Məlum olduğu kimi, bu günlərdə Avropanın ikiüzlü yanaşmasının daha bir nümunəsi ilə rastlaşdıq. Zatən, Avropanın ikili yanaşması, həqiqəti deyil özlərinə sərf edəni və ya haqqını aldıqlarını səsləndirmələrinə artıq adət etmişik. Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı dövründə Avropanın müxtəlif qurumlarının, siyasətçilərinin “həyasızlıq nümunələri” saymaqla bitməz. Ona görə də “Politico”nun Avropa nəşrində “Azərbaycanın Avropaya qaz qambiti - Rusiya üçün yaxşı xəbərdir” dezinformasiyası da ciddi narahatçılıq yaratmır və Avropanın adət etdiyimiz ikili siyasətinin davamıdır. Sadəcə burada fərqlilik ondan ibarətdir ki, enerji təminatı baxımından Azərbaycandan asılı olan, qışın soyuğunda, boranda, qarda donmadıqları üçün dəfələrlə müxtəlif Avropa ölkələrinin liderləri tərəfindən təşəkkür edilən Azərbaycan qaz ixracına görə günahlandırılır, iddia edilir ki, Azərbaycan Rusiya qazını alıb, Avropaya ixrac edir. Xalq arasında yayılmış məşhur söz yada düşü: Mən elə paxılam ki, istəmirəm qonşu mənə pay versin.
Əslində isə, bizim məqsədimiz “Politico”ya kimsənin oturduğu budağı silkələməsinin yaxşı hal olmadığını izah etmək deyil. Əsas məqsədimiz “Yaxın qonşu uzaq qohumdan yaxşıdır” deyiminə uyğun olaraq, qloballaşmanın, yoxsa regionallaşmanın daha səmərəli olduğunu, ümumilikdə real dünyada hansı prosesin baş verdiyini qısaca izah etməkdir.
Torpaqlarımızın 30 illik işğal tarixində rastlaşdığımız çoxüzlü yanaşmalar, mənasız, boş-boş bəyanatlar, 44 günlük Vətən müharibəsində region dövlətlərinin ədalətli, beynəlxalq hüquqa uyğun yanaşmasına rəğmən, Avropanın bəzi dairələri və siyasətçilərinin “az qala Bərdəyə, Gəncəyə dinc əhaliyə də raketlərin Azərbaycan tərəfindən atıldığını” sərsəmləməsi, hər şeyi çıxlapqlığı ilə ortaya qoyur. BÜTÜN BUNLAR QLOBALLAŞMANIN, YOXSA REGİONALLAŞMANIN daha yaxşı olduğunu aydınlaşdırır.
Ümumilikdə isə, müasir dövrdə qloballaşmaya bərabərölçülü olmayan, özünün konkret formasını daim dəyişən təzadlı bir proses kimi yanaşılır. Əslində isə, qloballaşma öz məzmununda beynəlxalq ticarətin genişlənməsi və korporativ iqtisadiyyatın transmilli tipi fonunda ölkə və regionların qarşılıqlı asılılığının real artımını təcəssüm etdirir.
Son 20 ildə elmi mənbələrdə qloballaşmanın qlobal artıma müsbət töhfə verməsi haqqında geniş yazılmışdır. Qloballaşmanın əsas iqtisadi təsirləri, kapitalın, əmtəələrin, xidmətlərin və işçi qüvvəsinin sərbəst beynəlxalq hərəkəti də daxil olmaqla, birbaşa xarici investisiyalar (BXİ) ilə bağlıdır (Erixon, 2020). İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (İƏİT) tədqiqat qrupunun 2020-ci il araşdırmalarına görə qloballaşma inkişaf etmiş ölkələri daha da zənginləşdirdi, inkişaf etməkdə olan ölkələrin isə asılılığını çoxaltdı. Tarixən qloballaşmanın ən mühüm təsiri BXİ-ın inkişaf etmiş ölkələrdən inkişaf etməkdə olan ölkələrə doğru hərəkətini həvəsləndirmək olub. Bununla belə, hələ COVID-19 pandemiyasından xeyli əvvəl, bir sıra qlobal hadisələr BXİ-ın beynəlxalq hərəkətinə mane olurdu və nəticədə 2008-ci ildə qlobal maliyyə böhranı baş verdi. Təəssüf ki, pandemiya bu problemləri bir az da mürəkkəbləşdirərək BXİ-ın hərəkətini daha da məhdudlaşdırdı.
