"Vətəndaş A" bu gün yenilik yaratmaq iddiasında olan, maraqlı süjeti və təsirli personajları ilə diqqət çəkən seriallardan biridir.
Düşündürücü bəzəndə mübahisəli sujeti olan bu serial cəmiyyətimizin həssas məsələlərinə toxunaraq, hər yaşdan olan izləyiciləri düşünməyə vadar edir. Elə məhz bu serialın ssenari müəllifi Asiman Ağa Rövşən Crossmedia.az-a verdiyi müsahibədə serialın uğurlu yolculuğundan söz açdı.
- Serialın yaranma prosesi necə başladı? İlk ideya necə formalaşdı?
-O vaxt SFN şirkəti vasitəsi ilə İctimai televiziyaya əlimdə olan 3 serial sinopsisini göndərməli idim. Biri detektiv, biri komediya, biri kriminal dram janrında idi. Elə oldu ki, həmin ərəfədə Mədəniyyət kanalında Akademik Milli Dram Teatrında hazırlanan "Almaz" tamaşasını göstərirdilər. Bir vaxt özüm aktyor kimi həmin tamaşada iştirak etmişdim. Dedim elə tamaşaya baxıb o illəri xatırlayım, birdən ağlıma gəldi ki, "Almaz" pyesi əsasında da serial çəkmək olar. Bir sinopsis yazıb prodüsserimiz Sevinc Əliyevaya verdim. O da bayaq dediyim üç sinopsislə birgə apardı İctimai televiziyaya. İctimai televiziya "Vətəndaş A"nı seçdi. Bu, mənim ilk serial ssenarisi yazmaq təcrübəmdir. Amma gözümü qorxutmadım. Ssenarini yazarkən özümə aşıladım ki, Asiman, sən əla bir iş çıxaracaqsan ortaya. Bu dalğaya köklənib yazdım. Düşünüb tapmaqdan yazı prosesinə, son nöqtəni qoymağa qədər iki aydan az vaxt keçdi. Təcrübəsiz və tək ssenarist üçün bu cür qısa zaman ərzində o boyda materialı keyfiyyətlə təhvil vermək özü böyük işdir. Məsələnin rejissor tərəfi çox önəmlidir. Elvin bacarıqlı, işini bilən rejissordu. Ona təşəkkür edirəm ki, ssenarist kimi mənə güvəndi. Elvinlə ilk işbirliyimiz uğurlu oldu. Serialın uğuru baxımından rejissor-ssenarist tandemi önəmli idi. Ümumiyyətlə "Vətəndaş A" burada zəhməti olan hamının uğurlu birliyinin nəticəsidir. Fürsətdən istifadə edib serialda əməyi keçən hər kəsə təşəkkür edirəm, uğur diləyirəm. Yeri gəlmişkən, ssenarinin ilkin adı "Vətəndaş A" yox, "Yüzillik müharibə" idi. Sonra ad dəyişməli oldu. Serialın rejissoru Elvin Rüstəmzadə "Vətəndaş A" adını təklif etdi. Bu adda hamımız razılaşdıq.
- Serialı yaradan zaman qarşıya qoyduğunuz hədəfə çata bilirsinizmi?
-Hədəf mümkün qədər geniş auditoriyaya çıxmaq idi və görünən odur ki, bunu bacarmışıq. Əvvəldən buna inanırdım.
- Serial vasitəsilə cəmiyyətə çatdırmaq istədiyiniz əsas mesaj nədir?
-Almazın serialdakı monoloqundan bir cümləni yada salaq: "Azadlıq insanın ləyaqət sınağıdır".
- Serial yayımlandıqdan sonra ictimai reaksiyaları necə qiymətləndirirsiniz?
-"Vətəndaş A"nın uğuru fantastik həddədir. Hər yerdə danışılır, müzakirə olunur. Serialı geniş tamaşaçı auditoriyası sevərək izləyir, hər zümrədən insan bəyənib. Bunun sevincini yaşayıram. Biz bacardıq. Bir sıra tənqidi rəylər də olur ki, bu da təbiidir. "Vətəndaş A" yüz dollarlıq əsginas deyil ki, hamı bəyənsin. Təhqirə, atmacaya gəldikdə, hamı öz səviyyəsini qoyur ortaya. Uğurumuzu bəzilərinin gözü götürmür. Yazığım gəlir onlara. Nə zaman uğurlu iş çıxır, hikkədən partlayırlar. Hər uğurlu iş çıxanda ömürlərindən on il əskilir. Yalandan nələrisə bəhanə edib hücum çəkirlər. Paxıl "gözüm götürmür, paxıllığım tutur" deməyəcək ki. Onu da deyim ki, başqalarının paxıllıq hissini qazanmaq asan deyil. Bacarığın çatmalı, yaxşı iş görməli, uğura nail olmalısan ki, sənə paxıllıq bəsləsinlər. "Vətəndaş A" kollektivi bunu bacarıb. Kimlərsə bizim uğurumuza səmimi qəlbdən sevindi, kimlərinsə gözü götürmədi.
- Gələcəkdə bu tip layihələr gözlənilirmi? Ümumiyyətlə gələcək layihələriniz haqqında bizə nə deyə bilərsiniz?
-Əlbəttə gözlənilir. Hələlik onu deyə bilərəm ki, "Chanel, Versace və barıt qoxusu" ssenarim əsasında "Otel Loo" adlı tammetraj bədii film çəkilib. İndi post-prodakşn mərhələsindədir, üzümüzə gələn ilin fevral ayından kinoteatrlarda nümayiş olunacaq. Janrı komediyadır. Rejissoru yenə Elvin Rüstəmzadədir. Quruluşçu operatoru "Vətəndaş A"nın quruluşçu operatoru Vasif Vəlizadədir. Vasif də bacarıqlı, işinə bələd insandır. Prodüsserlər İslam Ağa və Nurlan Qarayevdir. Aktyorlar isə Azər Aydəmir, Oksana Rəsulova, Günəş Mehdizadə, hansı ki, "Vətəndaş A"da Almazı məharətlə canlandırıb, Ramil Məmmədov, Səmimi Fərhad, Nurlan Süleymanlı, Kamil Nazim, Nihad Heybətov, Mələk Hacıyeva və digərləri. Mən özüm də aktyor kimi iştirak etmişəm.
Elnurə Kərimova