İqtisadi

26 noyabr - Ümumdünya Dayanıqlı Nəqliyyat Günüdür. BMT Baş Assambleyasının 2023-cü il mayın 16-da keçirilən 77-ci sessiyasının 70-ci plenar iclasında hər il 26 noyabr tarixi Ümumdünya Dayanıqlı və ya Yaşıl Nəqliyyat Günü elan edilib. BMT-nin Ətraf Mühit Proqramının (UNEP) son hesabatına görə, qlobal istixana qazı emissiyalarının təqribən 20 faizi nəqliyyat sektorunun payına düşür. Ona görə də dünyada dayanıqlı və ya yaşıl nəqliyyat sisteminin formalaşdırılması prioritet əhəmiyyət kəsb edir.

Nəzərə alsaq ki, Azərbaycan Respublikası mühüm nəqliyyat-tranzit qovşağı kimi nəinki regionda, bütövlükdə Avropa və Asiyada mühüm əhəmiyyətə malikdir, onda müasir dünyanın dayanıqlı nəqliyyatla bağlı çağırışlarının ölkəmiz üçün də mahiyyəti aydın olar. Ümumilikdə isə, ölkəmizdə bu məsələyə, eləcə də kompleks davamlı inkişafa aktual məsələ kimi yanaşılır.    

Qəbul edildiyi ilk dövrlərdən Davamlı inkişaf konsepsiyasına, Dayanıqlı İnkişaf Məqsədlərinə yüksək diqqət və həssaslıqla yanaşan Azərbaycan Respublikasında müxtəlif sahələrin, o cümlədən nəqliyyat sektorunun dayanıqlı və ya davamlı inkişafı bütün dövrlərdə diqqət mərkəzində olub. Bu sahədə dövlət tərəfindən müvafiq addımlar atılıb, elmi araşdırmalar aparılıb, infrastruktur təkmilləşdirilib və s. Ona görə ki, problemin həllində başlıca məqsəd insanların fəaliyyət və yaşayış şəraitinin yaxşılaşdırılması, ölkədə səmərəli məşğulluğun təmin olunması, istehsal sahələrinin inkişaf etdirilməsi və s.  nəzərdə tutulur. Başlıca vəzifəsi cəmiyyətin və sənayenin daşımalara tələbatının vaxtında və minimum xərclərlə ödənilməsi olan nəqliyyatın iştirakı olmadan nə həyat səviyyəsinin yüksəldilməsi, nə də istehsal sahələrinin inkişaf etdirilməsi mümkündür. Əslində isə, nəqliyyat bütün bu proseslərdə zəruri bir infrastruktur olaraq iştirak edir.

Məlum olduğu kimi, davamlı inkişafa konseptual yanaşmanın əsasında müxtəlif istiqamətləri əhatə edən üç mühüm baxış dayanır: iqtisadi, sosial və ekoloji. Bu isə, öz növbəsində, davamlı inkişaf konsepsiyanın tamlıq (komplekslilik), səmərəlilik və ədalətlilik kimi əsas məqsədlərini formalaşdırır.

Baxmayaraq ki, davamlı inkişafa dair müxtəlif fikirlər mövcuddur, bütün yanaşmaların bir ümumi cəhəti vardır ki, davamlı inkişaf yalnız insan inkişafının əsas tələblərinin ödənilməsi zəminində təmin edilə bilər. Davamlı inkişaf zamanı isə bütün mövcud vasitələr yalnız bir amala - ali varlıq olan insanın həyat tərzinin yaxşılaşması, onun tələbatlarının ödənilməsi, gələcək nəsillərin maraqlarının nəzərə alınması və onların payına toxunulmaması istiqamətinə yönəldilməlidir. Başqa sözlə desək, davamlı inkişafda hər şey yalnız insan inkişafına təminat verməli və buna zəmin yaratmalıdır.

Nəqliyyatın davamlı inkişafının nəzəri əsası kimi mühüm rol oynayan məsələlərdən biri də həyat keyfiyyətidir ki, bu da dünyanın tanınmış alimlərindən olan Y.Tinbergenin adı ilə bağlıdır. Ümumi davamlı iqtisadi inkişafda olduğu kimi, nəqliyyatın davamlı inkişafında da həyat keyfiyyətinin əsas mahiyyəti sosial-iqtisadi və ekoloji baxımdan normal yaşayışın təmin olunmasından ibarətdir.

Mahiyyətcə davamlı inkişaf konsepsiyası, o cümlədən nəqliyyat sisteminin davamlı inkişafı mövcud problemlərə keyfiyyətcə yeni yanaşmadır. Davamlı inkişafa dair fikirlərə istər bir sıra beynəlxalq sənədlərin müddəalarında, istərsə də ayrı-ayrı alimlərin əsərlərində rast gəlinir. Məsələn, bir qisim tədqiqatçılar (R.Kostansa, K.Folke və s.) davamlı inkişafla bağlı üç problemi ayırırlar ki, bu problemlər də bir-birilə qarşılıqlı əlaqədədir:

- iqtisadi tərəqqi ilə ekoloji sistemin uzlaşdırılması;
- təbii-iqtisadi resursların indiki və gələcək nəsillər arasında, eləcə də ümumilikdə canlı aləm arasında ədalətli bölüşdürülməsi;
- kapital bölgüsünün də nəzərə alınması ilə resurslardan istifadənin zamana görə  effektiv bölgüsü.