Birbaşa xarici investisiyaların (BXİ) iqtisadi fəaliyyət mənbəyi kimi aktuallığı son 20 ildə sürətlə artmışdır. 2000-2016-cı illər arasında BXİ ehtiyatının qlobal ÜDM-də payı 22%-dən 35%-ə yüksəlmişdir. Böyük tənəzzül dövründəki azalmadan sonra, BXİ-nin ən dinamik komponenti olan birləşmələr və satınalmalar (M&As) bərpa olundu və 2018-ci ilin birinci rübündə rekord dəyərə çataraq 1,2 trilyon ABŞ dollarına çatdı. BXİ fəaliyyətinin intensivləşməsi hər iki ölkə üçün mühüm təsirlərə malikdir, məsələn, iqtisadi artım, məhsuldarlıq, əmək haqqı və məşğulluq baxımından mənşə və təyinat ölkələri. Üstəlik, çoxmillətli müəssisələrin (TMŞ) genişlənməsi mürəkkəb transsərhəd istehsal zəncirlərinin yaradılması ilə müşayiət olundu ki, bunun da mühüm nəticələri mövcuddur.
Ənənəvi olaraq, inkişaf etmiş iqtisadiyyatlar BXİ-ın həm mənbəyi, həm də təyinat yeri kimi böyük rol oynayır. Böyük tənəzzülün başlanğıcına qədər BXİ-ın 90%-ə yaxını inkişaf etmiş ölkələrin payına düşürdü. Ayrıca Aİ ölkələrinin xaricə investisiya qoyuluşlarında payı təxminən 50% təşkil edirdi. Eyni zamanda, Aİ və digər inkişaf etmiş iqtisadiyyatlar birbaşa investisiya qəbulunda 60%-dən 70%-ə qədər paya malik idi.
2008-ci ildən sonra isə qlobal BXİ-ın mənzərəsində dramatik dəyişikliklər baş verib. İnkişaf etmiş ölkələrin xüsusi çəkisi, daxil olan (IFDI) və xaricə yönləndirilən (OFDI) investisiyalarda, müvafiq olaraq 41% və 56% təşkil edirdi. Aİ-nin OFDI və IFDI-dəki payı isə müvafiq olaraq cəmi 15% və 18%-ə qədər azalmışdır.
2008-2010-cu illərdən başlayan bu tendensiya sonrakı illərdə də davam etdi. Artıq son illər birbaşa investisiyaların həcmində müəyyən artım dinamikası müşahidə olunsa da, aparıcı mövqe daxili investisiyalaradır. Belə ki, Dünya Bankı və İƏİT-nın məlumatlarına görə 2015-2020-ci illərdə dünya üzrə kapitalın, orta hesabla, yalnız 13,2 faizi xarici investisiyalar hesabına formalaşıb. Konkret illərə gəldikdə, dünya üzrə ümumi kapitalın 2015-ci ildə 17.1, 2016-cı ildə 15.9, 2017-ci ildə 14.3, 2018-ci ildə 10.7, 2019-cu ildə 12.8, 2020- ci ildə 8,1%-i BXİ hesabına formalaşıb. 2015-2020-ci illərdə dünya üzrə formalaşan ümumi kapitalın, orta hesabla, 85.2%-i isə daxili investisiyaların payına düşür.
