Ailə üzvləri ilə konfliktlərin həlli sağlam münasibətlərin yaradılması üçün olduqca vacibdir. Hər bir ailə müxtəlif fərdlərdən ibarət olur və onların fərqli düşüncə tərzləri, davranış modelləri olur. Bu ziddiyyətlərin düzgün idarə olunmaması münasibətlərin zəifləməsinə və bəzən ailənin dağılmasına səbəb ola bilər.
Mövzu ilə bağlı psixoloq Samirə Bağırova Crossmedia.az-a açıqlama verib:
“Hər bir ailə zaman içərisində müəyyən böhranlar yaşamış olur. Ailədaxili konfliktlər müxtəlif səbəblərdən yarana bilir və tövsiyə olunur ki, konflikt zamanı ailə üzvlərindən biri vəziyyəti üzərinə götürmüş olsun. Qızğın mübahisə, toqquşma zamanı tərəflər arasında bir-birini dinləmə problemi yarandığından duyğuları ifadə etmək çətinləşir. Uyğun olar ki, tərəflərdən biri səssizliyə üstünlük versin, yaxud bir neçə saatlıq yalnızlığa çəkilsin. Həmin saat çərçivəsində vəziyyəti yenidən təhlil etmək üçün həm şəxsin özünə, həm qarşı tərəfə şans yaranır. Təhlil zamanı konfliktin hansı səbəbdən yaranmasını, hansı səbəbdən daha da şiddətlənməsini, fikir ayrılıqlarını günahlandırmadan, hansı şəkildə həll etməyin yollarını nəzərdən keçirmək məqsədəuyğundur. Mütləq konflikt sonrası yaranmış vəziyyətə dönüş edib, aydınlıq gətirmək, üzr istəmək, addım atmaq önəmlidir. Çünki danışılmamış, həll olunmamış məsələlər digər, daha şiddətli konfliktlərə yol açmış olur”.
Psixoloq ailədaxili münaqişələrin müxtəlifliyindən söz açıb:
“Ailə daxilindəki münaqişələr çoxşaxəlidir. Valideyn-övlad anlaşması, hər iki valideynin anlaşa bilməməsi, ailəyə yaxın qohumların kənardan müdaxilələri, maddi vəziyyətin pisləşməsi, xəstəlik, stress, xarakter kimi qəbul edilən, əslində isə psixiatrik pozuntular və sairə kimi hallar konfliktə səbəb ola bilir”.
Samirə Bağırova “Ailə daxilində anlaşma necə tənzimlənməlidir?” mövzusuna da toxunub:
“Ailə daxilində qarşılıqlı anlaşma və sağlam empatiya qurulması üçün bir ailənin nizam-intizamı, mədəniyyət səviyyəsi üstün olmalıdır. Ailə daxilində qışqıra-qışqıra danışmaq, yaşından asılı olmayaraq fikri bitirməmiş sözünü kəsmək, kəskin avtoritarlıq davranışları, aşırı qadağalar, olmazlar, qarşı tərəfi önəmsəməmək, hər kiçik zəhmət üçün dəyərləndirilməmək zamanla kiçik mübahisələrdən böyük davalara çevrilə bilir. Ailədaxili bütün mənfi hadisələrin 95%-ni mədəniyyət həll edir. Mədəniyyət – ailə qurmuş hər cütlüyün ayrı-ayrılıqda az və ya çox dərəcədə əldə etdiyi vərdişlərini, savadını və tərbiyəsini, yaradıcılıq və mənəvi-əxlaqi fəallığını həm ailə içində, həm ictimai yerlərdə göstərən ən əsas amillərdən biridir”.
Bahar Musayeva