Siyasi

Azərbaycanın şanlı tarixi yeni bir simvolik addımla yaddaşlara həkk olundu. Prezident İlham Əliyevin Bakıda Zəfər parkının açılışında söylədiyi nitq təkcə qələbənin qeyd edilməsi deyil, həm də Azərbaycanın milli ruhunun və gələcəyə baxışının bir təntənəsidir. Bu çıxışın hər bir cümləsi Vətən müharibəsinin əzəmətini, Azərbaycanın dövlət iradəsini və xalq-iqtidar birliyinin gücünü əks etdirir.  

44 günlük Vətən müharibəsi Azərbaycanın şanlı tarixi olaraq yalnız bir hərbi zəfər deyil, eyni zamanda beynəlxalq ədalətin bərpası idi. Uzun illər ərzində Ermənistan tərəfindən işğal edilən torpaqlarımızın azad olunması Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi ilə nəticələndi. Prezident İlham Əliyevin vurğuladığı kimi, biz şəhidlərimizin qisasını, qanını döyüş meydanında aldı. Bu qələbə şəhidlərimizin müqəddəs xatirəsinə ən böyük ehtiram idi.  

Azərbaycan ordusu xalqın qətiyyəti və rəhbərliyin strateji baxışı sayəsində müharibədə hər gün irəliləmiş, 300-dən çox şəhər və kəndimizi işğaldan azad etmişdir. Bu zəfər xalqımızın əyilməz ruhunu və iradəsini bütün dünyaya nümayiş etdirmişdir. Prezidentin ifadəsi ilə, "Heç kim bizi dayandıra bilməz, öldü var, döndü yoxdur," ifadəsi bu mübarizənin mahiyyətini təsvir edir.  

Müharibənin nəticəsi olaraq Ermənistan kapitulyasiya aktını imzalamağa məcbur oldu. Şuşa əməliyyatı ilə Ermənistanın hərbi qüvvələrinin beli qırıldı və müharibənin bir gün sonra bitməsi bu zəfərin əyani sübutu idi. Prezident İlham Əliyev, Ermənistanın arxasında duran bəzi Qərb qüvvələrinin işğalın əbədiləşdirilməsi üçün göstərdiyi səyləri qətiyyətlə tənqid etdi. Azərbaycanın bu təzyiqlərə boyun əyməməsi və yalnız öz gücünə arxalanaraq qələbə qazanması, beynəlxalq hüququn bərpasına olan inamını təsdiqlədi.  

Eyni zamanda, Prezident Ermənistanın bəzi havadarlarının "sülh göyərçini" obrazını yaratmaq cəhdlərini rədd etdi. Çıxışında vurğulandığı kimi, Azərbaycan xalqı Xocalı soyqırımı və 30 illik işğal dövrünün vəhşiliklərini heç vaxt unutmayacaq.  

Zəfər parkı Azərbaycanın tarixi yaddaşının və milli ruhunun simvolu olaraq yaradıldı. Parkdakı 44 metrlik Zəfər tağı və onun sütunlarının hər biri 44 günlük müharibənin şərəfli günlərini əks etdirir. Prezident İlham Əliyev çıxışında gələcək nəsillərin bu tarixi heç vaxt unutmamalı olduğunu vurğuladı. Bu park təkcə qələbəmizin rəmzi deyil, həm də gənc nəsillər üçün vətənpərvərlik dərsidir.  

Müasir və əzəmətli memarlıq üslubunda tikilən park və gələcəkdə istifadəyə veriləcək Zəfər muzeyi Azərbaycanın tarixində silinməz iz buraxacaq. Hər bir detal milli ruhun, xalqın iradəsinin və dövlətimizin gücünün təcəssümüdür.  

Azərbaycan bu gün quruculuq işləri ilə məşğuldur. İşğaldan azad olunmuş ərazilərdə həyata keçirilən bərpa və yenidənqurma layihələri Azərbaycanın gələcəyə baxışını əks etdirir. Lakin Prezident İlham Əliyev bəyan etdi ki, Ermənistanın və onun havadarlarının təxribatlarına qarşı hər an hazır olmalıyıq. Azərbaycanın güclü ordusu və xalq-iqtidar birliyi sayəsində yeni təxribatlar zamanı da qətiyyətlə irəli gediləcəkdir.  
Bu gün Azərbaycan qalib xalq və müzəffər dövlət olaraq regionda güclü mövqeyə malikdir. Prezident İlham Əliyevin vurğuladığı kimi, "Bu Qələbə bizimlə əbədi olacaq". Zəfər parkı isə bu əbədiyyətin simvoludur. Azərbaycanın bu tarixi zəfəri təkcə müasir dövrdə deyil, gələcək nəsillər üçün də milli iftixar mənbəyi olacaqdır.  

Eşq olsun Azərbaycan xalqına, eşq olsun Azərbaycan Silahlı Qüvvələrinə! Qarabağ Azərbaycandır!  

Zeyd Bağırzadə

Saytın adı: www.crossmedia.az

Domen adının sahibi: "Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Göyüşlü Mübariz Müstəqim oğlu

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: info@crossmedia.az

Fəaliyyətə başladığı və onlayn media redaksiyası olaraq Media Reyestrinə daxil edilmə tarixi:
1 noyabr 2024-cü il