O cümlədən, Avropa İttifaqına (EU) daxil olan ölkələr və İƏİT (OECD) ölkələri timsalında da analoji mənzərə ilə qarşılaşırıq. 2015-2020-ci illərdə Aİ ölkələrində, ümumi kapitalın, 16.2%-i, İƏİT-da isə 12.8%-i BXİ hesabına formalaşır.
Bütün bunlar, “qloballaşmanın dövlətləri, insanları, bazarları həmişəkindən daha çox biri-birinə bağladı və milli sərhədləri keçmişin qalığı halına gətirdi” kimi yanaşmalarla uzlaşmır. Dünya investisiya axınlarının mənzərəsi qloballaşmadan daha çox regionallaşmanın sürətləndiyini deməyə əsas verir. Tədqiqatlardan aydın olur ki, yalnız 2011-2018-ci illər ərzində regional razılaşmaların sayı 445-dən 669-a qədər çoxalıb. 2011-ci ildə dünyada cəmi 9 gömrük ittifaqı olduğu halda 2019-cu ildə belə ittifaqlar 29-a qədər artıb, yalnız 2011-2019-cu illərdə 150-dən çox iqtisadi inteqrasiya sazişi, 250-dən çox ticarət müqavilələri imzalanıb. Ticarət müqavilələrinin 175-i regional sazişlərdir.
Bütün bunlar regionalllaşmanın qloballaşmadan daha sürətlə getdiyini deməyə əsas verir. Məhz, bunun nəticəsidir ki, bir çox tədqiqatçılar (məsələn Alman filosofu və sosioloqu Jurgen Habermas) regionalizmə postmilli inkişafın və demokratik siyasətin mühüm istiqaməti kimi yanaşır. Beləliklə, regionalizm coğrafi vahidin təkamül inteqrasiyasından kənara çıxan siyasi layihəsi kimi başa düşülür. Bu isə yeni qlobal nizamın ümumiləşdirilə bilən siyasi və iqtisadi kontekstə cavabıdır.
Qloballaşma iki müxtəlif prosesin - antiqlobalist hərəkatın və regionlaşmanın yaranışına səbəb oldu ki, nəticədə də qloballaşma və regionlaşmaya bir-birini tamamlayan və eyni zamanda biri digərini rədd edən proseslər kimi yanaşma formalaşdı. Əslində, görünən odur ki, qloballaşmanın təsirindən dünya iqtisadiyyatında baş verən modernləşmə özü-özlüyündə müxtəlif tipli regional birliklər formalaşdırdı. Təsadüfi deyildir ki, dünyanın ən aparısı regional birlikləri də, qloballaşmanın təkamül tapdığı son 20 ilə aiddir.
Beləliklə, qloballaşma prosesinin sona yetməməsi, ona qarşı çəkilmiş sosial-iqtisadi sipərlər regional inteqrasiyanı sürətləndirir. Bu baxımdan da, müasir dünyanı, xüsusilə dünyanın sosial-iqtisadi həyatını yalnız qlobal axın, qloballaşma ilə deyil, həm də regionallaşmanın sürətli artım meyli ilə xarakterizə etmək olar. Konkret olaraq, hansının daha səmərəli olmasına gəldikdə isə, regional inteqrasiyalar sülh və təhlükəsizlik baxımından daha səmərəli hesab edilir.
Yaxın xalqlar və dövlətlərin inteqrasiyası, əksər hallarda dil, din, coğrafi şərait uyğunluğu baxımından regional inteqrasiya daha uğurlu hesab edilir. Eyni zamanda, regional inteqrasiya həm də qloballaşmanın bir alt prosesi kimi də qəbul edilə bilər. “Politico”nun Avropa nəşri də bir daha, yuxarıda qeyd edilənləri əsaslandırır ki, UZAQ REGİON ÖLKƏLƏRİ, YAXIN AVROPADAN DAHA YAXŞIDIR.
Cross Media Təhlil Mərkəzi