Sərbəst iş rejimi, yəni frilanserlik, son illərdə əmək bazarında ən çox maraq doğuran iş modellərindən birinə çevrilib. Bu iş modeli fərdlərə öz iş qrafiklərini tənzimləmək, müxtəlif sahələrdə müştərilərlə əməkdaşlıq etmək və daha müstəqil işləmək imkanı yaradır.
Bəs frilanserlik ənənəvi iş rejimini əvəz edə bilərmi?
Mövzu ilə bağlı İqtisadçı Xalid Kərimli Crossmedia.az-a verdiyi açıqlamasında bildirib ki, frilanserlik ənənəvi iş rejimini əvəz edə bilməz:
"Təcrübə onu göstərir ki, hətta Amerikanın böyük şirkətləri distant iş rejimindən də imtina elədi. Fikirləşirdilər ki, pandemiyadan sonra distant iş rejimi həmişə qalacaq, amma imtina etdilər.
Müəyyən peşələrdə frilans şəkildə çalışmaq daha uyğundur. Amma bir adam banka gəlib müştəri ilə hansısa bir sorğusu varsa və yaxud dövlətin hansısa idarəsinə girirsə orda əməkdaş görmək istəyir.
Onlayn xidmətlər, elektron xidmətlərin genişlənməsi iş mühitində müəyyən dəyişikliklərə səbəb olur. Amma frilanserlikdə özü müəyyən seqmentdə mövcuddur və mövcud olacaq. Misal üçün, vəkillik sahəsi firlanserlik üçün ən yaxşı sahələrdən biridir. Amma tutaq ki, təyyarə sürən pilot nə cür frilanser işləsin".
İqtisadçı frilans platformalarında saxta iş təkliflərindən də danışıb. Onun sözlərinə görə, frilanser öncəliklə işlərini müqavilə ilə görməlidir:
"Əgər ödənişlərin alınmasında problem varsa, məbləğin müəyyən hissəsini avans almalıdırlar. Yəni frilanserlər də işlərin stabil, etibarlı görməlidir. Frilanser sahibkarlıqdır. Həmçinin sahibkarların riskləri filanserlərlə qarşılaşır.
Beləcə frilanser saxta iş təklifləri, ödənişlərin gecikdirilməsi və ya tamamilə ödənilməməsi kimi hallarla qarşılaşarsa hüquqi və texniki həllər mövcuddur. Məhkəməyə şikayət edə bilərlər və ya əmək müqaviləsi bağlayıblarsa, Dövlət Məşğulluq Agentliyində Əmək və Əhalinin Sosial Müdafiəsinə müraciət edə bilərlər. Amma bunun üçün müqavilələrin bağlanması şərtdir".
Elnurə Kərimova