Hadisə

“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində COP29-a dəstək məqsədilə keçirilən Bakı metropolitenində layihələr davam etdirilir. “Təbiəti düşünək, o bizi düşünən kimi” layihəsi metropolitençi övladlarının rəsm sərgisindən ibarətdir. “İçərişəhər” stansiyasının nümayiş etdirilən balacaların əl işləri ekoloji mühitin, təbiətin qorunmasını tərənnüm edir. 

Mövzu ilə bağlı "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Crossmedia.az-ın suallarını cavablandırıb:

-COP29 çərçivəsində keçirilən sərginin əsas ideyası necə yarandı və məqsədləri nələrdir?

 -COP29 çərçivəsində keçirilən sərgi Bakı Metropoliteninin bu il üçün nəzərdə tutulmuş tədbirlər planının bir hissəsidir. Bu plan çərçivəsində kütləvi-mədəni tədbirlərə xüsusi yer verilib. Layihə yay aylarından hazırlanmağa başlanıb və unikal bir konsepsiya kimi formalaşıb. İki istiqamətdən ibarət olan layihənin birinci hissəsi təbiətin qorunması və ekoloji mövzuları əhatə edən səhnəciklərdən ibarətdir. Bu aksiyalar teatr tamaşası kimi İçərişəhərdə nümayiş etdirilib, daha sonra isə fləşmob formatında çəkilərək altı müxtəlif mövzu üzrə cəmiyyətin diqqətini çəkmək məqsədilə təqdim edilib.

Aksiyalar zamanı ağacların verdiyi oksigen, udduğu karbon, onların ömrü boyu təbiətə göstərdiyi faydalar və kəsildikdə vurduğu ziyan barədə uşaqlar məlumat veriblər. Bu layihələrdə Bakı Metropoliteninin əməkdaşlarının övlad və nəvələri iştirak ediblər. Teatr tamaşası qısa müddətdə, cəmi iki həftə ərzində hazırlansa da, 4-16 yaş arası uşaqların böyük həvəslə çalışması ilə həyata keçirilib.

Yayda xüsusi elan verilmiş, nəticədə 16 müəllifin 53 əsəri toplanmışdır. Uşaqlara təbiəti və ekoloji problemləri necə gördüklərini, onları necə qiymətləndirdiklərini və gələcəyi necə təsəvvür etdiklərini ifadə etmək tapşırılmışdı. Bu əsərlərdən 34-ü İçərişəhər metrostansiyasında nümayiş olunur və hər biri müxtəlif yaşda olan uşaqların daxili dünyasını əks etdirir. Beləliklə, cəmiyyətimizə və dünyaya uşaqların fəlakətləri və təbiətin gözəlliyini necə təsəvvür etdikləri barədə mesajlar çatdırılır.

Sərgi Koroğlu, Elmlər Akademiyası, 28 May və 8 Noyabr kimi digər metrostansiyalarında da nümayiş olunacaq. Əsas məqsəd COP-29-a dəstək vermək və Yaşıl Dünya uğrunda həmrəylik ilinə töhfə verməkdir. 53 əsər növbə ilə müxtəlif stansiyalarda sərgilənəcək.

 -Bu sərgi Bakı Metropoliteninin fəaliyyətində hansı yenilikləri və təşəbbüsləri nümayiş etdirəcək? Bu təşəbbüs necə qarşılanıb və reaksiyalar yetərincə qaneedicidirmi?

 -Həm teatr tamaşası, həm də sərgi metropolitenin daxilində çox yüksək qiymətləndirilir. Onlarla valideyn sərginin elanına reaksiya verərək öz övladlarının da bu tədbirdə iştirak etməsini arzuladıqlarını bildiriblər. Ancaq elan yay dövrünə təsadüf etdiyindən, metropoliten əməkdaşlarının bir çoxu məzuniyyətdə olduğu üçün övladlarının tədbirdə iştirakını təmin edə bilməyiblər. Əgər yayda istirahət dövrü olmasaydı, bəlkə də 16 deyil, 50-100 uşağın əsərlərindən danışmaq mümkün olardı.

İctimaiyyət arasında sərginin daha geniş formatda keçirilməsi tələbləri də var. Bildiyiniz kimi, Nərimanov və Gənclik metro stansiyalarında böyük sərgi guşələri mövcuddur və burada 90-dan çox əsərin nümayişi mümkündür. Hazırda bu guşələrdə iki sərgi davam edir. Uzunmüddətli sərgilərin təşkilini təklif edənlər də çoxdur. Uşaqların özləri də sərginin müddətinin uzadılmasını və daha çox əsərin nümayiş olunmasını istəyirlər. Hətta onlar yeni əsərlər hazırlayıb daha geniş və dayanıqlı sərginin qurulması təşəbbüsü ilə çıxış ediblər.

Metropolitenin rəhbərliyi də bu təşəbbüslərə dəstək verir. Qərara əsasən, növbəti il üçün Bakı Metropoliteninin ənənəvi masaüstü təqvimində 16 uşağın əsəri əks olunacaq. Bu, uşaqlar üçün unudulmaz bir xatirə olacaq və onların yaradıcılığını əbədiləşdirəcək.

