İran ABŞ-ə qarşı zərbələrin coğrafiyasını genişləndirə bilər
İran ABŞ ilə münaqişənin daha da kəskinləşəcəyi təqdirdə Avropadakı Amerika hərbi obyektlərinə zərbələr endirmək imkanını nəzərdən keçirir.
Crossmedia.az xəbər verir ki, “Financial Times” bu barədə mənbələrə istinadən məlumat yayıb.
Qəzetin məlumatına görə, Tehran Cənub-Şərqi Avropadakı ABŞ obyektlərinə zərbə endirmək variantını müzakirə edib. Mümkün hədəflər arasında ABŞ hərbçilərinin təyyarələrə yanacaq doldurmaq üçün istifadə etdiyi Bolqarıstandakı Bezmer aviabazası, həmçinin Kiprdəki obyektlər yer alıb.
İran hakimiyyətinin Hörmüz boğazında optik lif kabellərini sıradan çıxarmaq imkanını da nəzərdən keçirdiyi bildirilir.
“Financial Times”ın mənbələri qeyd ediblər ki, münaqişənin daha da eskalasiyası halında İran zərbələrin coğrafiyasını Yaxın Şərqdən kənara genişləndirə bilər.
Mənbələrdən biri bildirib ki, ABŞ “həddən artıq uzağa gedərsə”, İran özünü istənilən vasitə ilə müdafiə edəcək, regionun hüdudlarından kənara çıxaraq Avropaya zərbə endirə bilər.
Qeyd edək ki, İran Silahlı Qüvvələri Baş Qərargahının rəisi, general Əli Abdollahi daha əvvəl Fars körfəzi ölkələrini ABŞ-ə istənilən formada dəstək verməməyə çağırıb. O, Vaşinqtonun regiondakı fəaliyyətinin İranın diqqətindən yayınmadığını bildirib.
16:09 19.08.2026
Oxunuş sayı: 186