Azərbaycan Respublikası Şimal-Cənub və Şərq-Qərb kimi əhəmiyyətli beynəlxalq nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşməklə Avropa və Asiyanın mühüm nəqliyyat-tranzit qovşağına çevrilməkdədir. Ölkəmizdə, hələ uzun illər öncədən başlayan infrastruktur quculuğu, yeni yolların tikintisi, nəqliyyat növləri üzrə parkın müasirləşdirilməsi və s. istiqamətlərdə davamlı şəkildə reallaşdırılan layihə və proqramlar artıq öz bəhrəsini verməkdədir.
Cənab İlham Əliyevin xalqımız tərəfindən böyük səs çoxluğu ilə Prezident seçildiyi 2003-cü illə müqayisədə 2022-ci ildə nəqliyyat sektorunda yaradılmış əlavə dəyər 7,5, ümumi mənfəət 5,9, əsas fondlar 15,1, əsas kapitala investisiyalar isə 4,3 milyard manat artmışdır. 2003-2022-ci illərdə yük daşınması 98,8 faiz, yük dövriyyəsi 305 faiz, sərnişin daşınması 76 faiz, sərnişin dövriyyəsi isə 127,1 faiz artmışdır. Nəticədə, bu müddət ərzində sahədən əldə edilən gəlir 10,3 milyard manat və ya 20,2 dəfə artmışdır. Bütün bunlar ardıcıl və planlı şəkildə reallaşdırılan nəqliyyat-infrastruktur layihələrinin real nəticələridir.
Onu da qeyd edək ki, Azərbaycan yeganə ölkədir ki, “Şimal-Cənub” və “Şərq-Qərb” nəqliyyat dəhlizləri layihələrinin ikisində də iştirak edir.
Bu gün “Dəmir İpək Yolu” adlandırılan Bakı-Tbilisi-Qars dəmir yolu Çinin elan etdiyi, Azərbaycan da daxil olmaqla, bir sıra ölkələrin dəstəklədiyi “Bir kəmər, bir yol” iqtisadi inkişaf strategiyasının tərkib hissəsinə çevrilib. BTQ dəmir yolunun başlıca vəzifəsi Çindən və Cənub-Şərqi Asiyanın digər ölkələrindən Avropaya yüklərin daşınmasıdır. İnamla deyə bilərik ki, bu dəmir yolu qitələrarası daşımalar üçün böyük imkanlar vəd edir. Avrasiyanın nəqliyyat xəritəsini yeniləşdirən, Bakı-Tbilisi-Qars Azərbaycan Respublikasını əhəmiyyətli tranzit daşınmalar mərkəzinə çevirib və bu yol ilə gələcəkdə 15 milyon tonadək yük daşımaq mümkün olacaqdır.
Ölkəmizin qoşulduğu beynəlxalq nəqliyyat dəhlizləri üzrə, artıq dinamika təmin olunmaqdadır. Belə ki, beynəlxalq nəqliyyat dəhlizləri üzrə 2023-cü ildə 32.8 milyon ton yük daşınıbdır ki, bunun da 53.0 faizi Şərq-Qərb, 28.3 faizi Şimal-Cənub, 18.0 faizi Şimal-Qərb, 0.7 faizi isə Cənub-Qərb nəqliyyat dəhlizinin payına düşür. Dəhlizlər üzrə daşınan yükün 56.8 faizini tranzit yüklər təşkil edib. 2023-cü ildə beynəlxalq nəqliyyat dəhlizləri üzrə yük daşınmasından 555.4 milyon manat gəlir əldə edilib ki, bunun da 62.2 faizi tranzit yük daşınmalarının payına düşür. 2023-cü ildə beynəlxalq nəqliyyat dəhlizləri üzrə yük dövriyyəsi 12873.6 milyon ton-km təşkil edib ki, bunun da 51.6 faizi Şərq-Qərb, 19.4 faizi Şimal-Cənub, 26.3 faizi Şimal-Qərb, 2.7 faizi isə Cənub-Qərb nəqliyyat dəhlizinin payına düşür.
Bu günlərdə isə, Azərbaycan - Çin ticarət əlaqələri tarixində ilk dəfə olaraq ixrac yükləri Bakıdan dəmiryolu nəqliyyatı ilə Çinə yola salınıb. 62 ədəd 40 futluq konteynerdən ibarət olan ilk ixrac qatarının yola salınma mərasimində Azərbaycan, Çin, Qazaxıstan və Orta dəhliz üzrə Katibliyin nümayəndələri iştirakı edib. Yükün qatarla Xəzər dənizindən keçməklə, Qazaxıstan üzərində Çinin Sian limanına çatdırılması təmin olunacaqdır. Onu da qeyd edək ki, Azərbaycan Dəmir Yolları beynəlxalq nəqliyyat dəhlizlərindən istifadə, mövcud nəqliyyat-tranzit xidmətlərinin reallaşdırılması istiqamətində beynəlxalq təşkilatlar və xarici ölkələrin müvafiq qurumları ilə mütəmadi görüşlər keçirir, ardıcıl işlər aparır. Məhz, bunun nəticəsidir ki, bu ilin sonuna qədər, layihə çərçivəsində 600 konteyner və ya daha 532 konteyner (təqribən 15 min ton) ixrac yükünün Çinə çatdırılması planlaşdırılır.
Daşınma marşrutundan da göründüyü kimi, bu bir multimodal daşınmadır və burada Azərbaycan tərəfindən ADY ilə bərabər, bir sıra digər qurumlar da iştirak edir. Başqa sözlə desək, konkret olaraq, bu layihə ADY, Abşeron Logistika Mərkəzi, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin birgə fəaliyyətidir. Təbii ki, belə layihələrin həyata keçirilməsi, ölkəmizdə özəl sektorun inkişafı, iqtisadiyyatın müxtəlif sahələrinə investisiya cəlb edilməsi və ən əsası da iştirakçı qurumların əldə etdiyi gəlirlərin artımı baxımından da xüsusi əhəmiyyət kəsb edir. Nəqliyyat-tranzit xidmətləri ilə bağlı potensial imkanların daha çox və uzunmüddətli olduğunu nəzərə alsaq, gələcəkdə oxşar layihələrin daha geniş əraziləri və daha iri həcmli daşınmaları əhatə edəcəyinə ümid edə bilərik. Bunun üçün isə, əlaqədar qurumların birgə - koordinasiyalı şəkildə fəaliyyətinin davam etməsi çox vacibdir.
Cross Media Təhlil Mərkəzi