Rusiyanın Azərbaycana qarşı növbəti alçaq təxribatı
Rusiyanın Azərbaycana münasibəti heç vaxt bərabərhüquqlu, hörmətə əsaslanan, normal qonşuluq münasibəti olmayıb. Bu dövlətin siyasəti tarixin müxtəlif dövrlərində — imperiya vaxtından tutmuş sovet dövrünə, müstəqillik illərinə qədər — həmişə üstünlük, təzyiq və manipulyasiya üzərində qurulub. Bu gün də eyni xətt davam edir. AZAL təyyarəsinin faciəli qəzasından sonra rəsmi Moskvadan heç bir real üzrxahlıq, heç bir ədalətli araşdırma və heç bir məsuliyyət gəlmədi. Gözlənilən “münasibətlərin düzəlməsi” isə boş ümid olaraq qaldı. Əksinə, növbəti təxribatlar bir-birini əvəz etdi.
14 iyul 2026-cı ildə YouTube-da “Чистота понимания” verilişində “Moskva 24” telekanalının “aparıcısı” İvan Knyazev, “siyasi şərhçi” Semyon Uralov və Rusiya Federasiyası Nəqliyyat nazirinin müşaviri Aleksey Çadayev iştirak etdilər. Veriliş Şuşa Media Forumunda Prezident İlham Əliyevin Ukraynanın ərazi bütövlüyünə dəstək və müstəmləkəçiliyə qarşı mövqeyi ilə bağlı açıqlamalarına həsr olunmuşdu. Amma rus “ekspertlər” hədlərini tamamilə aşaraq Azərbaycan dövlətçiliyinin məhv edilməsi ssenarilərini açıq-aşkar müzakirə etdilər.
Aleksey Çadayev Azərbaycanın parçalanmasını, ərazilərin bir hissəsinin İrana verilməsini, “talış” və “ləzgi” amilləri vasitəsilə separatizmin qızışdırılmasını, Xəzər donanmasının və Dağıstanın cənubunda hərbi qüvvələrin gücləndirilməsini, Bakıda desant əməliyyatının planlaşdırılmasını və birbaşa hərbi müdaxiləni təklif etdi. Knyazev isə rəsmi Moskvanın Azərbaycana qarşı konkret məqsədinin olmalı olduğunu bildirərək, ölkəni “Ukrayna ssenarisi” ilə hədələdi. Uralov isə Rusiya xüsusi xidmət orqanlarını Azərbaycan diasporunu hüquqlarını itirmək təhlükəsi altında Bakı əleyhinə demarşlara məcbur etməyə, regionlardakı Azərbaycan təşkilatlarını radikal bəyanatlar verməyə çağırmağa çağırdı.
Bu, sadəcə “şəxsi rəy” və ya “ekspert müzakirəsi” deyil. Bu, suveren dövlətin Konstitusiya quruluşuna, ərazi bütövlüyünə və xalqına qarşı açıq təbliğat, zorakı metodlara və terror xarakterli hərəkətlərə çağırışdır. Azərbaycan Baş Prokurorluğu məhz bu faktlar əsasında — 14 iyul və 13 avqust 2026-cı il tarixli verilişlərə istinadən — Knyazev, Uralov və Çadayevə qarşı terrora açıq çağırış, dövlət əleyhinə çağırışlar və milli ədavətin qızışdırılması maddələri ilə cinayət işi açdı, onları beynəlxalq axtarışa verdi və qiyabi həbs qərarı çıxardı. Çadayev sonradan nazir müşaviri vəzifəsindən getdi. Rusiya XİN isə bu bəyanatların rəsmi mövqeyi əks etdirmədiyini bildirsə də, heç bir real tədbir görmədi, heç bir qınama səsləndirmədi.
Bu sükut təsadüfi deyil. Bu, Rusiyanın Azərbaycana qarşı tarixi qərəzinin, imperial düşüncənin və “böyük qardaş” kompleksiinin davamıdır. Rəsmi orqanların reaksiya verməməsi, belə hədyanların cəzasız qalması əslində onları dolayısı ilə təşviq edir. Bir tərəfdən “strateji tərəfdaşlıq” dildə gəzdirilir, digər tərəfdən isə dövlət kanalına yaxın media və yüksək vəzifəli şəxslər Azərbaycanı parçalamaq, işğal etmək, xalqını təhqir etmək haqqında danışırlar.
Azərbaycan müstəqil, suveren dövlətdir. Öz ərazi bütövlüyünü bərpa edib, öz xarici siyasətini müstəqil müəyyən edir. Heç kim — nə “ekspert”, nə də istənilən dövlət — onun daxili işlərinə, sərhədlərinə və dövlətçiliyinə qarşı açıq təhdidlər səsləndirməyə haqqı yoxdur. Bu cür təxribatlar yalnız Rusiya-Azərbaycan münasibətlərini daha da zəhərləyir, regionda gərginliyi artırır və Moskvanın etibarını bir daha sarsıdır.
Rusiya əgər həqiqətən də qonşu dövlətlərlə bərabərhüquqlu münasibət istəyirsə, belə alçaq təbliğatı dayandırmalı, onun daşıyıcılarını cəzalandırmalı və tarixi qərəzdən əl çəkməlidir. Əks halda, bu cür “ekspertlərin” hədyanları Rusiya siyasətinin gerçək üzünü göstərməkdə davam edəcək: hörmət yox, təzyiq; tərəfdaşlıq yox, təhdid.
Azərbaycan isə öz yolunu bilir. Bu da digər təxribat törətmək istəyən rus vətəndaşlarına dərs olsun. Azərbaycan şəhidlərinin qanı bahasına qazandığı suverenliyini heç kimə güzəştə getməyəcək.
Ayhan
12:00 19.08.2026
Oxunuş sayı: 59