Energetika

Azərbaycanda bərpa olunan enerji sektoruna maraq son illərdə sürətlə artıb. Xüsusilə günəş və külək enerjisi sahələrində dövlət və özəl sektorlar tərəfindən yeni layihələr həyata keçirilir. Bu təşəbbüslər Azərbaycanın enerji sektorunda diversifikasiyanı artırmaqla yanaşı, ətraf mühitin qorunmasına və karbon izinin azalmasına da töhfə verməkdədir.

Mövzu ilə bağlı ekoloq Çingiz İsmayılov Crossmedia.az-a açıqlamasında bildirib ki, bərpa olunan enerji iqtisadi inkişafın əsas trendlərindən biridir. Onun sözlərinə görə, Azərbaycanda bu sahənin inkişafı dövlət tərəfindən xüsusi olaraq dəstəklənir:

“Şirkətlərin bu sahədə iş planları hazırlaması dövlət tərəfindən müsbət qarşılanır, çünki bərpa olunan enerji Azərbaycanın növbəti on ildə əsas strateji-iqtisadi inkişaf istiqamətlərindən biri hesab olunur. Həmçinin, şirkətlər də bu sahədə dövlət dəstəyinə ehtiyac duyur, çünki yeni texnologiyaların tətbiqi dövlətin dəstəyini daha vacib edir. Eyni zamanda, bu müasir texnologiyaların tətbiqi yüksək səmərə əldə etməyə də şərait yaradır.”

Ç.İsmayılov davamlı inkişaf üçün həll olunması vacib məsələlərin mövcud olduğunu da qeyd edib:

“Məsələn, külək enerjisindən istifadədə müasir texnologiyaların gətirilməsi, quraşdırılması, istismardan çıxarılması və batareyaların utilizasiyası indidən planlaşdırılmalıdır. Bu problemlərin mərhələli həlli tələb olunur və bu sahədə davamlı dövlət dəstəyinə ehtiyac var.”

Ekoloq həmçinin vurğulayıb ki, bərpa olunan enerji təsərrüfat fəaliyyətinin bir çox sahələrini əhatə edir. Xüsusilə, sənaye səviyyəsində günəş enerjisi istehsalı üçün geniş ərazilərin ayrılması zəruridir. Dövlət dəstəyi bu ərazilərin icarəyə götürülməsi və digər çətinliklərin aradan qaldırılmasında mühüm rol oynayır. Külək enerjisi stansiyalarının qurulması da geniş sahələr tələb edir və bu enerjinin toplanması, ötürülməsi proseslərində dövlət dəstəyinin rolu da böyükdür.

Son olaraq Ç. İsmayılov qeyd edib ki, bərpa olunan enerji sahəsində əməli layihələrin həyata keçirilməsi artıq bir çox şirkətin diqqət mərkəzindədir. Dövlətin sahibkarlara verdiyi dəstəyin səmərəli şəkildə olması isə bu sahənin gələcəyini daha müsbət və dayanıqlı istiqamətdə formalaşdıracaq.

Aytac Bəhruzqızı

Saytın adı: www.crossmedia.az

Domen adının sahibi: "Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Mübariz Göyüşlü

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: info@crossmedia.az

Fəaliyyətə başladığı və onlayn media redaksiyası olaraq Media Reyestrinə daxil edilmə tarixi:
1 noyabr 2024-cü il