Türk Dövlətləri Təşkilatı (TDT) türk dilli ölkələr arasında sıx əlaqələrin qurulması və qarşılıqlı əməkdaşlığın dərinləşdirilməsi məqsədilə 2009-cu ildə yaradılmışdır. Təşkilatın üzv ölkələri olan Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan və daha bir neçə müşahidəçi dövlət, öz iqtisadi, siyasi və mədəni bağlarını gücləndirərək, həm regional, həm də beynəlxalq səviyyədə mövqelərini möhkəmləndirməkdə maraqlıdır. Bu məqsədlə, 2024-cü ilin 6 noyabrında Qırğızıstanın Bişkek şəhərində keçirilən Türk Dövlətləri Təşkilatının zirvə görüşü, təşkilatın gələcək fəaliyyətləri və türk dünyası ölkələrinin birgə gücünü artırma yönündə mühüm addımlar atılması üçün vacib bir mərhələ oldu. Türk Dövlətləri Təşkilatının 2024-cü ilin Bişkek zirvəsinin əsas məqsədi türk dünyası ölkələrinin siyasi və iqtisadi inteqrasiyasının gücləndirilməsi, habelə mədəni və sosial sahələrdə əməkdaşlığın artırılması istiqamətində atılacaq addımların müzakirə edilməsini özündə ehtiva edir. Zirvədə aşağıdakı kimi bir neçə əsas məsələyə diqqət yetirildi:
- Türk dünyasında geosiyasi perspektivlər: Bişkek zirvəsinin ən mühüm məsələlərindən biri, türk dünyası ölkələrinin geosiyasi mövqeləri və bu mövqelərin beynəlxalq aləmdə necə gücləndirilə biləcəyi idi. 2024-cü ildə dünya gündəmindəki ən aktual məsələlərdən biri, Rusiya-Ukrayna müharibəsinin davam etməsi və Avrasiyanın digər bölgələrindəki geosiyasi gərginliklər idi. Bu çərçivədə, Türk dövlətləri, yalnız öz aralarındakı əməkdaşlıqla kifayətlənməyib, həm də bu gərginliklərin onların milli maraqlarına təsir etməməsi üçün ortaq bir mövqe sərgiləmək qərarına gəldilər. Təşkilatın üzv ölkələri, birgə siyasi və diplomatik fəaliyyətlər göstərərək, həm regional, həm də beynəlxalq səviyyədə daha təsirli bir mövqe sərgiləmək üçün strategiyalar hazırlamağa qərar verdilər.
- İqtisadi əməkdaşlıq və inteqrasiya: İqtisadi əməkdaşlıq Türk Dövlətləri Təşkilatının əsas prioritetlərindən biridir. Türk dünyası ölkələri zəngin təbii resurslara və strateji coğrafi mövqelərə malikdirlər, bu da onların iqtisadi potensialını artırır. Bişkek zirvəsində üzv ölkələr arasında ticarət dövriyyəsinin artırılması və sərmayə yatırımlarının təşviq edilməsi məsələləri geniş müzakirə olundu. Görüşdə, Türk dünyası ölkələrinin gömrük prosedurlarını sadələşdirilməsi və ticarət maneələrinin aradan qaldırılması ilə bağlı konkret addımların atılması qərara alındı. Üzv dövlətlər arasında birgə ticarət və istehsal zəncirlərinin yaradılması, bununla yanaşı, bölgə xaricində yeni bazarlara çıxış üçün əməkdaşlığın daha da gücləndirilməsi istiqamətində qərarlar qəbul edildi. Bundan əlavə, TDT üzv dövlətləri, daha çevik və dinamik iqtisadi əməkdaşlıq mexanizmləri qurmağı hədəfləyir. Qeyd olunan mexanizmlər çərçivəsində qarşılıqlı iqtisadi əlaqələrin artması, ticarət balansının müsbətə çevrilməsi və regional iqtisadi layihələrin həyata keçirilməsi üçün güclü bir baza yaradılması nəzərdə tutulur.
