“Dendrologiya Bağı” publik hüquqi şəxsin (PHŞ) “Landşaft memarlığı və sistematika” laboratoriyasının əməkdaşları yeni dekorativ bitkilərin müxtəlif növ və sortlarının toxumla çoxaldılma xüsusiyyətlərinin öyrənilməsi üzrə tədqiqat işini həyata keçirirlər. Tədqiqat işini həyata keçirməkdə məqsəd yeni növ ağac, kol və ot bitkilərinin introduksiyası, xarici mühit amillərinə uyğunlaşdırılması və landşaft arxitekturası əsasında tətbiqidir.
Türkiyədən gətirilmiş 5 növ ( Drosanthemum floribundum (Haw.) Schwantes, Tagetes erecta L., Amaranthus caudatus L., Ageratum houstonianum Mill., Chrysanthemum indicum L.) yeni dekorativ növlərin toxumları oktyabr ayının I ongünlüyündə qapalı şəraitdə, əvvəlcədən hazırlanmış 2:1:1 nisbətində yarpaq, torf və qum qarışığı əlavə edilmiş ştil qablarına səpilmişdir. Toxumların cücərməsi üçün uyğun temperatur və işıq şəraiti təmin edilmişdir. Oktyabr ayının II ongünlüyündə 60-70% ilk cücərti, III ongünlüyündə isə 4-6 sm boy artımı qeydə alınmışdır.
Tədqiq edilən növ və sortlar rəng, forma, quruluş baxımından landşaft memarlığında rəngarəngliyi təmin etmək məqsədilə, müxtəlif kompozisiyaların tərtibatında istifadə oluna bilər. Tədqiqat işləri davam etdirilir.