Berlin yaxınlığında gizli silah anbarı aşkarlandı
Almaniyanın hüquq-mühafizə orqanları ötən ilin sonunda Berlin yaxınlığında Rusiya kəşfiyyatının sifarişi ilə yaradıldığı ehtimal edilən silah anbarı aşkarlayıb.
Crossmedia.az xəbər verir ki, “Spiegel” bu barədə məlumat yayıb.
Məlumata görə, silah anbarı Berlinlə Brandenburq torpağının sərhədinə yaxın meşəlik ərazidə aşkarlanıb. “Süddeutsche Zeitung”un məlumatına görə, hüquq-mühafizə orqanları anbarın yeri barədə daxil olan məlumat əsasında gizli saxlanc yerini müəyyənləşdirib.
Torpağın altında gizlədilən anbarda tapançalar aşkar edilib. Almaniya hakimiyyəti bu barədə ictimaiyyətə məlumat verməyib və araşdırmanı ölkənin dövlət təhlükəsizliyi və əks-kəşfiyyat qurumları aparıb.
Silahlar sıradan çıxarılaraq yenidən anbara yerləşdirilib və hüquq-mühafizə orqanları bir neçə ay ərzində həmin ərazini müşahidə altında saxlayıb. Lakin bu müddət ərzində silahları götürmək üçün heç kim gəlməyib.
İş üzrə araşdırmanı Karlsrue şəhərinin Baş Prokurorluğu aparır. İstintaqın “dövlət üçün təhlükə yaradan ciddi zorakılıq aktının hazırlanması” ehtimalı üzərində qurulduğu bildirilir.
“Spiegel”in məlumatına görə, iş üzrə şübhəli şəxs artıq Rumıniyada həbs edilib. Almaniyalı müstəntiqlər silah anbarı ilə Rusiyanın Ukraynaya gedən təchizat yollarına qarşı həyata keçirdiyi təxribat kampaniyası arasında əlaqənin olub-olmadığını araşdırırlar.
15:17 21.08.2026
Oxunuş sayı: 49