 -COP29 sərgisində ziyarətçilər üçün hansı xüsusi xidmətlər və imkanlar təqdim olunur? Yenə belə maraqlı layihələr gözlənilirsə, nələrdir?

 -COP29 sərgisi ziyarətçilər üçün maraqlı və cəlbedici məqamlar təqdim edir. Burada təbiətin qorunması, ekoloji maarifləndirmə və uşaqların ekoloji mövzuda yaradıcılıq nümunələri nümayiş olunur. Gələn il isə Böyük Vətən Müharibəsi Qələbəsinin yubileyidir və bununla bağlı planlaşdırılan sərgilərdən hansı daha aktual olacaqsa, ona üstünlük veriləcək. Xüsusi qeyd etmək istərdim ki, Bakı Metropolitenində bu tip sərgilər və tədbirlər 2015-ci ildən etibarən intensiv və fərqli istiqamətlərdə həyata keçirilir. Gənclik və Nərimanov metro stansiyaları bu baxımdan sərgi zonası kimi tanınır.

İlk böyük sərgi, Talassemiyadan əziyyət çəkən uşaqlara yardım məqsədilə uşaqların əl işlərindən ibarət olub və 90-dan çox əsər nümayiş etdirilib. Bu sərgi rəssamların da diqqətini çəkib və onlar tərəfindən qiymətləndirilib. Bundan sonra Azərbaycan kinosunun kadrarxası fotolarından ibarət sərgi təşkil olunub, bu da altı ay boyunca böyük maraqla qarşılanıb. Meksika səfirliyi və Mədəniyyət Nazirliyinin dəstəyilə keçirilən foto sərgi də xüsusi uğur qazanıb. Eyni zamanda, Macarıstanın dövlətçiliyinin 150 illiyi ilə bağlı Memar Əcəmi metro stansiyasında sərgi təşkil olunub.

Xəzər Dəniz Gəmiçiliyinin yubileyinə həsr olunmuş sərgi və Bakı Metropoliteninin 45 illik yubileyi münasibətilə Qarabağ müharibəsindəki Zəfərə dair iki ardıcıl sərgi də çox diqqət çəkib. Birinci sərgidə viran qoyulmuş Qarabağın tarixi və dağıdılmış şəkilləri təqdim edilib. İkinci sərgi isə Qarabağın dirçəlişi ilə bağlı olub və Qarabağ Dirçəliş Fondunun seçdiyi fotolar əsasında təşkil edilib.

Gələcəkdə Qarabağın dirçəlişi ilə bağlı daha böyük bir sərgi təşkil etmək planlaşdırılır. Qarabağımız və Şərqi Zəngəzur gündən-günə dəyişir, buna görə də mövzular daim yenilənə bilər. Bu sərgi nəhəng formatda, bütün bölgəni əhatə edəcək şəkildə düşünülür. Hazırda, mövzunun inkişafını və Qarabağın yeni tərəqqi nümunələrini diqqətdə saxlayaraq gələcək sərgilər üçün böyük ümidlər var.


 -Bu sərgi gələcəkdə Bakı Metropoliteninin fəaliyyətinə hansı təsirləri göstərə bilər? 


 -Son illərdə kütləvi-mədəni tədbirlərin sayının artması Bakı Metropolitenini ictimaiyyətə tamamilə fərqli bir simada tanıtdı. Əgər əvvəllər metropoliten yalnız sərnişin daşıma vasitəsi kimi qəbul edilirdisə, 2015-ci ildən etibarən təşkil olunan sərgilər, Novruz bayramı və Yeni il şənlikləri, Bilik Günü, Musiqi Günü, Uşaqlar Günü kimi əlamətdar günlərə həsr olunan layihələr cəmiyyətin geniş marağına səbəb oldu.

İndi metropolitenin fəaliyyətinə daha çox diqqət yetirilir. Məsələn, Yeni il yaxınlaşdıqca, çoxlu zənglər və sorğular alınır; insanlar soruşurlar ki, bu ilki bayram şənliyi nəyə həsr olunacaq və əlavə tədbirlər təşkil ediləcəkmi. Bu, tədbirlərə olan marağın artdığını göstərir.

Bununla yanaşı, keçirilən sərgilər maarifləndirmə məqsədi də daşıyır və metronun “Metro Gallery” adlanan bölməsində daimi olaraq nümayiş etdirilir. Burada sərgiləri izləmək üçün QR kodlar vasitəsilə əlavə məlumat almaq mümkündür. Bu cür tədbirlər metropolitenin nüfuzunu artırır və onu sərnişinlər üçün yalnız nəqliyyat vasitəsi deyil, həm də mədəniyyət və maarifləndirmə mərkəzi kimi təqdim edir.


Samirə Kərimli

Saytın adı: www.crossmedia.az

Domen adının sahibi: "Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Göyüşlü Mübariz Müstəqim oğlu

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: info@crossmedia.az

Fəaliyyətə başladığı və onlayn media redaksiyası olaraq Media Reyestrinə daxil edilmə tarixi:
1 noyabr 2024-cü il