CROSSMEDIA - Analitik İnformasiya Portalı

Axtarılan söz: hökumət

11:35 03.10.2026

Almaniyanın büdcə kəsiri kəskin artıb: 98,8 milyard avroya çatıb

54

Almaniyada dövlət büdcəsinin maliyyələşmə kəsiri ilin ilk yarısında ciddi şəkildə artıb. Crossmedia.az xəbər verir ki, Almaniya Federal Statistika İdarəsinin (Destatis) məlumatına görə, yanvar–iyun aylarında ölkənin dövlət büdcəsi kəsiri ötən ilin eyni dövrü ilə müqayisədə 40,3 milyard avro artaraq təxminən 98,8 milyard avroya çatıb. Hesabat dövründə dövlət gəlirləri illik müqayisədə 2% artaraq 1 trilyon 11,8 milyard avro, xərclər isə 6% yüksələrək 1 trilyon 110,6 milyard avro olub. Ən böyük kəsir federal hökumətin payına düşüb. Federal büdcədə kəsir 72,3 milyard avro təşkil edib. Hökumətin xərcləri 9,8% artaraq 325,5 milyard avroya yüksəlib, gəlirlər isə 5% azalaraq 253,1 milyard avroya enib. Xərclərin artmasına yanacaq endirimləri, vergi güzəştləri və faiz ödənişlərinin yüksəlməsi təsir göstərib. Federal torpaqlar və bələdiyyələr səviyyəsində də maliyyə təzyiqləri davam edib. Federal torpaqlar 6,3 milyard avro kəsirlə üzləşib. Bələdiyyələrin və bələdiyyə birliklərinin büdcə kəsiri isə ilin ilk yarısında 20,1 milyard avro olub. Bu göstərici 1990-cı ildə Almaniyanın birləşməsindən bu yana ilk yarımillik üzrə qeydə alınan ən yüksək bələdiyyə büdcə kəsiri kimi tarixə düşüb. Sosial təminat sistemi isə sığorta haqlarından daxilolmaların 4,6% artması və federal hökumətdən alınan 10,2 milyard avroluq kredit hesabına dövrü demək olar ki, balanslaşdırılmış büdcə ilə başa vurub. Dövlət maliyyəsinə ən böyük təzyiq göstərən amillərdən biri də faiz xərclərinin artması olub. Ümumi faiz ödənişləri ötən ilin eyni dövrü ilə müqayisədə 21,2% artaraq 31,2 milyard avroya yüksəlib. Yüksək inflyasiya və şirkət istiqrazlarının daha yüksək gəlirlilik təklif etməsi fonunda investorların Almaniya dövlət istiqrazları üçün daha yüksək faiz tələb etməsi borclanma xərclərini artırıb. Almaniyanın pandemiyadan əvvəl ardıcıl səkkiz il büdcə profisiti verdiyi halda, hazırda iqtisadi durğunluğun aradan qaldırılması, investisiya və müdafiə xərclərinin artması səbəbindən büdcə kəsirinin yüksək səviyyədə qalacağı gözlənilir.

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR