Azərbaycan bu gün qlobal enerji təhlükəsizliyində və davamlı enerji təminatında mühüm rol oynayan bir ölkə kimi tanınır. Son illərdə neft və qaz sektorunda mühüm layihələr həyata keçirən Azərbaycan, hazırda həm regionda, həm də Avropa bazarında etibarlı enerji təchizatçısına çevrilib. Bununla yanaşı, ölkə "yaşıl enerji" istiqamətində strateji addımlar ataraq bərpaolunan enerji potensialını genişləndirir.
Azərbaycan neft və qaz ixracı ilə yanaşı, xüsusən də qaz sahəsində mühüm uğurlar əldə edib. Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanın xarici bazarlara qaz ixracı 20,7 milyard kubmetrə çatıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 4,6 % artım deməkdir. Bunun nəticəsində, Azərbaycanın qaz ixracı artıq region və Avropanın 12 ölkəsini əhatə edir.
Azərbaycanın davamlı enerji siyasətində diqqət çəkən məqam, "yaşıl enerji"yə keçid strategiyasının uğurla həyata keçirilməsidir. Alternativ enerji mənbələrinin inkişafı məqsədilə dünyanın aparıcı enerji şirkətləri ilə bir neçə mühüm müqavilə imzalanıb. Bu sazişlər nəticəsində, ölkəyə 2 milyard ABŞ dolları həcmində investisiya yatırılacaq ki, bu da 2027-ci ilə qədər 2 min megavat gücündə bərpaolunan enerji istehsalı üçün zəmin yaradacaq. Beləliklə, Azərbaycanın ümumi enerji istehsalında bərpaolunan enerjinin payının 33 %-ə çatması gözlənilir.
Sözügedən mövzuyla bağlı Crossmedia.az-a danışan iqtisadçı ekspert Akif Nəsirli bildirir ki, Azərbaycanın "yaşıl enerji"yə keçidi hələ planlama mərhələsindədir. 2027-ci ilə qədər enerji istehlakının 33%-ni alternativ mənbələrdən təmin etmək hədəfi mövcuddur. Lakin mövcud vəziyyət hələ bu hədəfdən uzaqdır: 2023-cü ildə Azərbaycanda istehlak edilən elektrik enerjisinin yalnız 7%-i alternativ və bərpa olunan mənbələrdən gəlib. Bu göstəricinin 6%-i ənənəvi su elektrik stansiyalarının payına düşür, yalnız 1%-i isə günəş və külək enerjisi ilə təmin edilib.
Akif Nəsirli qeyd edir ki, bu sahədə irəliləyiş əldə etmək üçün ciddi addımlar atılmalıdır. O, Azərbaycanda keçiriləcək COP 29 tədbirinin alternativ enerji sahəsinə müsbət təsir göstərəcəyini və bu sahəyə qoyulan investisiyaların yaxın illərdə öz bəhrəsini verəcəyini gözləyir. Yeni strategiyalar və investisiyalar nəticəsində Azərbaycanın enerji siyasətində mühüm dəyişikliklərin baş verəcəyi ehtimal edilir.
Ölkənin enerji siyasəti beynəlxalq aləmdə bəzən tənqidlərlə üzləşir. Azərbaycan, əsasən neft və qaz hasilatından əldə etdiyi gəlirlər səbəbindən ətraf mühitin çirklənməsinə səbəb olmaqda günahlandırılır. Bu tənqidlər bəzən Azərbaycanı tənqid edən ölkələrin özlərinin də neft və qazdan asılılığı ilə bağlı mübahisəli məsələlər doğurur.
Buna baxmayaraq, Azərbaycan hökuməti alternativ və bərpa olunan enerji mənbələrinin inkişafı ilə bağlı mühüm addımlar atır. Akif Nəsirli bildirir ki, əgər bu sahədə irəliləyiş əldə olunarsa, ölkənin enerji təhlükəsizliyi möhkəmlənəcək və beynəlxalq aləmdəki tənqidlər azalmış olacaq.
Azərbaycanın enerji siyasətinin əsas hədəfi tükənən enerji mənbələrindən asılılığın azalmasıdır. İqtisadçılar hesab edir ki, neft və qaz kimi tükənən mənbələrdən asılılığı azaltmaq, ölkənin iqtisadi dayanıqlığını təmin etmək üçün vacibdir. Alternativ enerji mənbələrinin genişləndirilməsi ölkənin enerji sektorunda şaxələndirilmə yaradır və beynəlxalq rəqabət qabiliyyətini artırır.
Bərpa olunan enerji sahəsində xarici investisiyalar həm də iş yerlərinin açılmasına və yerli işçi qüvvəsinin məşğulluq imkanlarının genişlənməsinə səbəb olacaq. Bu sahədə edilən inkişaf, həm də ölkənin iqtisadi perspektivləri üçün vacibdir. Azərbaycan iqtisadiyyatının uzunmüddətli dayanıqlığını təmin etmək üçün alternativ enerji mənbələrinə keçidin əhəmiyyəti böyükdür. Bu prosesin müvəffəqiyyətlə həyata keçirilməsi, ölkəni həm daxili, həm də xarici bazarlarda güclü mövqeyə sahib edəcək.
Azərbaycanın enerji sektorunda atdığı addımların müsbət nəticələri gələcək illərdə daha aydın şəkildə görünəcək və ölkənin iqtisadi perspektivlərini müsbət şəkildə dəyişdirəcək.
Nihat Tahirov