Vergi Məcəlləsinə təklif edilən dəyişikliklərə əsasən, jurnalistlərin illik gəlirlərinin 75 faizi gəlir vergisindən azad ediləcək. Crossmedia.az xəbər verir ki, təklif olunan yeni 102.1.30-1-ci maddəyə görə, jurnalist fəaliyyəti ilə məşğul olan və bu sahədən il ərzində 45 min manata qədər gəlir əldə edən fiziki şəxslər gəlir vergisindən azad ediləcəklər.
Hazırda Vergi Məcəlləsinə əsasən, yalnız müəyyən şərtləri (orta aylıq işçi sayı və sosial sığorta ödənişi üzrə borc olmaması) ödəyən fərdi sahibkarlar bu güzəştlərdən faydalana bilirlər. Yeni dəyişikliklər isə bəzi xidmət sahələrində çalışan mikro sahibkarlara da şamil olunacaq və əlavə şərt tətbiq edilməyəcək. Qanun layihəsi qəbul olunarsa, 2025-ci il yanvarın 1-dən qüvvəyə minəcək.
Mövzu ilə bağlı danışan Mətbuat Şurasının sədri Rəşad Məcidin Crossmedia.az-a verdiyi açıqlamaya əsasən, Vergi Məcəlləsinə dəyişiklik Azərbaycanda media sahəsində aparılan islahatların, ümumən, dövlət siyasətinin davamlı xarakter daşıdığının növbəti təsdiqidir. Aydındır ki, başlıca məqsəd media subyektlərinin iqtisadi müstəqilliklərinin gücləndirilməsidir. Bunu Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid jurnalist fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin bu fəaliyyətdən əldə etdikləri gəlirlərin 75 faizinin hər hansı şərt tətbiq edilmədən gəlir vergisindən azad edilməsinə dair Vergi Məcəlləsinə təklif edilən dəyişikliklə bağlı fikirlərini bölüşərkən deyib.
R.Məcid bildirib ki, cəmiyyətə informasiya verilməsinə məsul ayrı-ayrı şəxslərlə təmaslar zamanı onlar əldə etdikləri gəlirdən vergi tutulmalarının çox olduğunu bildiriblər. Əlamətdar haldır ki, qanunvericilikdə durum nəzərə alınacaq. Bu isə real gəlirlərin artımını şərtləndirəcək və deməli, həmin şəxslərin sosial rifah halı da yaxşılaşacaq.
MŞ sədri ölkəmizdə “Media haqqında” Qanuna əsasən media subyekti və jurnalist kimi fəaliyyət göstərənlərin imtiyazları xüsusunda indiyədək reallaşmış tədbirlərdən də söz açıb. O, bu baxımdan ipoteka qanunvericiliyinə edilən dəyişikliklərin üzərində dayanıb. R.Məcid bildirib ki, sözügedən dəyişiklik jurnalistlərə dövlət təminatlı güzəştli ipoteka kreditindən istifadə hüququnu verib. Bu isə onların sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dəstəkdir.
“Ölkəmizdə media fəaliyyətinin iqtisadi cəhətdən stimullaşdırılması baxımından daha bir mühüm addım kitablar və dərsliklərlə yanaşı, kütləvi informasiya məhsullarının ərsəyə gəlməsi üçün kağızın idxalının və satışının ƏDV-dən azad edilməsidir. Bu 2022-ci ildə gerçəkləşdi. 2023-cü ildə isə media fəaliyyətinin, demək olar, bütün komponentlərinin 3 il müddətinə ƏDV-dən azad olunduğunu gördük”, - deyən R.Məcid gerşəkləşdirilməkdə olan qanunvericilik tədbirlərinin cəmiyyətə informasiya verilməsinə məsul daha çox şəxsi əhatə etməsinin vacibliyindən söz açıb. Şura sədri vurğulayıb ki, bunun üçün həmin şəxslərin özləri də qanunun əhatə dairəsində təmsilçiliyə maraq göstərməlidirlər. Yəni, hər kəs dərk etməlidir ki, qanunlar çərçivəsində həyata keçirilən jurnalist fəaliyyəti üstünlüklər qazandırır. R.Məcid onu da bildirib ki, qanunla müəyyən edilən imtiyazlar jurnalistikanı stimullaşdıracaq və nəticədə peşəyə marağı güclənəcək.
Maral Şahverdili