Kəlbəcərin sıldırım qayalıqları, büllur suları və əsrarəngiz təbiəti bu gün yenidən Azərbaycanın müstəqil ruhunun simvoluna çevrilib. Hər qarışı və hər bucağı tarixi izlər, mədəniyyət inciləri ilə zəngin olan bu torpaqlar, 2020-ci ilin Şanlı Zəfəri ilə yalnız azad olunmadı, həm də Azərbaycan xalqının milli ruhunun, iradəsinin və gücünün təcəssümü oldu. Bu Zəfər, xalqımızın qəlbində həm keçmişə olan bağlılığı, həm də gələcəyə olan inamı bir daha möhkəmləndirdi.
Azərbaycanın son 300 illik tarixində belə bir dönüş nöqtəsi olmamışdı və Azərbaycan prezidentinin düzgün qurulmuş siyasəti sayəsində Kəlbəcər (o cümlədən Ağdam Laçın) diplomatik yolla, Ermənistanın məğlubiyyətini qəbul etdiyi kaputulyasiya aktının imzalanması ilə azad edildi. Bu dönüş nöqtəsini yaradan xalqın iradəsi, ordumuzun gücü və Azərbaycanın lideri İlham Əliyevin düzgün yeritdiyi siyasət oldu. Tarixi anlar yalnız səbrlə gözlənilməz, həm də müdrik strategiya və dəmir iradə ilə yaradılar. Kəlbəcərin işğaldan azad olunması isə bu strategiyanın parlaq nümunəsi idi.
Bu tarixi Zəfərin qüdrətli memarı İlham Əliyevdir. Prezidentlik fəaliyyətinə başladığı ilk gündən ölkənin siyasi, iqtisadi və hərbi gücünü artırmaq istiqamətində əzmlə çalışan İlham Əliyev Qarabağın azad olunması üçün uzunmüddətli və strateji bir siyasət həyata keçirdi. Onun rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələrinin müasirləşdirilməsi və gücləndirilməsi, dünyanın ən qabaqcıl hərbi texnologiyalarının əldə edilməsi ilə nəticələndi. Azərbaycan Ordusu bu gün regionun deyil həm də dünyanın ən güclü 50 ordusundan biri hesab olunur və bu uğurun səbəbi Ali Baş Komandan İlham Əliyevin uğurlu siyasətidir.
Diplomatik arenada da İlham Əliyev Azərbaycanın maraqlarını qorumaq və Qarabağ həqiqətlərini dünyaya çatdırmaq üçün ardıcıl səylər göstərdi. Prezidentimiz düşmənə qarşı diplomatiyayla yanaşı uğurlu informasiya və təbliğat kompaniyası da həyata keçirdi. Həmçinin İlham Əliyev illər boyu beynəlxalq təşkilatlarda Azərbaycanın haqlı mövqeyini müdafiə edərək dünya birliyini ədaləti dəstəkləməyə çağırdı. Məhz onun rəhbərliyi ilə Ermənistanın təcavüzkar siyasəti beynəlxalq səviyyədə ifşa olundu və Azərbaycan daha güclü mövqeyə sahib oldu.
Kəlbəcərin azad olunması isə onun siyasi müdrikliyinin parlaq nümunəsidir. Bu ərazi hərbi əməliyyatlarsız, yalnız diplomatiya və Ermənistanın məğlubiyyətini qəbul etməsi ilə qaytarıldı. Bu, İlham Əliyevin həm beynəlxalq arenada, həm də regionda güc balansını qorumaq və Azərbaycanın maraqlarını təmin etmək istiqamətində nə qədər ustalıqla çalışdığını göstərir.
Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan yalnız Qarabağda qələbə qazanmadı, həm də regionun yeni reallıqlarını formalaşdırdı. Bu reallıqlar Cənubi Qafqazda sülhün və sabitliyin əsasını təşkil edir. Onun "Qarabağ Azərbaycandır!" şüarı bu gün hər bir azərbaycanlının qəlbində milli qürur hissi ilə əks-səda verir.
Bu Zəfər yalnız hərbi uğur deyildi. Bu, həm də ədalətin təntənəsi, xalqın öz torpaqlarına və milli dəyərlərinə sahib çıxmasının parlaq təcəssümü idi. 30 illik həsrətdən sonra Kəlbəcər və digər işğaldan azad olunmuş bölgələr bu gün yenidən dirçəlir. Hər bir kənd, hər bir şəhər bərpa olunaraq yeni həyatla qovuşur. Bu dirçəliş yalnız Azərbaycan üçün deyil, bütövlükdə regionun inkişafı üçün də yeni imkanlar açır.
Deputat Ceyhun Məmmədov Crossmedia.az saytına verdiyi açıqlamada Kəlbəcərin diplomatik yolla azad edilməsindən danışıb. "Kəlbəcər Müzəffər Ali Baş Komandanın İkinci Qarabağ müharibəsində yürütdüyü hərbi-siyasi yolun davamı olaraq bir güllə atılmadan azad edildi və düşmən rayondan çıxmağa məcbur edildi.
Kəlbəcər işğaldan azad edildikdən sonra Göygöl rayonunda Toğanalı-Kəlbəcər avtomobil yolunun 13-cü kilometrliyində inşa edilən iki tunelin tikintisi, yeni tikilmiş “Kəlbəcər-1” Kiçik Su Elektrik Stansiyasının və Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin açılışları, Kəlbəcər-Laçın avtomobil yolunun inşası və Laçın rayonunda 110 kV-luq “Qorçu” elektrik yarımstansiyasında aparılan işlər və digər bərpa işləri görülməkdədir.
Qısa müddət ərzində lazım olan bütün bərpa işləri aparılmaqdadır və Prezident İlham Əliyevin rəhbərliyi ilə Kəlbəcər də yenidən Azərbaycanın ən gözəl bölgələrindən biri olacaq və Kəlbəcər əhalisi yenidən o gözəl torpaqlarda qurub-yaratmağa başlayacaqlar".
Kəlbəcərdən baxanda görünən mənzərə Azərbaycanın gücünün, iradəsinin və milli ruhunun yüksəlişini göstərir. Bu Zəfər bir daha sübut etdi ki, Azərbaycan xalqı nə qədər çətin sınaqlarla üzləşsə də, öz milli kimliyini, qürurunu və torpaqlarını heç vaxt unutmayacaq. Bu gün Azərbaycan daha güclü, daha müstəqil və daha qürurludur. Bu gücün əsasında isə xalqın birliyi, şəhidlərin qanı və liderimizin müdrikliyi dayanır.
Şanlı Zəfər tarixə əbədi həkk olundu! Bu zəfəri Ali Baş Komandan, xalq və ordu birliyi mümkün etdi. Azərbaycan bir daha sübut etdi ki, o, heç vaxt haqqından, hüququndan və torpaqlarından vaz keçməz!
Ayhan Ağarzayev