Gündəm

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının (ICAPP) 12-ci Baş Assambleyasının iştirakçılarına müraciət ünvanlayıb. Müraciətində Prezident tədbir iştirakçılarını səmimi salamlayaraq, Kamboca Xalq Partiyasına tədbirə ev sahibliyi etdiyi üçün minnətdarlığını bildirib. O, ICAPP-ın Asiya qitəsində qarşılıqlı etimad və əməkdaşlığın gücləndirilməsində oynadığı mühüm rola toxunub.

Prezident İlham Əliyev qeyd edib ki, ICAPP fəaliyyət göstərdiyi 24 il ərzində 350-dən çox siyasi partiyanı bir araya gətirərək, qlobal məsələlərin müzakirəsi üçün unikal bir əməkdaşlıq platforması yaradıb. Bu platforma Asiya ölkələrinin xalqları arasında anlaşma və etimad mühitinin gücləndirilməsinə xidmət edir. Prezident, 12-ci Baş Assambleyanın mövzusu olan “Sülh və barışıq axtarışı”nı strateji bir prioritet kimi qiymətləndirərək, hazırkı dövrdə hərbi-siyasi böhranlar və silahlı münaqişələr fonunda bu məsələnin xüsusi aktuallıq daşıdığını vurğulayıb.

O, Azərbaycanın 2020-ci ildəki 44 günlük Vətən müharibəsi və 2023-cü ildə keçirilən antiterror əməliyyatı nəticəsində öz ərazi bütövlüyünü bərpa etdiyini və regionda dayanıqlı sülh və əməkdaşlıq üçün yeni imkanlar yaratdığını bildirib. Prezident əlavə edib ki, Azərbaycan sülh gündəliyini təşviq edərək, milli maraqlar və beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan fəaliyyətini davam etdirir. Bununla yanaşı, münaqişələrin insan itkilərinə, infrastrukturun məhvinə və iqtisadi geriləməyə səbəb olmaqla yanaşı, ətraf mühitə də uzunmüddətli ziyan vurduğunu qeyd edib.

Mövzu ilə bağlı Crossmedia.az-a açıqlama verən Milli Məclisin deputatı Könül Nurullayeva ICAPP-ın fəaliyyəti və Asiya ölkələri arasında əməkdaşlıqda oynadığı rol barədə fikirlərini bölüşərək, təşkilatın unikal bir platforma kimi əhəmiyyətini vurğulayıb. Deputat qeyd edib ki, ICAPP 2000-ci ildə Filippinin paytaxtı Manila şəhərində təsis olunduqdan sonra, müxtəlif ideologiyalara malik siyasi partiyaları bir araya gətirməkdə müstəsna rol oynayıb.

“Bilirsiniz ki, Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransı regionun siyasi, iqtisadi və mədəni inkişafına mühüm töhfə verir. Bu platforma Asiya ölkələri və xalqları arasında qarşılıqlı anlaşma və etimadın möhkəmləndirilməsi üçün böyük imkanlar yaradır. ICAPP bu gün 350-dən çox siyasi partiyanı bir araya gətirərək, regional və qlobal təhlükəsizlik məsələlərinin müzakirəsi üçün unikal mühit təmin edir,” – deyə Könül Nurullayeva bildirib.

O, ICAPP-ın Gənclər Qanadı və Qadın Qanadının fəaliyyətlərinə də diqqət çəkərək, bu strukturların səlahiyyətlərin artırılması, təhsil, məşğulluq, insan hüquqları və gender bərabərliyi kimi məsələlərdə əhəmiyyətli rol oynadığını qeyd edib. Deputat vurğulayıb ki, təşkilat geniş proqramlar və təkmil strukturlar vasitəsilə beynəlxalq səviyyədə öz mövqeyini daha da gücləndirir.


Könül Nurullayeva ICAPP-ın sülh və əməkdaşlıq təşəbbüslərində mühüm rola malik olduğunu bildirib. O qeyd edib ki, qlobal təhlükəsizlik və beynəlxalq hüquq sistemində mövcud böhran şəraitində siyasi partiyaların dialoqa töhfə verən vasitəçi rolunun artırılması vacibdir. Deputat əlavə edib ki, təşkilatın fəaliyyətləri siyasi partiyalar arasında əməkdaşlığı gücləndirməklə yanaşı, ümumbəşəri dəyərlərin, o cümlədən sülh, təhlükəsizlik və rifahın təşviqinə xidmət edir.

“İdeoloji fərqlərə baxmayaraq, siyasi partiyaların sülh, təhlükəsizlik və inkişaf kimi ümumi dəyərləri paylaşması çox mühümdür. Bu yanaşma ICAPP-ın 12-ci Baş Assambleyasının da əsas mövzusunu təşkil edir,” – deyə Nurullayeva vurğulayıb.

Deputat Azərbaycanın sülh təşəbbüslərinin beynəlxalq aləmdə dəstəkləndiyini bildirib. Könül Nurullayeva qeyd edib ki, Azərbaycan, 30 il işğal altında qalan ərazilərində ərazi bütövlüyünü və suverenliyini bərpa etdikdən sonra, Cənubi Qafqazda dayanıqlı sülhün və əməkdaşlığın əsasını qoyub.

“Prezident İlham Əliyevin məktubunda qeyd etdiyi kimi, Azərbaycan konstruktiv sülh gündəliyini irəli sürməklə milli maraqlarına və beynəlxalq hüquq prinsiplərinə uyğun olaraq fəaliyyətini davam etdirir. Ölkəmiz həm regionda, həm də daha geniş coğrafiyada yeni əməkdaşlıq imkanları yaratmaq üçün mühüm təşəbbüslər irəli sürür,” – deyə deputat əlavə edib.

Könül Nurullayeva həmçinin ICAPP çərçivəsində keçirilən Bakı konfranslarını xatırladaraq, Azərbaycanın sülh quruculuğu proseslərində siyasi partiyaların roluna verdiyi əhəmiyyəti xüsusi qeyd edib. Onun sözlərinə görə, 2022-ci ildə Bakıda keçirilən ICAPP-ın “Təhlükəsizlik və əməkdaşlıq: Siyasi partiyaların rolu” mövzusundakı konfransı, Azərbaycanın bu sahədə lider ölkə kimi mövqeyini bir daha təsdiq edib.

“Azərbaycanın təşəbbüsləri təkcə Cənubi Qafqazda deyil, həm də Asiya regionunda uzunmüddətli sülh və sabitliyin təmin edilməsinə xidmət edir,” – deyə deputat fikirlərini tamamlayıb.

 

Maral Şahverdili

Saytın adı: www.crossmedia.az

Domen adının sahibi: "Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Mübariz Göyüşlü

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: info@crossmedia.az

Fəaliyyətə başladığı və onlayn media redaksiyası olaraq Media Reyestrinə daxil edilmə tarixi:
1 noyabr 2024-cü il