Energetika

COP29 çərçivəsində dekarbonizasiya və karbon bazarlarının idarə edilməsi, qlobal iqlim siyasətinin əsas məsələlərindən birinə çevrilib. Dünya ölkələri, karbon emissiyalarını azaltmaq və iqlim dəyişikliyi ilə mübarizə aparmaq məqsədilə daha sərt siyasətlər və təkmilləşdirilmiş bazar mexanizmləri tətbiq etməyə çağırırlar. Bu, xüsusilə inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında ədalətli paylanmanın təmin olunması baxımından böyük əhəmiyyət kəsb edir.

Məsələ ilə bağlı “Yaşıl Dünya” Ekoloji Maarifləndirmə İctimai Birliyinin sədri Elman Cəfərli Crossmedia.az-a açıqlamasında bildirib ki, qlobal istiləşmənin əsas səbəbi atmosferdə istixana effekti yaradan qazların  sayının artmasıdır. Bu qazların arasında daş kömür, neft və təbii qaz kimi qalıq yanacaq növləri mühüm rol oynayır:

“Hazırda atmosferə ən çox istixana qazı buraxanlar ənənəvi yanacaqla işləyən sənaye müəssisələri və daxili yanma mühərriklərinə malik avtomobillərdir. İstixana effekti yaradan qazların atmosferə atılmasını azaltmaq üçün bərpa olunan enerji sektorunun inkişafı əsas prioritet kimi qəbul edilir. Günəş və külək enerjisi əsasında elektrik enerjisinin istehsalı artırılmalı, karbonsuz nəqliyyata keçid sürətləndirilməlidir. Azərbaycanın 3 böyük regionu yaşıl enerji zonası elan edilib, lakin dekarbonizasiya əsasən Bakı və iri şəhərlərdə həyata keçirilməlidir. Tramvay xəttləri, elektrik qatarları bərpa olunmalı, elektromobillərə üstünlük verilməlidir.”

E.Cəfərli COP29 çərçivəsində qəbul ediləcək qərarların qlobal iqtisadiyyata təsiri ilə bağlı məsələyədə öz münasibətini bildirib:

“Bu bir az ağrılı məsələdir. Bütövlükdə iqtisadiyyatı yenidən qurmaq, xüsusən iqtisadiyyatı neftdən asılı olan ölkələr üçün yaşıl enerji əsasında formalaşdırma çətin və vaxt aparan prosesdir. Lakin qlobal iqlim dəyişikliyinin təsirlərini aradan qaldırmaq üçün fədakarlıq etmək vacibdir. Azərbaycan karbohidrogen ehtiyatlarına sahib olsa da, neft və qaz satışından gələn gəliri bərpa olunan enerji sahəsinə yönəldir. Çünki neft və qaz tükənən sərvətlərdir, yaşıl enerji isə həm bərpa olunan, həm də atmosferə az təsir edən bir qaynaqdır.”

Dekarbonizasiya və karbon bazarlarında əməkdaşlığın gücləndirilməsi məsələsinə toxunan E.Cəfərli  bunun üçün səmimi bir mühitin yaradılmasının vacib olduğunu da vurğulayıb:

“Dünyanın taleyini müəyyən edəcək bir dövrdə COP29-u boykot cəhdləri müşahidə olundu. Lakin bu, tədbirin təşkilatına təsir etmədi. COP konfransları, gələcək nəsillərə yaşana bilər bir planet buraxmaq məqsədini güdür. Azərbaycan neft-qaz ölkəsi olsa da, bərpa olunan enerji sahəsinə böyük sərmayələr qoyur”.

E.Cəfərli son olaraq açıqlamasında bildirib ki, ölkəmizin əsas məqsədi karbon emissiyalarının azaldılmasıdır. Lakin bəzi siyasi dairələrin iqlim dəyişikliyi ilə mübarizəyə münasibəti bu prosesi ləngidir.

O, həmçinin qeyd edib ki, qlobal istiləşmənin artması buzlaqların əriməsinə, şirin su ehtiyatlarının azalmasına, quraqlıq və şoranlaşmanın genişlənməsinə səbəb olacaq. Bu isə tədricən dünyada ərzaq təhlükəsizliyini ciddi şəkildə təhdid edəcək. Belə təhlükələrin qarşısını almaq üçün dekarbonizasiya tədbirləri daha da gücləndirilməlidir.

Aytac Bəhruzqızı

Saytın adı: www.crossmedia.az

Domen adının sahibi: "Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Göyüşlü Mübariz Müstəqim oğlu

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: info@crossmedia.az

Fəaliyyətə başladığı və onlayn media redaksiyası olaraq Media Reyestrinə daxil edilmə tarixi:
1 noyabr 2024-cü il