Süni intellektin gündəlik həyata, iş həyatına və təhsilə təsiri əhəmiyyətli dərəcədə artır. Günümüzdə süni intellektin potensialından maksimum istifadə etmək olar. Bunlarla yanaşı süni intellekt etik və məxfilik problemləri kimi bəzi çətinliklər gətirdiyi üçün son dərəcə diqqətli olmaq lazımdır.
Mövzu ilə bağlı texnobloger Fərid Pərdəşünas Crossmedia.az-a açıqlamasında bildirib ki, dövrümüzdə yaradıcı süni intellektin təsirləri yetərincədir:
“OpenAI", "Google", "Microsoft" kimi şirkətlər öz süni intellektlərini bazara çıxararaq yeni imkanlar yaradırlar. Süni intellektin əsas məqsədi gündəlik həyatımızda, təhsildə işimizi asanlaşdırmaqdır. Süni intellektin məqsədi insanların işlərini və yaxud peşələrini əllərindən almaq deyil. Sadəcə bir vasitə olaraq insan əməyinə dəstəkdir. Necə ki, sənaye dövründə insanlar zavodlarda, fabriklərdə ağır işlər görürdülər. İnkişaf elə gətirdi ki, dəmir maşınlar insan əməyini əvəzləməyə başladı və zamanla bu artıq əqli əməyə də gəlib çatdı.
Fərid Pərdəşünas onu da vurğulayıb ki, əqli əməyin mənimsənilməsi dövründə də süni intellekt təkrarlanan, sıxıcı və beyni yoran işləri görməyə başlayır:
“Bu da insan əməyinə alternativ olaraq dəstək olur və bu dəstəyin sayəsində daha çox vaxt qazanılmış olur, insan öz vaxtını daha səmərəli keçirdir. Əqli əmək tələb edən işləri süni intellektlər görməyə başlayır ki, bunun sayəsində də zehni əməyin dəyəri daha da artır və o daha yaradıcı fəaliyyətlə məşğul olur”.
Texnobloger həmçinin süni zəkanın təhsildəki rolu haqqında da danışıb:
“Ümumiyyətlə süni intellektin təkcə iş həyatında, gündəlik həyatda yox təhsildə də böyük rolu var. İnsanların tədris vasitələrinə daha yaxın, əlçatımlı olmasına şərait yaradır ki, bunun təhsildə də böyük rola malikdir. Xüsusi süni intellektli müəllimlər olur və özəl metodlardan istifadə edir, öyrənənlərə fərdi yanaşa bilir. Əgər sinifdə 1 müəllim 30 nəfərə eyni dərsi tədris edirsə, burda süni intellekt imkan verir ki, hər bir şəxs üçün fərdi bir proqram tərtib etsin, fərdi yanaşma göstərsin. Süni intellektin bu tipli üstünlükləri var".
F.Pərdəşünas süni zəkanın gələcəkdəki önəmi haqqında onu vurğulayıb ki, süni intellektdən qorxmaq lazım deyil:
“O, insanların dostudur, onların işlərini əllərindən almır, sadəcə gələcəkdə süni intellektlə işləyən insanların sayı çoxluq təşkil edəcək”.
Bahar Musayeva