Paşinyan ABŞ Konqresinin üzvü ilə Ermənistan-Azərbaycan sülhünü müzakirə edib
Ermənistanın Baş naziri Nikol Paşinyan ABŞ Nümayəndələr Palatasının üzvü Abraham Hamadeni qəbul edib və görüşdə Ermənistan-Azərbaycan sülh prosesi ilə yanaşı, regional məsələlər müzakirə olunub.
Crossmedia.az xəbər verir ki, Ermənistan hökuməti bu barədə məlumat yayıb.
Paşinyan Ermənistan-ABŞ münasibətlərinin ardıcıl inkişaf etdiyini və son dövrdə bu əlaqələrin dinamik xarakter aldığını bildirib. Baş nazir ikitərəfli əməkdaşlığın geniş gündəliyinin ardıcıl şəkildə inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.
O, Ermənistan-ABŞ əlaqələrinin siyasi, iqtisadi və texnoloji sahələrdə daha da genişlənəcəyinə əminliyini ifadə edib.
ABŞ Konqresmeni Abraham Hamadeh parlamentlərarası formatda dialoqun inkişaf etdirilməsinin əhəmiyyətini qeyd edib.
Görüşdə Ermənistan və Azərbaycan arasında sülhün təmin edilməsi məsələsinə də toxunulub. Hamadeh bu istiqamətdə Baş nazir Nikol Paşinyanın şəxsi rolunu və ardıcıl mövqeyini vurğulayıb.
Tərəflər həmçinin regionda baş verən proseslər barədə fikir mübadiləsi aparıblar.
Bundan əlavə, görüşdə “Trump Route for International Peace and Prosperity” (TRIPP) regional nəqliyyat layihəsinin həyata keçirilməsi məsələsi müzakirə olunub.
15:49 18.08.2026
Oxunuş sayı: 48