- Enerji və nəqliyyat infrastrukturunun gücləndirilməsi: Türk dünyası ölkələri dünya enerji bazarlarında böyük yer tutan ölkələrdir. Bu səbəbdən, enerji və nəqliyyat sahəsindəki əməkdaşlıq zirvənin əsas müzakirə mövzularından biri oldu. Bişkek görüşündə, Türk dövlətlərinin enerji ehtiyatlarının daha effektiv idarə edilməsi və regional enerji təhlükəsizliyinin artırılması istiqamətində birgə layihələrin həyata keçirilməsi üçün razılaşmalar imzalanıb. Bu çərçivədə, xüsusilə təbii qaz, neft və bərpa oluna bilən enerji mənbələrinin inkişaf etdirilməsi mövzusunda daha sıx əməkdaşlıq ediləcəyi vurğulandı. Türk dünyasının coğrafi mövqeyi bu ölkələrin nəqliyyat dəhlizləri vasitəsilə Avropa, Asiya və Yaxın Şərq arasında iqtisadi və ticarət əlaqələrinin daha da inkişaf etdirilməsini təmin edir. Bu səbəbdən, TDT üzv dövlətləri arasında nəqliyyat infrastrukturunun inkişaf etdirilməsi və əlaqəli layihələrin həyata keçirilməsi mühüm əhəmiyyət kəsb edir. Qeyd olunan məsələlər ilə bağlı Bişkek zirvəsində yeni dəmir yolu və avtomobil yolları, hava nəqliyyatı və liman infrastrukturunun inkişafı barədə konkret addımlar atılması qərara alındı.
4. Mədəniyyət və təhsil sahəsində əməkdaşlıq: Türk xalqlarının ortaq mədəniyyətləri, tarixi irsi, təşkilatın fəaliyyətinin əsas dayaqlarından biridir. Bu baxımdan Türk Dövlətləri Təşkilatının təhsil sahəsindəki əməkdaşlığı, xüsusilə gənclər arasında birgə təcrübə mübadiləsinin həyata keçirilməsi, Türk dili və mədəniyyətinin təşviqi baxımından mühüm əhəmiyyət kəsb edir. Bişkek zirvəsində də üzv ölkələr arasında mədəni və təhsil sahələrində əməkdaşlığın artırılması məsələləri müzakirə edilməklə türk dövlətləri, gənclər arasında mədəni mübadilə proqramlarının və təhsil layihələrinin genişləndirilməsi prioritetlər sırasında qeyd olunub. Beləliklə Türk Dövlətləri Təşkilatının Bişkek zirvəsində qəbul edilən qərarları və onların nəticələrini aşağıdakı kimi ümumiləşdirə bilərik:
Türk Dövlətləri Təşkilatının Bişkek zirvəsi, türk dünyasının beynəlxalq aləmdə daha təsirli və güclü bir yer tutmasına təkan verəcək mühüm bir mərhələ olmaqla yanaşı türk dövlətləri, qlobal miqyasda daha sərbəst və müstəqil bir mövqe əldə etmək, ortaq maraqlar əsasında birləşərək dünya siyasətində daha fəal bir rol oynamağı hədəfləyir. Bu təşkilatın geosiyasi rolu, onun üzv dövlətlərinin vahid bir güc olaraq ortaya çıxması ilə daha da möhkəmlənəcək. Bu baxımdan Bişkek zirvəsi türk dünyasının bu istiqamətdə daha da güclənməsi və qlobal güc balansında öz yerini möhkəmləndirməsi üçün bir başlanğıc nöqtəsi kimi xidmət edir. Bişkek zirvəsində qəbul edilən əsas qərarlardan biri, türk dünyası ölkələri arasında gömrük prosedurlarının sadələşdirilməsi və sərhəd keçidlərinin asanlaşdırılması məsələsi oldu. Bu qərarı, ticarət əlaqələrinin inkişafı və iqtisadi inteqrasiyanın dərinləşdirilməsi üçün vacib bir addım olaraq qiymətləndirə bilərik. Həmçinin, Türk Dövlətləri Təşkilatının iqtisadi və ticarət əlaqələrini gücləndirərək qlobal bazarda daha müstəqil və dominant bir güc olmağa doğru irəliləməsi hədəflənir. Bundan başqa, Türk dünyasının enerji və nəqliyyat sahələrindəki əməkdaşlığın daha da sıxlaşdırılması və regional təhlükəsizlik məsələləri üzərində birgə addımlar atılması, mədəniyyət və təhsil sahəsindəki əməkdaşlığı artırmaq üçün birgə layihə və proqramlar həyata keçirilməsi irəliləyən zamanda planlaşdırılan qərarlar siyahısında yer alıb.
Zaur Əsədzadə
Azərbaycan Universitetinin baş müəllimi, doktorant