Donald Trampın ABŞ prezidentliyinə qayıtması Yaxın Şərqdə güc balansını dəyişə biləcək mühüm faktorlardan biri hesab edilir. Onun İsrailə açıq dəstək nümayiş etdirməsi, bu ölkə ilə ABŞ arasındakı əlaqələri daha da gücləndirərək bölgədəki vəziyyəti daha mürəkkəb hala gətirə bilər. Bu dəstək, xüsusən İranla gərginliyi artırmağa, hətta Rusiya və Çinin də məsələyə daha açıq cəlb edilməsinə səbəb ola bilər.
Siyasi şərhçi Zeynal Əmrəliyevin Crossmedia.az-a olan açıqlamasına əsasən, Trampın yenidən prezident seçilməsi ABŞ-nin İsrailə verdiyi dəstəyi gücləndirəcək. 2016-2020-ci illərdə Tramp administrasiyası İsrailə geniş siyasi, iqtisadi və hərbi dəstək göstərmişdi. Bu dövr, Tramp və Netanyahu arasındakı yaxın əlaqələr səbəbindən İsrailin Yaxın Şərqdə mövqeyini gücləndirdi. Hal-hazırda ABŞ-də hakimiyyətdə olan Cozef Bayden ilə Netanyahu arasında bəzi fikir ayrılıqları olduğu halda, Tramp və Netanyahu oxşar siyasi mövqelərə sahibdir. Bu isə Trampın İsrailə limitsiz dəstək verə biləcəyinə işarədir.
İsrailə bu açıq dəstək, bölgədəki digər əsas güclərin, xüsusilə İranın mövqeyini zəiflətmək məqsədi daşıyır. İran, İsrail və ABŞ-dən gələn təzyiqlərə qarşı durmaq üçün Şərq blokuna – Rusiya və Çinə daha çox etibar etməyə çalışacaq. İranın bu dəstək üçün müraciət etməsi isə bölgədə daha mürəkkəb bir geosiyasi vəziyyətin yaranmasına səbəb ola bilər.
ABŞ-nin yeni administrasiyası Çinə qarşı daha sərt mövqe tutduğu halda, Rusiyayla dialoq qurmaq ehtimalı artır. Əgər Tramp və komandası Rusiya ilə razılaşma əldə edə bilsə, İran Moskvadan gözlədiyi dəstəyi ala bilməz. Lakin Vaşinqton-Moskva münasibətləri soyuq qalsa, bu, Rusiyanın Çinlə birlikdə İrana daha güclü dəstək verməsinə gətirib çıxara bilər.
Belə bir dəstək, Çin tərəfindən texnoloji, hərbi və iqtisadi sahələrdə verilə bilər. Çin və İran arasında artan əməkdaşlıq, ABŞ-İsrail üçün yeni çətinliklər yarada bilər. Çin, İrana hərbi təlimlər və texnoloji imkanlar təqdim edə, İranın hərbi qabiliyyətlərini gücləndirə bilər. ABŞ və İsrailin İranı təcrid etmək cəhdlərinə baxmayaraq, Çin və Rusiya ilə İran arasındakı bu əlaqələr Şərq blokunun təsirini yenidən artırmaq potensialına malikdir.
Regiondakı güc balansının gələcəyi, ABŞ və Rusiya arasındakı danışıqların nəticəsindən asılıdır. Əgər ABŞ və Rusiya arasında münasibətlər istiləşərsə, Rusiya İrana zəif və ya heç bir dəstək verməyə bilər. Əksinə, ABŞ və Rusiya arasındakı münasibətlər gərgin olaraq qalsa, Rusiya Çinin yanında yer alaraq İrana açıq dəstək göstərə bilər.
Beləliklə, Trampın prezidentliyə qayıdışı ilə ABŞ və İsrailin münasibətləri daha sıxlaşa, İran isə öz güvənini Çin və Rusiya ilə gücləndirə bilər. Nəticədə Yaxın Şərqdə yeni bir güc balansı meydana çıxa bilər.
Maral Şahverdili