Rusiya-Ukrayna müharibəsi yalnız iki ölkə arasında baş verən münaqişə deyil, həm də qlobal güclər arasında təsir mübarizəsinin simvoluna çevrilib. Bu müharibə beynəlxalq hüququn, enerji təhlükəsizliyinin və strateji balansın əsaslarını sarsıdır. Müharibənin nəticələrinin Avropa ilə məhdudlaşmadığı, yeni geosiyasi dinamikaların meydana gəlməsi ilə aydın olur. Həm Rusiya, həm də Ukrayna tərəflərinin müttəfiqlərinin güclənməsi və yeni əlaqələrin qurulması da dünya miqyasında növbəti mərhələlərdə gərginliklər və qeyri-müəyyənlikləri əsas gündəm obyektinə çevirir.
Rusiya-Ukrayna müharibəsi son zamanlar yeni və intensiv bir mərhələyə qədəm qoyub. Bu fikirləri politoloq Hüseyn İbrahimov Crossmedia.az-a verdiyi açıqlaması zamanı bildirib:
“Əvvəlki dövrlərdə münaqişənin kulminasiya nöqtəsinə çatdığı qəbul edilsə də, hazırkı proseslər müharibənin hələ də yüksək intensivlik mərhələsində olduğunu göstərir. Xüsusilə Rusiyanın daha güclü silahlarla hücuma keçməsi və Ukraynaya göstərilən beynəlxalq dəstəyin tədricən zəifləmə meyli də bu fikri təsdiqləyir”.
Onun sözlərinə görə, hazırkı mərhələdə müharibənin yumşalma dövrünə keçidi qaçılmaz görünsə də, bu keçiddən əvvəl şiddətli döyüşlərin davam edəcəyi ehtimal olunur:
“Rusiyanın hərbi strategiyası və texnoloji üstünlüyü, Ukraynanın isə hərbi və iqtisadi cəhətdən zəifləməsi münaqişənin balansını dəyişdirə biləcək əsas amillərdir. Xüsusilə son döyüşlərdə Rusiyanın NATO istehsallı silahları ələ keçirməsi və bu silahların Rusiya daxilində nümayiş etdirilməsi, ideoloji və hərbi üstünlük mesajı vermək məqsədi daşıyır. Bu addım, Rusiyanın həm daxili auditoriyasında, həm də beynəlxalq arenada üstünlük qazandırmaq cəhdini göstərir”.
H.İbrahimov həmçinin silahların nümayişinin Rusiyanın hərbi qələbələrini gücləndirmək üçün istifadə etdiyi psixoloji müharibənin tərkib hissəsi kimi qiymətləndirilə biləcəyini də diqqətə çatdırıb:
“Ukraynanın Qərb müttəfiqlərindən aldığı dəstəyin azalması tendensiyası da diqqət çəkir. Bu dəstəyin zəifləməsi Ukraynanın uzunmüddətli müdafiə qabiliyyətinə təsir edə bilər. Beynəlxalq ictimaiyyətin Ukraynaya olan dəstəyindəki bu dəyişikliklər, həm Qərbin daxili siyasi prioritetlərinin, həm də münaqişənin uzanmasının yaratdığı yorğunluğun nəticəsi kimi izah olunur”.
“Müharibənin sonrakı mərhələsində hərbi əməliyyatların daha da intensivləşməsi gözlənilir. Rusiya, hərbi və ideoloji cəhətdən üstünlük əldə etməyə çalışsa da, Ukraynanın müqavimət gücü tamamilə yox olmayıb. Lakin müharibənin ümumi gedişi, Ukraynanın iqtisadi və hərbi resurslarının tükənməsi fonunda Rusiyanın üstünlüyü ilə nəticələnə bilər. Bununla belə, Qərbin mövqeyində baş verəcək hər hansı bir yenilik və ya Ukraynaya müasir dəstək paketləri münaqişənin istiqamətini gözlənilməz şəkildə dəyişdirə bilər”.
Son olaraq H.İbrahimov onu da vurğulayıb ki, Rusiya-Ukrayna müharibəsinin bu yeni mərhələsi, həm region üçün, həm də qlobal miqyasda ciddi təsirlər doğuracaq. Münaqişənin nəticələri yalnız hərbi balansın deyil, həm də beynəlxalq siyasi münasibətlərin uzunmüddətli konfiqurasiyasını müəyyən edə bilər. Bu baxımdan, müharibənin dinamikası yalnız Rusiya və Ukrayna üçün deyil, bütün dünya üçün diqqətlə izlənilməlidir.
Aytac Bəhruzqızı