Stenford Universitetinin professoru və beynəlxalq məsələlər üzrə ekspert Artur Xaçikyan, Ermənistanın ABŞ-dakı mövqeyi və erməni diasporunun siyasi seçimi barədə narahatlıq ifadə edib. O bildirib ki, Donald Trampın mümkün yeni administrasiyası Ermənistana qarşı daha sərt mövqe tutacaq, xüsusilə də Ermənistan hakimiyyətinin Kamala Harrisi dəstəkləməsi nəzərə alındıqda. Xaçikyan, ABŞ-ın erməni diasporunun gələcəkdə Vaşinqtonda təsirini itirə biləcəyindən və Paşinyan hökumətinin qlobalist siyasətə görə təcrid ediləcəyindən ehtiyat edir.
Mövzu ilə bağlı Crossmedia.az-a açıqlama verən politoloq Zeynal Əmrəliyev isə ABŞ-ın xarici siyasətində mövcud dinamikaları izah edir. O vurğulayıb ki, prezident seçkiləri dövründə, həm Donald Tramp, həm də Kamala Harris erməni diasporasının gücündən istifadə etmək üçün uyğun bəyanatlar verməyə çalışdılar. Əmrəliyev qeyd edir ki, tarixi olaraq, Demokratlar ermənilərlə daha sıx münasibətlər qurmuş və onların dəstəyini qazanmağa çalışmışlar. Co Bayden administrasiyası dövründə də Ermənistan-ABŞ münasibətləri daha müsbət inkişaf etmişdir.
Politoloq Əmrəliyev, erməni diasporasının ABŞ siyasətində mühüm rol oynadığını bildirir. Kamala Harrisin erməni icması tərəfindən dəstəklənməsi gözlənilən idi, çünki bu icma ənənəvi olaraq Demokratlara daha yaxın mövqe tutmaqdadır. Digər tərəfdən, Donald Tramp-ın prezidentlik kampaniyası dövründə ermənilərin yaşadığı bölgələrdən səs qazanmaq üçün bəzi müsbət bəyanatlar verməsi, bu diasporanı cəlb etmək üçün bir addım idi. Lakin Əmrəliyev, Trampın bəyanatlarının reallaşması ilə bağlı şübhələr olduğunu vurğulayır.
Əmrəliyevin sözlərinə görə, ABŞ-ın xarici siyasətində Ermənistanla yanaşı, Azərbaycan da mühüm yer tutur. O bildirib ki, ABŞ-ın Azərbaycana təzyiq göstərmə cəhdləri indiyədək uğursuz olub. Bu, Azərbaycanın qlobal səhnədə güclü və müstəqil mövqeyinin bir göstəricisi kimi qiymətləndirilməlidir. Fransanın və Co Bayden administrasiyasının təzyiqlərinə baxmayaraq, Azərbaycanın mövqeyini qoruması, onun regional lider kimi statusunu təsdiqləyir.
Donald Trampın yeni administrasiyasının yaranması halında, ermənilərə daha müsbət yanaşacaq şəxslərin vəzifəyə gətiriləcəyi ehtimal olunsa da, Zeynal Əmrəliyev ABŞ-ın xarici siyasətinin əsas prinsiplərinin dəyişməz qaldığını vurğulayır. Onun fikrincə, ABŞ xarici siyasəti geniş dairələr tərəfindən formalaşdırılır və mövcud administrasiyalar yalnız bu siyasətə müəyyən dəyişikliklər edə bilərlər. O əlavə edib ki, Donald Trampın biznes maraqları ABŞ-ın xarici siyasətinə təsir göstərə bilər, bu isə regionda Azərbaycanla yaxşı münasibətlərin qurulmasını zəruri edir.
Nihat Tahirov