Səhiyyə

Ailə strukturu, bir ailənin üzvləri arasındakı münasibətləri və rol bölgüsünü müəyyən edən təşkilatdır. Nüvə ailə, genişlənmiş ailə, tək valideynli ailə və birgə ailə kimi növləri var. Cəmiyyətə və mədəniyyətə görə dəyişən bu struktur, sosial vəzifələr və əlaqələr sistemini qurur. Müasir dövrdə ailə strukturları necə dəyişir? Birgə yaşama və ya nikahsız birliklər ailə anlayışını necə dəyişir və bu cəmiyyətdə necə qəbul olunur? Yalnız valideynlər tərəfindən böyüdülən uşaqların psixoloji və sosial inkişafına təsiri nələrdir?

Mövzu ilə bağlı psixoloq Sibel Piriyeva Crossmedia.az-a açıqlamasında bildirib: "Ailə cəmiyyətin sosial strukturunun mühüm komponenti olmaqla, bir çox sosial funksiyaları yerinə yetirir və cəmiyyətin inkişafında əhəmiyyətli rol oynayan sosial institut hesab olunur. Ailənin müxtəlif tipləri və ölçüləri mövcuddur".

Azərbaycanda ailə tipləri əsasən monoqam ailələrdən ibarətdir. Ekspert qeyd edir ki, endoqamiya və ekzogamiya ailə formaları mövcuddur. Ölkəmizdə qohum nikahlar artıq qadağan edildiyi üçün ekzogamiya ailələrdə daha çox yayılıb", - deyə psixoloq bildirir.

Psixoloq Azərbaycanda mövcud ailə modelləri haqqında danışaraq qeyd edir: "Nüvə ailələr, geniş ailələr, birləşmiş və qarışıq ailələr var. Bundan əlavə, çox nadir hallarda seçməyə əsaslanan ailə tipləri də mövcuddur. Məsələn, Hollandiya həmcins nikahları qanuniləşdirmiş ilk ölkədir və daha sonra bu model altı Qərb ölkəsi tərəfindən də qəbul edilmişdir. Azərbaycanda isə bu barədə hər hansı qanunvericilik yoxdur".

Psixoloqun fikrincə, nikah kişi və qadın arasında könüllü, bərabərhüquqlu münasibətlərin dövlət səviyyəsində rəsmiləşdirilməsidir. Nikah şəxsi münasibətləri hüquqi çərçivəyə salmaq və ailə qurmaq üçün vacibdir. Nikahın pozulması isə ailənin böhran vəziyyətinə düşməsinin əsas göstəricilərindən biridir.

"Disfunksional ailələr – yəni ciddi problemlər səbəbindən funksiyalarını tam yerinə yetirə bilməyən ailələr – cəmiyyətimizdə mövcuddur. Bu vəziyyətin yaranmasına bir sıra daxili və xarici amillər səbəb olur. Maddi səbəblər: yoxsulluq, işsizlik və maddi çətinliklər. Psixoloji və mənəvi səbəblər: ailə üzvlərinin bir-birini dinləməməsi və problemləri görməzdən gəlməsi; evdə sağlam psixoloji mühitin olmaması; ailə dəyərlərinin zəif olması və fərdlərin normal şəxsiyyət kimi formalaşmaması. Disfunksional ailələrdə şəxsiyyət pozuntuları da müşahidə olunur. Bu, ailədaxili münasibətləri daha da gərginləşdirir və sağlam psixoloji mühitin yaranmasına mane olur".

Ekspert sonda əlavə edir ki, disfunksional ailələrdə böyüyən uşaqlar ciddi psixoloji travmalarla üzləşirlər.

"Tez-tez münaqişə edən valideynlərin uşaqlarında posttravmatik stress pozuntusu, aqressiya, özünə qapanma və depressiya kimi hallar müşahidə edilir. Boşanmış ailələrin uşaqlarında isə natamamlıq kompleksi – yəni yetərsizlik, dəyərsizlik və məmnunsuzluq hissləri meydana çıxır. Ailənin sağlam olması yalnız ailə üzvlərinin fiziki və maddi ehtiyaclarını ödəməklə deyil, həm də psixoloji və emosional ehtiyaclarını təmin etməklə mümkündür. Bu səbəbdən, ailə quran şəxslər bir-birini xarakter, davranış və emosional baxımdan düzgün qiymətləndirməyi bacarmalıdırlar".

Nərgiz Orucova

Saytın adı: www.crossmedia.az

Domen adının sahibi: "Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Göyüşlü Mübariz Müstəqim oğlu

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: info@crossmedia.az

Fəaliyyətə başladığı və onlayn media redaksiyası olaraq Media Reyestrinə daxil edilmə tarixi:
1 noyabr 2024-cü il