Yaşadığımız əsr daim inkişaf və tərəqqi tələb edir. Durmadan inkişaf edən texnologiya insan fəaliyyətinin bütün sahələrində özünü göstərdiyi kimi hərbidə də özünəməxsus rola malikdir. Son dövrlərdə hərbi sahədə olan dron texnologiyası inqlabi yeniliklərdən biridir. Bu, pilotsuz uçuş aparatları müasir döyüş taktikalarının və strategiyalarının əsas hissəsinə çevrilmişdir. Dronlar yalnız kəşfiyyat və müşahidə kimi ənənəvi məqsədlərlə məhdudlaşmır. Ondan zərbə endirmə, rabitə, logistika və hətta xilasetmə əməliyyatlarında da geniş tətbiq olunur. Dronların sürət, dəqiqlik və insan həyatı riskini minimuma endirmə qabiliyyəti, onu müasir ordular üçün əvəzedilməz resursa çevirib. Bu yazıda dron texnologiyasının müasir hərbi əməliyyatlarda olan funksiyaları və bu texnologiyanın müharibə taktikalarını necə dəyişməsi araşdırılacaq.
Mövzuyla bağlı hərbi ekspert Emin Həsənli qeyd edir ki: “Son dövrdə baş verən müharibələr müasir texnologiyalar vasitəsilə aparılan müharibələrdir ki, bu texnologiyalar sırasına dronları da aid etmək olar. Biz dronun hərbidə istifadəsini 2-ci Qarabağ müharibəsində və qardaş Türkiyənin Suriyada keçirtdiyi təlimlərdə gördük. İndi isə Rusiya-Ukrayna müharibəsində və İsrailin yaxın Şərqdə istifadə etdiyini görürük. Müharibəyə və silahlara baxış artıq dəyişib. Bu gün kiçik hərbi hissələrin belə, texnologiyalar vasitəsilə böyük uğurlar əldə etdiyinin şahidi oluruq. Müasir texnologiyaya uyğun silahların, böyük tanklardan, raket komplekslərindən daha üstün olduğunu, bəzi yerlərdə hətta təyyarə və helikopterləri belə üstələdiyini görürük. Bu, o demək deyil ki, ənənəvi silahlar müharibədə artıq lazım deyil. Ancaq elə situasiyalar yaranır ki, dronlar mahiyyət etibarilə daha çox əhəmiyyət kəsb edir. Öz aktuallığını artıran məsələlərdən biri də dron hücumlarından müdafiədir. Dövlətlər bunu da nəzərə almağa başlayıb ki, dronlar daha böyük faciələr və problemlər yaratmasın. Zaman keçdikcə, ənənəvi müharibələrin yerini texnologiya müharibələri alacaq və yaxın gələcəkdə daha başqa yenilikləri müşahidə edəcəyik. Belə ki, əvvəllər əsrlər boyu qılınc qalxanla müharibə aparılırdısa və əsrlər sürən inkişafdan sonra odlu silahlar meydana çıxdısa indi demək olar ki, hər həftə, hər gün yeniliklər olur. Ona görə də dövlətlər büdcələrinin böyük bir hissəsini öz müstəqilliyini və ərazi bütövlüyünü qorumaq üçün ordu quruculuğuna və xüsusən ordularının silahlandırılmasına ayırırlar ki, bu proses getdikcə sürətlənir və sürətlənməyə də davam edəcək”.
Texnologiyaların inkişafı yeni taktika və strategiyalar yaradır. Bu taktika və strategiyaların hədəfi daha az insan tələfatı və tez bir zamanda qələbə çalmaqdır. Həmçinin ekspertin də qeyd etdiyi kimi bu texnologiyalardan istifadə ilə yanaşı, o texnologiyalardan müdafiəni də mənimsəmək və təkmilləşdirmək labüddür.
Ayhan Ağarzayev