bp-nin Xəzər regionunda kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli və Azərbaycan, Gürcüstan, Türkiyə regionunda insanlar və korporativ mədəniyyət üzrə vitse-prezidenti Leyla Məmmədova Bakı Ali Neft Məktəbində (BANM) olublar.
Bu barədə Crossmedia.az BANM-a istinadən xəbər verir.
bp ilə əməkdaşlığın davamlı və məhsuldar olduğunu qeyd edən BANM-in rektoru Elmar Qasımov tələbələrin sahə üzrə praktiki biliklər qazandığını və iş imkanlarının gənc mütəxəssislərin inkişafına töhfə verdiyini bildirib.
Bəxtiyar Aslanbəyli BANM ilə əməkdaşlıqdan məmnun olduqlarını vurğulayıb və bu ali təhsil müəssisəsinin nizam-intizamını çox yüksək dəyərləndirib. Təkcə son ildə bp-nin BANM-in 15 məzununu işə götürdüyünü, son 5 ildə isə 50-dən çox tələbənin istehsalat təcrübəsində olduğunu xatırladıb. Gələcəkdə bp-nin BANM ilə əlaqələri daha da inkişaf etdirmək niyyətində olduğunu qeyd edib.
Leyla Məmmədova kadr təminatını gücləndirmək məqsədilə BANM ilə birgə layihələrin davam etdiriləcəyini diqqətə çatdırıb. O, bu cür keyfiyyətli təhsil almış və təcrübə qazanmış peşəkarları öz sıralarında görməkdən məmnun olduqlarını bildirib.
Sonda Elmar Qasımov müəllifi olduğu “Bərpa olunan enerji ehtiyatlarından istifadəyə giriş” kitabını qonağa hədiyyə edib.