Avropa

Ekspertlərinin və siyasət adamlarının, dövlətə yaxınlığıyla seçilən şəxslərin fikrincə Rusiya Avropada ciddi təhlükələr yaradır. Ekspertlər Almaniya hökumətini Vladimir Putinin hədəfləri ilə bağlı daha ayıq olmağa çağırıb.

Ekspertlər bildirir ki, Kreml hazırda nə qədər irəli gedə biləcəyini sınaqdan keçirir və Avropa artıq müharibənin ilkin mərhələlərindədir.  Rusiyanın işğalçı siyasəti nəticəsində səkkiz milyon ukraynalının didərgin düşdüyünü də xatırladıblar.

Mövzu ilə bağlı Crossmedia.az-a danışan politoloq Oktay Qasımov qeyd edib ki, ABŞ Prezidenti Co Baydenin uzaqmənzilli raketlərin Rusiya ərazilərinin vurulması üçün istifadə olunmasına icazə verməsi müharibəni yeni və daha qanlı bir mərhələyə keçirib. “Artıq bu mərhələnin ilkin əlamətləri görünür. Rusiya tərəfi buna sərt reaksiya verərək Avropa ölkələrini, xüsusən Almaniya, Polşa və Rumıniyanı hədəfə alacağını bəyan edib. Təbii ki, yaxın vaxtlarda bunun baş verəcəyini düşünmürəm. Ümumi qənaət budur ki, tərəflər hazırda 20 Yanvar sonrası dövrə hazırlaşırlar. Donald Tramp yenidən vəzifəyə gəldikdən sonra tərəfləri bir araya gətirməyə çalışacaq. O dövrə qədər hər kəs öz mövqelərini gücləndirməyə çalışır”.

Oktay Qasımov Almaniyanın müharibəyə qoşulması ehtimalı ilə bağlı bildirib ki, bu mövzuda müzakirələr Ukrayna müharibəsinin başlanmasından dərhal sonra Almaniyada gündəmə gəlib. Onun sözlərinə görə, Almaniya parlamenti 100 milyard avroluq müdafiə xərclərini nəzərdə tutan qanun qəbul edib. “Almaniya hazırda Ukraynaya fəal dəstək verən dövlətlərdən biridir. Doğrudur, uzaqmənzilli Taurus raketləri hələ ki Ukraynaya verilmir. Lakin növbəti seçkilərdən sonra, xüsusən Xristian Demokratlar hakimiyyətə gəlsələr, bu ehtimal daha da arta bilər. Almaniyanın müharibəyə cəlb olunması tamamilə istisna edilmir. Bu ehtimal az olsa da mümkündür. Bir müddət əvvəl Almaniyanın müdafiə naziri də 2030-cu ilə qədər Almaniyanın bir formada müharibədə iştirak edəcəyini bəyan edib.”

Politoloq əlavə edib ki, Almaniyanın hədəf seçilməsi əsasən onun sənayesinin hərbi yönümlü olması ilə bağlıdır. “Almaniya silah istehsalı və digər hərbi texnologiyaların inkişafı baxımından önəmli mərkəzlərdən biridir. Təbii ki, müharibə dərhal başlasa, müəyyən mərhələlər keçməlidir. Bu mərhələlər arasında psixoloji müharibə, kəşfiyyat müharibəsi, informasiya müharibəsi kimi proseslər var. Əgər Rusiya uzaqmənzilli və taktiki raketlərlə Ukraynadan sonra NATO ölkələrinə, o cümlədən Almaniyaya hücum etməyə qərar versə, bu, artıq müharibənin rəsmi şəkildə başladığını göstərəcək. Lakin hazırda əsasən informasiya cəbhəsində və psixoloji müharibə səviyyəsində proseslər müşahidə olunur”.

Nihat Tahirov

Saytın adı: www.crossmedia.az

Domen adının sahibi: "Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Mübariz Göyüşlü

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: info@crossmedia.az

Fəaliyyətə başladığı və onlayn media redaksiyası olaraq Media Reyestrinə daxil edilmə tarixi:
1 noyabr 2024-cü il