüm rol oynayır.
Qudvin həmçinin narahat sərnişinlərə ekipajdan kömək istəməkdən çəkinməməyi tövsiyə edir.
Turbulentlik proqnozunu əvvəlcədən yoxlayın
“Travel + Leisure” jurnalisti Steysi Leaska özü də aerofobiyadan əziyyət çəkdiyini və ona ən çox kömək edən üsulun uçuşdan əvvəl turbulentlik proqnozunu yoxlamaq olduğunu bildirib.
O, bunun üçün marşrut üzrə turbulentlik, külək və tufan zonalarını modelləşdirmək üçün meteoroloji və aviasiya məlumatlarından istifadə edən Turbli xidmətindən yararlanır.
Mütəxəssislərin fikrincə, uçuşla bağlı daha çox məlumat əldə etmək beynin qorxuya deyil, rasional düşüncəyə fokuslanmasına kömək edə bilər.
05:29 25.08.2026
Oxunuş sayı: 45