Dünya iqlim siyasətinin taleyini müəyyən edən COP zirvələri artıq onilliklərdir ki, beynəlxalq arenada ekologiya, iqtisadiyyat və insan hüquqlarını birləşdirən əsas platformalardan birinə çevrilmişdir. 200-ə qədər ölkənin yekdil qərarı ilə bu ay Azərbaycanın COP29-a ev sahibliyi etməsi bu sahədəki mövcud reallıqlara uyğun olaraq müstəsna hadisə kimi qiymətləndirilir. Bu qərar həm Azərbaycanın beynəlxalq mövqeyini, həm ekoloji sahədəki çalışmalarını möhkəmləndirir, həm də iqlim dəyişmələri ilə mübarizə üzrə qlobal öhdəliklərini yerinə yetirməkdəki qətiyyətini nümayiş etdirir.
COP29 (BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı) planetimizin ekoloji gələcəyini müəyyən edəcək mühüm qərarların qəbul edildiyi bir toplantıdır. Azərbaycanın bu mötəbər tədbirə ev sahibliyi etməsi ilk növbədə ölkənin Cənubi Qafqaz regionunda və (hətta Mərkəzi Asiyada), o cümlədən qlobal səviyyədə artan nüfuzunu əks etdirir. Bu nailiyyət təsadüfi deyil, çünki Azərbaycan təkcə enerji resursları ilə tanınan bir dövlət kimi deyil, həm də dayanıqlı inkişaf və "yaşıl keçid" hədəflərinə sadiqliyi ilə seçilən bir ölkə kimi tanınır.
Ölkəmizin zəngin təbii ehtiyatları, xüsusilə də neft və qaz sənayesindəki rolu illərlə ölkəyə iqtisadi üstünlük qazandırıb. Bununla yanaşı, son dövrlərdə ölkəmiz neftdənkənar sektorun inkişafına və karbon emissiyalarının azaldılmasına yönəlmiş bir sıra strateji planlar həyata keçirir. "Azərbaycan 2030: Dayanıqlı İnkişaf Məqsədləri" strategiyası və "Yaşıl Enerji Zonası" layihələri ölkənin iqlim siyasətinin mühüm sütunlarına çevrilmişdir.
Azərbaycan son illərdə iqlim dəyişmələrinə qarşı mübarizədə konkret öhdəliklər götürüb. Ölkə Paris Sazişi çərçivəsində 2030-cu ilə qədər karbon emissiyalarını 35 faiz azaltmağı qarşısına məqsəd qoyub. Bundan əlavə, işğaldan azad edilmiş ərazilərdə "yaşıl enerji" layihələrinin icrası Azərbaycanın təcrübə mübadiləsinə açıq olduğunu göstərir.
Azərbaycanın yaşıl enerjiyə keçid siyasəti regionda və qlobal səviyyədə geniş rezonans doğurub. Ölkənin ənənəvi enerji mənbələrindən asılılığını azaltmaq üçün həyata keçirdiyi genişmiqyaslı layihələr, xüsusən külək və günəş enerjisi potensialının inkişaf etdirilməsi sahəsindəki addımları, həm iqtisadi, həm də ekoloji baxımdan nümunəvidir. Bununla belə, qəribə bir paradoks müşahidə edilir: bu səylər məhz ekoloji dəyərlər və "yaşıl keçid" barədə car çəkən Qərb ölkələri tərəfindən boykot edilir. Bu boykot siyasəti də sual doğurur: Qərb öz ekoloji "sədaqətini" nə üçün gözdən salır? Qoca qitənin ikili standartları təkcə "yaşıl keçid" mövzusunda deyil, ümumiyyətlə beynəlxalq münasibətlərdə tez-tez üzə çıxır. Əgər Avropa ölkələri həqiqətən də iqlim dəyişikliyinə qarşı mübarizədə qlobal həmrəyliyi vacib hesab edirlərsə, niyə Azərbaycanın yaşıl enerji layihələrini dəstəkləmək əvəzinə, ona əngəl törətməyi üstün tuturlar? Bu siyasətin kökündə geopolitik maraqların dayandığı açıq-aydın görünür. Azərbaycan dünya bazarına çıxışını təmin edən müstəqil enerji strategiyası ilə həm iqtisadi baxımdan, həm də ekoloji sferada rəqabətədavamlı mövqe qurur. Belə bir müstəqil kurs, əlbəttə ki, enerji bazarını monopoliyalaşdırmaq istəyən Qərb dairələrinə sərf etmir. Nəzərə alsaq ki, Azərbaycan Xəzər hövzəsinin təmiz enerjisini Avropaya ixrac etmək üçün nəhəng layihələr həyata keçirir, bu boykotun səbəbi aydın olur: öz maraqları naminə "yaşıl keçid" çağırışlarını bəzəkli bir maskaya çevirən Qərb, Azərbaycana qarşı təzyiq mexanizmlərini işə salır. Belə ki, 2014-ci ildə, yəni Paris Sazişini imzalayandan öncə ABŞ ildə 524,7 mln ton neft hasil edirdi, 5 il sonra bu həcmləri 751,2 mln tona, 2023-cü ildə isə 827 mln ton həddinə çatdırıb. Bunun fonunda Azərbaycanda 2014-cü ildə 41,9 mln ton neft hasil edildiyi halda, 2019-cu ildə hasilat həcmləri 37,5 mln tona qədər azalmış və 2023-cü ildə isə 30,1 mln ton təşkil edib. Yəni son 10 ildə ABŞ özünün neft hasilatını 57,6% artırdığı halda, Azərbaycanda neft hasilatı 28,1% azalıb.