Məhz bu baxımdan da, davamlı inkişafa dair konseptual yanaşma üç əsas baxışın birləşməsi nəticəsində yaranmışdır ki, bunlar da, yuxarıda qeyd edildiyi kimi, birbaşa nəqliyyat sisteminin fəaliyyəti ilə bağlı olan sosial, iqtisadi və ekoloji istiqamətlərdir. Bütün bu istiqamətlər nəqliyyat sistemi, daha konkret desək avtomobil nəqliyyatı ilə əlaqədardır.

Beləliklə, nəqliyyat sistemi, onun ayrı-ayrı növləri milli iqtisadiyyatın davamlı və dinamik inkişafının ən mühüm amillərindən biridir. Yəni normal və səmərəli nəqliyyat xidmətləri milli iqtisadiyyatın davamlı inkişafının zəruri şərtlərindən biridir. Yeni-müstəqil nəqliyyat sisteminin formalaşması xüsusiyyətlərinin araşdırılmasından bu nəticəyə gəlmək mümkündür ki, qloballaşma və inteqrasiya proseslərinin intensivləşməsi nəqliyyatı milli çərçivədən çıxararaq dünya nəqliyyat sisteminin tərkib hissəsinə daxil etmişdir. Ona görə də nəqliyyat sistemi qarşısında dayanan tələblər də milli sənədlərlə yanaşı, həm də beynəlxalq razılaşmalardan irəli gəlir. Yükgötürmə qabiliyyəti daha çox, yüksək sürətli, təhlükəsiz, ekoloji zərərsiz, yük növlərindən asılı olaraq daşıma qaydalarına riayət edə bilən çevik nəqliyyat sisteminin formalaşdırılması başlıca tələblərdir. Bütün dünyada davamlı inkişaf konsepsiyasının xüsusi aktuallıq kəsb etdiyini nəzərə alaraq nəqliyyat sisteminin fəaliyyətinin də davamlı inkişafla bağlı beynəlxalq sənədlərin tələblərinə uyğunlaşdırılması müasir dövrün əsas çağırışlarından biridir.

Əslində nəqliyyat elə bir sahədir ki, hər bir istiqamətdə inkişafın təmin olunmasında bu və ya digər dərəcədə iştirak payına malikdir. Ona görə də davamlı inkişafa dair sənədlərdə əks olunmuş, minilliyin məqsədlərinə daxil olan, yoxsulluğun aradan qaldırılması, sərfəli və təmiz enerji, layiqli əmək və iqtisadi artım, ətraf mühitin qorunması, qarşılıqlı əməkdaşlığın inkişafı və s. istiqamətlərin hər biri nəqliyyat xidmətləri, yol-nəqliyyat kompleksi ilə birbaşa bağlıdır. Bu mənada davamlı inkişafla bağlı sənədlərin ayrı-ayrı bəndlərində irəli sürülən tövsiyyələr də nəqliyyat sistemi ilə əlaqədardır və cəmiyyətin tələbatlarına uyğun müasir nəqliyyat xidmətlərinin qarşısında dayanan tələbləri özündə əks etdirir.

BMT Baş katibi Antonio Quterreşin “Nəqliyyat dünyanın qan dövranı sistemini təmsil edir, insanları və malları planetin hər yerinə çatdırır, iş yerləri yaradır və rifahı dəstəkləyir. Lakin bu sektor iqlim xaosunu da artırır. Quruda, dənizdə və havada motorlu nəqliyyatda istifadə olunan enerjinin 91 faizi qazıntı yanacaqlarından əldə edilir. Bu sektorda dekarbonizasiya aparılması ən çətin vəzifələrdən biridir. Amma mən əminəm ki, bəşəriyyət iqlimi məhv edən mədən yanacaqlarından asılılığı aradan qaldırmaq və innovativ bərpaolunan enerji mənbələrinə əsaslanan davamlı, səmərəli və aşağıkarbonlu nəqliyyat sistemləri yaratmaq problemini həll edə biləcəkdir. Elektrik və günəş enerjisi ilə işləyən nəqliyyat vasitələrinə, bərpaolunan aviasiya yanacağı mənbələrinə, yaşıl ictimai nəqliyyat sistemlərinə böyük investisiyalar, aşağıkarbonlu yanacaqlara subsidiyalar kimi tədbirlər planetimizi insanlar üçün daha təmiz hala gətirəcək. Bütün bu tədbirlər yubanmadan həyata keçirilməlidir” fikirləri də yaşıl və ya dayanıqlı nəqliyyatın formalaşdırılmasının zəruriliyini bir daha ifadə edir.

Dayanıqlı və ya yaşıl nəqliyyat işçi qüvvəsinin və əmtəələrin mobilliyi, xidmətlərin və infrastrukturun əlçatanlığı, indiki və gələcək nəsillərə fayda vermək naminə iqtisadi və sosial inkişafın təmin edilməsi baxımından həyati əhəmiyyət kəsb edir. Təbii ki, qeyd edilənlərə rəğmən, nəqliyyat təhlükəsiz, sərfəli, əlçatan, səmərəli və davamlı olmalıdır. Məhz bu baxımdan da,  dayanıqlı nəqliyyata nail olmaq özlüyündə məqsəd deyil, davamlı inkişafa nail olmaq üçün bir vasitədir. 

Cross Media Təhlil Mərkəzi

 

Saytın adı: www.crossmedia.az

Domen adının sahibi: "Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Mübariz Göyüşlü

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: info@crossmedia.az

Fəaliyyətə başladığı və onlayn media redaksiyası olaraq Media Reyestrinə daxil edilmə tarixi:
1 noyabr 2024-cü il