İqtisadiyyat

Parlamentin noyabrın 25-də keçirilən iclasında iqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib ki, bu il adambaşına düşən ÜDM-in 7200 dollar olacağı gözlənilir. Həmçinin o qeyd edib ki, Cari ilin oktyabr ayında Beynəlxalq Valyuta Fondu dünya iqtisadiyyatının artım tempini cari və növbəti ildə 3,2 faiz səviyyəsində proqnozlaşdırır. Azərbaycan iqtisadiyyatı isə həm son illərdə, həm də cari ildə dayanıqlı inkişaf nümayiş etdirir. Bəs iqtisadiyyatın inkişafına təsir edən əsas amillər nələrdir? Gələcək illərdə də bu inkişafın davamlı olması gözlənilirmi?

Məsələ ilə bağlı iqtisad elmləri doktoru Rüfət Quliyev Crossmedia.az-a açıqlamasında bildirib ki, hökümət hansı rəqəmləri səsləndirirsə, adətən biz onlara nail oluruq, burada şübhə yoxdur:

Rüfət Quliyev: Kriptovalyuta ilə məşğul olan tanışım “salam” verəndə 10 min  dollar maaş təklif olunur

"Ola bilər ki, tarixən bir və ya iki dəfə müəyyən problemlər yaranıb. Bu 2015-2016cı illərdə məcburi devalvasiya ilə əlaqədar, ikinci dəfə isə pandemiya vaxtı baş verib. Burada müəyyən makroiqtisadi rəqəmlərin korreksiyası olub. Nəzərə alaq ki, dünyada gedən olaylar, iqtisadi dəyişikliklər, maliyyə dəyişiklikləri və pandemiya vaxtı virusun şiddətli formada artması dünya iqtisadiyyatını  təxminən 10%ə qədər geriyə saldı. Bu da təbii ki, bütün ölkələrin, o cümlədən, Azərbaycanın da iqtisadiyyatına təsir etdi. Amma bu, birmənalıdır ki, iki halı çıxmaq şərti ilə iqtisadiyyat naziri, hökümət, nazirlər kabineti tərəfindən istənilən makroiqtisadi  rəqəmlər səslənilibsə, həmişə həyata keçirilib.  Orta hesabla son illəri götürsək  ÜDM-nin inkişafında ən azı 3,5 - 7%-ə qədər ilbəil artım müşahidə olunur. O cümlədən, qeyri-neft sektorunun iqtisadi artımı 50% də bu rəqəmdən artıq olur. Bu da onu göstərir ki, Azərbaycanda iqtisadi artımı təmin etmək üçün kifayət qədər imkanlar var. Ənənəvi formada bu neft-qaz istehsalı və ixracatıdır. Eyni zamanda kifayət qədər neft-qaz borularımız var. Biz artıq qazın da ixracatını artırmışıq. Təkcə Avropada 7,8 ölkəyə təxminən 12-13 milyard kub qaz ixrac edirik. Bu ölkələrin sayı da, ixracat da artacaq. Gələcək illərdə qaz ixracatı 2 dəfəyə qədər artırılmalı, 26-27 milyard kuba çatdırılmalıdır. Nəzərə alaq ki, bu günlərdə qazın qiyməti də kifayət qədər yüksəkdir. Düzdür, 2-3 il bundan öncəki kimi qeyri-adi yüksəklik yoxdur. Amma bu, kifayət qədər milli iqtisadiyyata öz töhfəsini verir"

Həmçinin iqtisadçı qeyd edib ki, bizim emal məsələlərimizdə, kənd təsərrüfatında artım müşahidə olunmaqdadır:

"Düzdür, istərdik ki, kənd təsərrüfatının artım templəri  daha da yüksək olsun. Təkrar emal,  yeni sahə olan turizm, yeni texnologiyaların tətbiqi müşahidə olunur, həmçinin artıq bizim göydə 3 süni peykimiz var. Bunlar da kifayət qədər Azərbaycana valyuta ilə qazanc verir.  Əgər iqtisadi artım varsa, burada müəyyən göstəricilər cürbəcür sahələrdən asılıdır. Gələcəkdə Ələtdə azad iqtisadi zonanın formalaşması və inkişafına böyük ümid bəsləyirik. Bu, Azərbaycan üçün böyük bir təkan verəcək. Regional layihələrimizi də praktiki  yekunlaşdırmışıq. Yəni bütövlüklə infrastruktura regionlarda qurulub. Azərbaycanın mərkəzi şəhərləri üçün sahibkarlıq və iqtisadi fəaliyyət üçün yaxşı münbit şərait yaradılıb. Eyni zamanda son illərdə azad olunmuş torpaqlara, iqtisadi regionalara milyardlarla investisiya qoyulur. Təbii ki, təxminən 2, 3 ildən sonra artım tempi ilə oradan da gələn gəlirlər, yeni iş yerləri büdcəyə müsbət təsirini göstərəcək. İstənilən sahəyə baxsaq bizim orada artımımız var. İqtisadi artım tək bir sahədən getmir. Bu, müxtəlif sahələrdə özünü göstərir. Ona görə də, fikrimcə, biz dövlətin verdiyi proqnozlara inana bilərik. Əsaslı formada mexanizmdə bu artım həyata keçirilir və biz gələcəyə böyük ümidlə baxa bilərik". 

Gülşad İbrahimova

Saytın adı: www.crossmedia.az

Domen adının sahibi: "Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Mübariz Göyüşlü

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: info@crossmedia.az

Fəaliyyətə başladığı və onlayn media redaksiyası olaraq Media Reyestrinə daxil edilmə tarixi:
1 noyabr 2024-cü il