İqlim dəyişmələrinə qarşı mübarizə mövzusunda Qərbin mövqeyi zahirən yüksək etik prinsiplərə əsaslanır. Lakin reallıq budur ki, bu mövqedə ikiüzlülük dominantdır. ABŞ və Avropa ölkələri enerji keçidini, əslində, öz iqtisadi üstünlüklərini möhkəmləndirmək üçün alətə çevirir. Azərbaycanın yaşıl enerji potensialının inkişafı isə Qərbin bu iqtisadi üstünlüyünü zəiflədə bilər. Ona görə də, öz ekologiya retorikalarını bir qırağa qoyaraq, Azərbaycana siyasi təzyiq etməyə başlayırlar.
Prezident İlham Əliyev noyabrın 12-də Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimindəki çıxışı zamanı həmin qüvvələrə tutarlı cavab verdi. Dövlətimizin başçısı COP29 Liderlər Sammitinin açılışında etdiyi çıxışında Azərbaycanın beynəlxalq arenadakı fəal rolunu vurğuladı və bir sıra mühüm məsələlərə toxundu. Azərbaycanın iqlim dəyişmələri ilə mübarizəyə sadiqliyini, bərpa olunan enerji layihələrinə töhfə verdiyini və ölkənin enerji təhlükəsizliyində strateji mövqeyini qeyd etdi. Çıxışında Azərbaycanın "Yaşıl gündəliyini" təqdim edərək, 2030-cu ilə qədər 6 giqavatlıq bərpa olunan enerji potensialının həyata keçirilməsi planlarını açıqladı. Eyni zamanda, Prezident Əliyev bəzi Qərb dövlətlərinin digər ölkələrə yuxarıdan aşağı baxışını tənqid edərək, Azərbaycan xalqının suverenlik və ədalət uğrunda mübarizəsində əldə etdiyi tarixi qələbələrdən danışdı.
Bu zəmində COP29 sammiti, iqlim dəyişikliyi üzrə müzakirələr üçün yalnız əhəmiyyətli bir platforma deyil, həm də Azərbaycan diplomatiyasının gücünü nümayiş etdirmək üçün mühüm bir fürsət oldu. Hər nə qədər bəzi Qərb dövlətləri tədbiri boykot etmək, Azərbaycanın beynəlxalq nüfuzuna xələl gətirmək istəsə də, reallıq tam əksini sübut etdi: 196 ölkədən 72 mindən çox nümayəndə Bakıya axışdı. Bu, boykot planlarının bir növ rəmzi tabutuna son mismarı vurdu. Eyni zamanda, tədbirin təşkilati müvəffəqiyyəti yalnız iştirakçıların sayında deyil, həm də müzakirələrin məzmununda öz əksini tapdı. Azərbaycanın ev sahibliyi etdiyi forumda yaşıl enerji, iqlim dəyişmələrinə adaptasiya və bərpaolunan enerji sahəsindəki nailiyyətlər geniş müzakirə olundu. Lakin boykot istəyində olan qüvvələr üçün bu uğur həzm olunmaz oldu. Onların istəyi nəinki yerinə yetmədi, hətta bu səy Azərbaycanın mövqeyinin daha da güclənməsinə xidmət etdi.
Qərbin bəzi dairələri özlərini bu sammitdə iştirak etməməklə iqlim dəyişikliyinə qarşı mübarizəyə töhfə verdiklərini düşünə bilərlər. Maraqlıdır ki, dünya iqlim böhranı ilə mübarizə aparmaq üçün qlobal birləşməyə ehtiyac duyduğu halda, boykot etmək istəyən bu dairələr müzakirələrdən kənarda qalaraq əslində kimin daha böyük ziyan vurduğunu ortaya qoydular.
Azərbaycanın təşkil etdiyi bu forum, əslində beynəlxalq həmrəyliyin təntənəsi idi. Tədbirdə iştirak edən liderlərdən bir çoxu çıxışlarında Azərbaycanın iqlim dəyişmələri ilə mübarizəyə verdiyi töhfələri yüksək qiymətləndirdilər. Bu isə boykot istəyində olanların daha da küncə sıxışmasına səbəb oldu.
Bu məqamda sual yaranır: Qərbin boykot arzusu Azərbaycanın uğuruna kölgə salmaq üçün idi, yoxsa özlərinin heç də nüfuzlu olmadığını göstərmək üçün? Cavab deyəsən, çox aydındır, COP29 həm iqlim dəyişmələrinə qarşı mübarizədə, həm də Azərbaycanın beynəlxalq arenada güclü mövqeyinin təsdiqlənməsində böyük bir mərhələ oldu. Qərbin isə yenə də Azərbaycana təkəbbürlü baxışları ilə heç nə əldə edə bilmədiyi məlum oldu.
Sonda deyək ki, iqlim tədbirlərinə siyasi manipulyasiya vasitəsi kimi baxanlar özləri bu “qərarları” ilə iqlim böhranının həllinə deyil, böyüməsinə xidmət edirlər. COP29 isə onların arzularını ürəklərində qoydu.
Ləman Təhməz